Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə “Patriot”u Ukraynaya göndərməyi düşünür
Daha bir ölkə “Patriot”u Ukraynaya göndərməyi düşünür

Rumıniya prezidenti Klaus İohannis “Patriot” raket sisteminin Ukraynaya göndərilməsini mümkünlüyünü müzakirə etməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, "Reuters" və "AP"nin məlumatına görə, Vaşinqtonda amerikalı həmkarı Co Baydenlə görüşdən sonra İohannis bildirib ki, son həftələrdə Ukraynaya "Patriot"u kimin verə biləcəyi ilə bağlı müzakirələr aparılıb.

"Prezident Bayden görüşümüz zamanı bunu qeyd etdi və mən müzakirəyə açıq olduğumu bildirdim. Mən bunu Ali Müdafiə Şurası ilə müzakirə etməliyəm ki, biz nə təklif edə bilərik və bunun müqabilində nə əldə edə bilərik, çünki Rumıniyanı da hava hücumundan müdafiəsiz qoymaq qəbul edilə bilməz", - deyə prezident vurğulayıb.

Bildiyiniz kimi, onun Ağ Evdəki görüşü, mayın 7-də baş tutub. Oval kabinetdəki görüş Rumıniyanın NATO-ya üzvlüyünün iyirmi illiyinə həsr edilməli idi. Bayden hətta “180 il əvvəl” senator olarkən Rumıniyanın NATO-ya qoşulmasını dəstəklədiyinə dair zarafat edib.

İohannis Baydenə onu qəbul etdiyinə görə təşəkkür edib və transatlantik alyansı “demokratik həyat tərzimizin təməl daşı” adlandırıb.

Ukrayna mətbuatı yazır ki, Rusiyanın Ukraynaya raket hücumlarının intensivləşməsindən sonra Almaniya ötən il verdiyi iki kompleksdən əlavə təcili olaraq daha bir "Patriot" kompleksini təhvil verməyə razılaşıb. Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna daha iki xüsusi "Patriot" kompleksi almaq üçün danışıqlar aparır.

Bu yaxınlarda Ukrayna İspaniyadan Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər alıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »