Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir addım irəli, iki addım geri... Azərbaycan borclana-borclana gedir: Tendensiya çox təhlükəli görünür
Bir addım irəli, iki addım geri... Azərbaycan borclana-borclana gedir: Tendensiya çox təhlükəli görünür

Azərbaycanın həm xarici, həm də daxili borcu artır. Maliyyə Naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı məqama toxunub. Nazir xarici borcun indi 5,5 milyard dollar olduğunu, təxminən iki dəfə artması ehtimalını dilə gətirib. Samir Şərifov deyib ki, əslində, xarici borcumuz çox azdır. Yəni artırmağın zamanı gəlib.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda daxili borclanma da çoxdur. Deputat Vidadi Əhmədov bu haqda danışıb. O, yalnız xarici borcdan danışdığımızı, amma daxili borclanmanı unutduğumuzu bildirib. Vidadi Əhmədovun sözlərinə görə, əvvəllər borc 4 milyard manat idisə, indi göstərici 15 milyard manata çatır.

Xüsusilə xarici borclanmanın artması hökumət təmsilçilərini narahat etmir. Samir Şərifov açıq mətnlə deyir ki, borcun həcmini artırmaq lazımdır. Maliyyə naziri ehtiyatların 70 milyard dollara yaxınlaşmasını fəxrlə qeyd edir. Deputat Rüfət Quliyev də fərqli düşünmür. Milli Məclisin üzvü deyib ki, xarici borc götürülə bilər və haradasa götürülməlidir. Onun fikrincə, ölkəyə sərfəli şərtlərlə kredit təklif olunursa, bundan imtina etməyə dəyməz. Rüfət Quliyev iddia edir ki, hər il Azərbaycan valyuta ehtiyatlarından 3,5-4,5 faiz qazanır. Buna görə də 2 faizlik kreditə “yox” demək olmaz.

Ola bilər ki, nazirin və deputatın sözlərində həqiqət payı var. Amma tendensiya çox təhlükəli görünür. Mütəxəssislər də bu məqamı qabardır. Son illər hiss olunan odur ki, iqtisadiyyatda vəziyyət yaxşı deyil. Neft gəlirləri azalıb, bunun məntiqi nəticəsi kimi, vergi daxilolmalarında da azalma müşahidə edilir. Əhalinin sosial durumu da pisləşib. Etiraf olunmasa da, iqtisadi müstəvidə geri getdiyimiz hiss olunur. İndi də həm xarici, həm də daxili borclanma ilə bağlı xəbərlərin ortada dolaşması yaxşı bir şey vəd etmir. Sanki vəziyyət düşündüyümüzdən də pisdir. Gerçək mənzərə isə ictimaiyyətdən gizlin saxlanılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »