Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi məcburi köçkünlər hələ də zəbt etdikləri evlərdən istifadə edirlər"
"Bəzi məcburi köçkünlər hələ də zəbt etdikləri evlərdən istifadə edirlər"

Qeyd edək ki, 90-cı illərdə torpaqlarımız işğal edildiyi zaman Bakı və digər bölgələrə gələn qaçqınların müvəqqəti yaşayış yerlərinin olması üçün ölkə başçısı Heydər Əliyev bir tapşırıq vermişdi. Məcburi köçkünlər, torpaqları işğaldan azad edilənə qədər məskunlaşdığı yerlərdən çıxarıla bilməzdi. Həmin dövrdə minlərlə ev, məcburi köçkünlər tərəfindən tutulmuşdu və evlərin həqiqi sahibləri, onları evlərdən çıxarmağa çalışsa da, bu mümkün olmamışdı. Hətta köçkünlər, tutduqları mənzilləri özəlləşdirməyə də çalışmışdı.

Artıq bir ildir ki, torpaqlarımız işğaldan azad edilib. Və həmin torpaqlarda məcburi köçkünlər üçün şərait yaraılmağa başlanıb. Bərpa işləri aparılır. Bu zaman belə bir sual ortaya çıxır:

Məcburi köçkünlər yaşadıqları mənzilləri gerçək sahiblərinə qaytaracaqmı? Bu proses, həllini tapa biləcəkmi?

Əmlak məsələri üzrə ekspert Elnur Azadov Bizimyol.info saytına bildirib ki, bu məsələ hələ də həllini tapmayıb: "Bəzi məcburi köçkünlər hələ də zəbt etdikləri evlərdən istifadə edirlər. Onların qaçqın statusu ləğv edilməyənə və onlar öz dədə-baba yurdlarında yaşayış yeri ilə təmin edilməyənə qədər bu barədə danışmaq tezdir".

Ekspert hesab edir ki, 90-cı illərdə təkcə mənzillər deyil, bir çox idarələr də qaçqınlar tərəfindən tutulmuşdu. Hazırda bu problemin həll olacağına ümid var.

"Bir çox köçkünlər, yaşadıqları yerləri özlərinə məxsus olmadığı üçün təmir də etdirmirlər, xərc də qoymurlar. Kiminsə fərdi evləri, bağları, yataqxanalar, mənzillər, yarımzirzəmilər zəbt edilmişdi. İndi həmin yerlərin təmir vəziyyəti də qənaətbəxş deyil. Yəqin ki, köçkünlər öz yurd-yuvalarında mənzillərlə təmin edilsələr, özləri də sevinər. İstəyərlər ki, əmlakları bərpa edilsin, qaytarılsın" - deyə ekspert bildirib.

Mütəxəssislərə görə, mənzil sahibləri, mənzillərini köçkünlük statusu ləğv edildikdən sonra geri ala bilər. Bu proses məhkəmə yolu ilə də baş tuta bilər.

Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən çıxarılması barədə xəbər yayılmışdı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ayrıca yaşayış sahəsi olan, lakin onu üçüncü şəxslərin adına rəsmiləşdirən bəzi məcburi köçkünlərin dövlətdən əlavə yaşayış sahəsi əldə etmək istəyi baş tutub. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə, qəsəbələrdə yerləşən MKİS-lər tərəfindən mütəmadi olaraq nəzarət edilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış yaşayış massivlərində yerləşən mənzillər onların xüsusi mülkiyyətinə deyil, məhz müvəqqəti istifadəsinə təqdim edilir. Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir. Mənzilin verilməsi zamanı digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən, məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, “xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri” hesab edilir və onlar özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

Qeyd edək ki, bu gün Bakının bir çox rayonlarında Suraxanı, Nizami, Abşeron və s. rayonlarda məcburi köçkünlər və ya qaçqınların məskunlaşdığı mənzillər, obyektlər və yataqxanalar var.

Ekpsertin də qeyd etdiyi kimi, həmin yaşayış yerlərində şərait heç də qənaətbəxş deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »