Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aclığın və soyuğun hökm sürdüyü ölkə
Aclığın və soyuğun hökm sürdüyü ölkə

Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi qeyri-müəyyən vəziyyət yaradıb. Əhali xeyli çarəsiz görünür. İnsanlar yeni istiqamətlər barədə düşünə bilmir.

Bizimyol.info xəbər verir ki, qışın gəlişi Əfqanıstanda həyatı çox ağırlaşdırıb. Dörd ildir davam edən quraqlıq əfqanları onsuz da əldən salmışdı. İndi sözün əsl mənasında aclıq başlayıb.

Əfqanıstanda ərzaq qiymətləri kəskin artıb. BMT-nun hesablamasına görə, əfqanların yalnız 5 faizi yetərincə qida qəbul edə bilir. Təşkilatın qaçqınlarla iş üzrə agentliyinin sədri Babar Baloş deyir ki, irəlidə ölkəni inanılmaz soyuq hava gözləyir.

“Temperatur -25 dərəcəyə qədər düşəcək. Yaşayış yerini dəyişən ailələrin əksərinin daimi qalmaq üçün məskəni yoxdur. Onlar üçün belə soyuqları arxada qoymaq asan olmayacaq. Əfqanıstanda humanitar böhran hər gün kəskinləşir. Ölkədə aclıq ən yüksək həddə çatıb. 23 milyon insan, yəni əhalinin 55 faizi ciddi qida çatışmazlığı ilə üzləşib. Onların 9 milyonu birbaşa aclıq çəkir”.

Əfqanıstanda işsizliyin yüksək səviyyəsi insanların həyatını iflic edib. Onlar ac qalmamaq üçün hər cür işə razıdır. Əfqanlar həyatda qalmaq naminə narkotik bitkilər becərməyə məcbur olur. Qəndəharda bu işlə məşğul olanların sayı az deyil.

Avropalı jurnalistlərlə söhbətləşən gənc deyir ki, Qəndəhara valideyləri üçün pul qazanmağa gəlib: “Əvvəllər günün birinci yarısı məktəbə gedirdim, günortadan sonra axşama qədər universitetə qəbul imtahanına hazırlaşırdım. Amma indi vəziyyət elədir ki, işləmək lazımdır”.

“Taliban”ın hakimiyyətə gəlməsi ölkəni Qərb yardımlarından məhrum edib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Asiya dövlətinə diqqəti azaldıb. Əvvəllər Qərbin ümumdaxili məhsuldakı payı 40 faizə çatırdı.

Sentyabrda Cenevrədəki konfransda Əfqanıstana 1 milyard dollar yardım edilməsi qərara alınmışdı. Məbləğin təxminən üçdəbiri ərzaq proqramlarına yönləndirilməlidir. Amma hələlik pulun kiçik hissəsi ölkəyə çatıb. Əfqanıstanın bu yardıma çox ehtiyacı var.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »