Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ad günümdə atam böyük oyuncaq ekskavator almışdı" - Şəhid övladından məktub
"Ad günümdə atam böyük oyuncaq ekskavator almışdı" - Şəhid övladından məktub

Bir şəhid övladının Azərbaycan oxucusuna məktubu var...

Bizimyol.info, şəhid mayor Elçin Alıyevin oğlu Rəhim Alıyevin məktubunu təqdim edir:

"Mən Rəhim Elçin oğluyam. Atam Alıyev Elçin şəhid olub. Anam deyir ki, atam ehtiyata buraxılmış zabitlərdən biri, həm də artilleriyaçı idi. Atam həm də mayordu. O, Şuşa şəhərində ermənilərlə döyüşüb, onları öldürüb, sonra özü də orda şəhid olub. Atamla çox xatirələrim var. Mən axırıncı xatirələrindən danışacam.

Mən balaca olan vaxtlarda atam hərbçi işləyəndə rayonlarda qalırdıq. Hər il bir rayonda olurduq. Atam ehtiyata buraxılandan sonra Sumqayıt şəhərində yaşadıq.

İndi mənim 6 yaşım var. Bizim ailəmiz 3 nəfərdən ibarətdir. Atam, anam və mən. İndi anamla mənəm. Bir də atamın divardakı şəkilləri.

Atam uşaqları çox sevərdi. O, Vətəninə, torpağına bağlı ataydı. Mən də böyüyəndə atam kimi vətənpərvər, qəhrəman, ailəcanlı oğlan olacam. Atam boş vaxtlarında mənimlə əylənərdi, oynayardı, gəzməyə aparardı. Birlikdə maşın sürərdik, mənə istədiyimi alardı.

Keçən il mart ayının 27-si mənim ad günümdə atam böyük ekskavator oyuncağı almışdı. İşdən gələndən sonra bizi Bakıya gəzməyə apardı. Biz Qız qalasında olduq. Şəhəri gəzdik, bulvarda olduq.

İyun ayının 1-də atam mənə səhər-səhər sürpriz etdi. Zəng etdi ki, düşün həyətə. Gördüm ki, sevdiyim velosipedi alıb. Sürməyi də öyrətdi. Sonra axşam bizi bulvara apardı. Velosipedi də apardıq. Gəzdik, əyləndik, velosiped sürdük, bir yerdə oturub yemək yedik, şəkillər çəkdirdik. Onda çox xoşbəxt idim. Çünki atam da, anam da yanımdaydı.

Sonra biz Oğuz rayonuna istirahətə getdik. Ora çox sərin olur. Bir həftə atamla rayonda qaldıq. Dağları, çayları gəzdik. Şəlaləyə getdik. Dayımgildə qalırdıq. Atamı hər yerdə çox istəyirdilər. Avqust ayında atamla dənizə getdik. Qumla oynadıq, dənizdə çimdik. Atamla dəniz kənarında maşın sürdük. Çoxlu şəkillər çəkdik. Biz evə dönəndə axşam idi.

Sentyabr ayında atamla alış-verişə getdik. Atam mənə məktəb paltarı, məktəb ləvazimatları ‒ hər şey almışdı. Həm də anamla atam sevinirdi. Axı, mən məktəbə gedəcəkdim. Atam mənə "Yaraşıqlı oğlum" deyirdi. Atam demişdi ki, məni məktəbə özü aparacaq.

Oktyabr ayının 1-də məktəb başladı. Amma anamla getməli oldum. Atama səhər zəng gəldi ki, getməlidirlər. Mən çox ağladım. Dedim: "Ata, məktəbə sən apar məni". Onun döyüşə getməyindən xəbərim yox idi. Amma anam çox ağlayırdı. Atama yalvarırdı ki, getməsin, bizi tək qoymasın. Atam anamı sakitləşdirə bilmirdi. Anama dedi ki: "Hər şey yaxşı olacaq". Atam döyüşə getdi, mənsə məktəbə. Ama bizim heç kefimiz yox idi. Anama baxırdım, yol uzunu ağlayırdı. Mən də heç nə deyə bilmirdim. Sonra atamla danışmağa başladıq tez-tez. Atam hər zəngində söz verirdi ki, gələcək.

Axırıncı zəngi noyabr ayının 2-də oldu. Anamla çox danışdı. Mənlə də danışdı. Günorta saatlarında atam yenə zəng etdi. Bu dəfə mənimlə çox danışdı. Həmişəki kimi mənə söz verdi. Atam: "Erməniləri süpürə-süpürə gedirik. Məndən nigaran qalmayın. Hər şey yaxşı olacaq, dedi, dualarınızı əsirgəməyin. Sən mənim ciyərparəmsən, ürəyimsən, canımsan".

Mən atamı telefonda öpdüm, sağollaşdıq. Amma o zəngdən sonra bir daha atamın səsini eşitmədim. Anam atamı hər yerdə axtarırdı. Anam çox qorxurdu. Bir neçə gündən sonra səhər tezdən anamın qışqırığına oyandım. Bir az sonra bizdə çoxlu adamlar vardı. Sonra anam mənim paltarımı geyindirdi. Hava həm soyuq idi, həm də yağış yağırdı. Anam telefonda qışqıra-qışqıra kimlərləsə danışırdı. Mən nə olduğunu bilmirdim. Bizi maşınla apardılar. Dedilər ki, bura ŞƏHİDLƏR olan yerdi. Sonra atamın şəklini gördüm. Anam ancaq ağlayırdı. O, mənim suallarıma cavab vermirdi. Yanımdakı dayı dedi: "Atan şəhid olub". Dedim: "Atam ölüb?" Dedilər ki: "Yox, Şəhidlər ölmür". Onda bildim ki, atama heç nə olmayıb.

Atam Şəhiddi.. Çoxlu düşmənləri öldürüb. Qəhrəmanlıq edib, şəhid olub. Anam deyir ki, atam Cənnətdədir. O, gələ bilmir. Amma bizi görür, eşidir. ALLAH baba sevdiyi bəndələri öz yanına aparır. Anam çox ağlayır, mən də deyirəm: "Ana, bilirəm, atadan küsmüsən, küsmə, o, gələcək. Atam bizi heç vaxt atasız qoymaz. Gələndə bir də getməyə qoymarıq".

Amma mən atam üçün çox darıxıram, hər gün yuxuda görürəm, onun paltarıyla yatıram, onun mənə axırıncı aldığı oyuncaq maşınla yatıram. Atamı çox gözlədim. O gələndə, evimizdə nə olubsa, hamısını danışacam. Mən hər gün atamı anamdan istəyirəm. Anam mənə cavab vermir. Məni qucaqlayıb ağlayır. Bilirəm, anam da çox darıxır. Mən atama söz verdiyim kimi, anamı incitməyəcəm, ona qulaq asacam, onu darıxmağa qoymayacam, onu ağlamağa qoymayacam.

Biz atamızı çox sevirik, onu həmişə gözləyəcəyik. O, bizim ürəyimizdədi. Mən atamla fəxr edirəm. Mən söz verirəm ki, mən də atam kimi Vətənimi, torpağımı, anamı sevəcəm. Mən elə etməliyəm ki, atamın ruhu da şad olsun. Canım atam, mən səni sonuna qədər sevəcəm, sən mənim ürəyimdəsən. Sənin RƏHİMİN "...

şəhid mayor Elçin Alıyevin oğlu Rəhim Alıyev

Bu gün hər gecə atasının fotolarıyla danışan, atasının geyimlərini qucaqlayıb yatan balaca Rəhim, anası ilə Sumqayıtda bir otaqlı, rütubətli bir evdə yaşayır. Rəhimin anası Ramiyə xanım da, Rəhim də tez-tez xəstələnirlər. Bir tərəfdən atasızlıq, digər tərəfdən tez-tez xəstələnmək Rəhimin balaca qəlbinə çox təsir edir. O, yenə atasını istəyir, deyir ki, atası yanında olanda ev də darıxdırıcı olmurdu, deyir ki, atası yanında olanda ona soyuq da olmurdu. Atasının qollarının istiliyi Rəhimə bəs edirdi. İndi fotolar soyuqdu, Rəhimin üşüyən əllərini qızdıra bilmir. İndi Rəhimi öpüb qucaqlayan, hər gün sevindirən, "canım, balam" deyən atası yoxdur.

Müharibənin amansız üzüdür neçə-neçə Rəhimləri atasız qoymaq, amma biz onların başına sığal çəkməyə, atası qədər olmasa da, sevgi verməyə borcluyuq. Bu, bizim şəhidlər qarşısında borcumuzdur!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »