Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ata Abdullayev həmişə “iPhone” işlədirdi”
“Ata Abdullayev həmişə “iPhone” işlədirdi”

Özünü video-bloger kimi təqdim edərək, müxtəlif şəxsləri çəkib yaymaqla şantaj edib, onlardan pul tələb etməkdə ittiham olunan Ata Abdullayevin məhkəməsi davam edir. Noyabrın 16-da onun məhkəməsində şantajla əldə etdiyi “iPhone 11Pro Max” telefonunu sonradan 2450 manata satdığı telefon mağazasının işçisi Siyavuş Kərimov dindirilib.

Bizimyol.info xəbər verir ki, Ata Abdullayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baxılır. Məhkəmədə ifadə verən şahid Siyavuş Kərimov bildirib ki, Ata Abdullayevi təxminən 2006-cı ildən tanıyır. Onun yaşadığı evin yaxınlığındakı telefon mağazasında işləyir: “Ata ilə dost olmuşuq. Telefonlarını 2-3 ildən bir bizim dükanda dəyişirdi. Telefon alışı məsələsinə dükanda Azər baxırdı. Ata Abdullayev həmişə “iPhone” işlədib. Axırıncı dəfə öz telefonunun ekranı sınmışdı, onu da gətirmişdi, bir də başqa bir telefon vardı, onu da satırdı. Ya “iPhone 11” idi, ya da “iPhone 12”. Bir dəfə də Amerikadan kimsə onun üçün telefon göndərmişdi, onu da gətirib satmışdı”.

Məhkəmədə məlum olub ki, şahid Ziya Məmmədov teleqram göndərib. İşlərilə əlaqədar xaricə getdiyi üçün məhkəməyə gələ bilməyəcəyini, istintaqa verdiyi ifadəni təsdiqlədiyini vurğulayıb. İstintaqa ifadəsində isə bildirib ki, Ata Abdullayev dostu Elmar Əliyevi rüsvay etməklə hədələyib, ondan “iPhone 11Pro Max” alıb.

Hazırda zərərçəkmiş qismində tanınan Elmar Əliyev Gənclər və İdman Nazirliyinin nəzdində beynəlxalq yarışlarla bağlı Əməliyyat Komitəsinin mühasibi olub.

“Mənə zəng eləyib dedi ki, guya Elmar kimisə aldadıb, şirkətin mebellərini satıb və s. Dedim ki, Elmar əxlaqlı adamdır. Elmarla bu haqda danışanda məlum oldu ki, ona da zəng eləyib, rüsvay etməklə hədələyib. Elmar dedi ki, soruş gör nə istəyir? Soruşanda mənə dedi ki, bu məsələ 5-10 minə həll olunmaz. Elmar razılaşmadı, dedi ki, 3-4 min verə bilər. Ata Abdullayev sonra mənə dedi ki, guya mənə görə pul istəmir, “iPhone 11Pro Max” versin. Elmar telefonu aldırdı, Elgiz vasitəsilə çatdırdı”.

Ata Abdullayevin vəkili həm bu şahidin, həm də zərərçəkmiş Şahlar Həsənovun məhkəməyə çağırılıb dindirilməsini istəyib. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi olan Şahlar Həsənov da məhkəməyə teleqram göndərərək yazıb ki, səhhətindəki problemlərə görə məhkəməyə gələ bilmir. İstintaqdakı ifadəsini təsdiqləyir.

O, istintaqa ifadəsində bildirib ki, Ata Abdullayev qəsəbədəki zibilləri, məişət tullantılarını çəkib yaymaqla onu hədələyərək, 6000 manat pul tələb edib.

Vəkilin vəsatəti əsasında hakimlər icra nümayəndəsinin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb.

Məhkəmə prosesi noyabrın 30-da davam edəcək.

Ata Abdullayev 2021-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. O, hazırda da bu qurumun istintaq təcridxanasında saxlanılır. Ata Abdullayevə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. İş üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »