Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının "kölgədə" çəkilməsi, problemlərin "kölgə"yə çəkilməsi... Qaxda vəziyyəti dəyişəcəkmi?
İcra başçısının "kölgədə" çəkilməsi, problemlərin "kölgə"yə çəkilməsi... Qaxda vəziyyəti dəyişəcəkmi?

Qax Rayon İcra Hakimiyyətinin başçısı bir sıra kəndlərə gedib. Musa Şəkiliyev sakinlərlə səyyar qəbul-görüşlər keçirib. Sosial platformalarda Uzuntala kəndindəki görüşdən maraqlı şəkil ciddi müzakirəyə səbəb olub. Burada görünür ki, icra başçısı və müavinləri kölgədə, kənd sakinləri günün altında əyləşib. Sosial media istifadəçiləri Musa Şəkiliyevi çox qınayıb. İcra başçısının insanları aşağıladığını yazanlar çox olub.

Bizimyol.info xəbər verir ki, sosial platformalardakı qınaq Qax Rayon İcra Hakimiyyətinin səyyar görüşlərə münasibətini dəyişib. Növbəti kənd səfərində icra başçısı kölgəyə sakinlərlə birlikdə çəkilib. Məsələn, İngiloy Kötüklü kəndinin sakinləri ilə görüşdə onlara əziyyət verməmək qərarına gəlinib.

Musa Şəkiliyev hələ mayın əvvəllərində Qazmalar kəndinə getmişdi. Orada da görüş baş tutmuşdu. Onda insanlar evlərdən birində toplaşmışdı. Qazmalar sakinləri icra başçısına xeyli məsələdən narazılığını çatdırmışdı. Sakinlər su, yol problemini, kənddə qaz xəttinin olmamasını, ibtidai məktəbin fəaliyyətini dayandırmaq qərarını dilə gətirmişdi. Musa Şəkiliyev söz vermişdi ki, məsələlər həllini tapacaq. Hadisələrin gedişini zaman göstərəcək.

İcra başçısı Uzuntalada guya temperaturun yuxarı olmasını nəzərə alaraq görüşü açıq havada keçirmişdi. Bərbad gündə olan məktəbdən stullar gətirilib. Lakin insanlar günün altında qalıb. Onlar xeyli problemlərin həllini istəyiblər. Təsəvvür edin, Uzuntalada hələ də bəzi evlərə elektrik xətti çəkilməyib. Musa Şəkiliyev kənd məktəbinin təmirinin də zamanı çatacağını deyib.

İngiloy Kötüklüdə içməli su problemi var. Xüsusilə 25 təsərrüfat bu problemdən ciddi əziyyət çəkir. İcra başçısı bu kəndin də sakinlərinə uyğun tədbirlər görüləcəyini deyib.

İcra başçısının kəndlilərlə görüşləri göstərir ki, ucqar yerlərdə problemlər çoxdur. Belə yaşayış məntəqələri ilə daim maraqlanmaq lazımdır. Özü də çox yaxından. Onlarla eyni mühitdə əyləşmək şərtilə. Heç bir halda kənd sakinlərinə yuxarıdan aşağı baxmaq olmaz. Heç xoş mənzərə deyil. Ucqar kəndlərdə insanlar çətin həyat mübarizəsi aparır. Onların qayğıları ilə maraqlanmaq çox vacibdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »