Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksilərin "ömrünü qaraldan" qərar, indi də problemlərdən "alışıb-yanan" avtobuslara lazımdır...
Taksilərin "ömrünü qaraldan" qərar, indi də problemlərdən "alışıb-yanan" avtobuslara lazımdır...
Artıq yaşı 15-i keçən minik avtomobillərinin taksi kimi fəaliyyət göstərməsinə icazə verilməyəcək. Belə bir məhdudiyyətin gətirilməsinə ilkin səbəb kimi vətəndaşların təhlükəsizliyinin təminatı göstərilir. Yəni yaşı keçmiş minik avtomobilləri təhlükə mənbəyi hesab olunur. Ancaq nə hikmətdirsə, ictimai nəqliyyatın bir qanadı olan şəhərdaxili avtobuslar bu yanaşmaya aid edilmir. Beləliklə, istismar müddətini tamamlamış avtobusların hələ də öz fəaliyyətini davam etdirməsinə icazə var. Amma əgər məsələ ilkin olaraq təhlükəsizlikdirsə, istismar müddəti dolmuş avtobus daha böyük təhlükədir. Xüsusilə kənar qəsəbələrdən mərkəzə doğru çalışan avtobuslar istismar müddəti və texniki problemlər baxımından üstünlük təşkil edir.

Taksilər qəfil və sərt bir qərarla nəzarətə götürüldü. Bəs hər gün yüzlərlə insan daşıyan köhnə, baxımsız, başdan-ayağa texniki problemlərlə "alışıb-yanan" avtobuslara niyə toxunulmadı? Çünki taksi xidməti pul gətirən, qazandıran sahədir. İnsanlar fərdi şəkildə taksi işlətdiklərində, ordan "yuxarı"ya çörək çıxmır. Gəlirli sahə olduğuna görə, bura təcili "əl gəzdirmək" lazım idi. Amma avtobuslar elə deyil. Çünki yeni xəttə yeni avtobus buraxmaq üçün gərək gedib pul tökəsən, investisiya ayırasan, xaricdən baha qiymətə avtobuslar alasan. Bu da görünən odur, sərf etmir. Köhnə avtobusların hələ də xəttə qalması, "Pulum cibimdə qalsın, qapı arasında qalanın da canı çıxsın, bəyənmirlərsə, taksiyə minsinlər" təfəkkürünün praktikaya yansımış halıdır. Taksilər fərdidir və hər biri üzərindən təkcə cərimə vasitəsilə nə qədər pul yığmaq olur, amma avtobuslar elə deyil, axı. Avtobuslar müəyyən qurumlar vasitəsilə birbaşa dövlətə bağlıdır və əgər yenilənməsi gərəkirsə, demək ki, yığılan o qədər pul havayı yerə xərclənəcək. Hal-hazırda ictimai nəqliyyatda belə bir şüurun hakim olduğunu görmək olur.

Elə avtobus xətləri var ki, orda çalışan avtomobillərin əyləc sistemləri sıradan çıxıb, qapısı açıldığı zaman bağlanmır, bağlandığı vaxt da açılmır. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin şəhərdaxili avtobus dayanacaqlarında onlarla belə problemli avtobuslar var. Axşamlar bu balaca və salyarka qoxan avtobuslarda güclü sıxlıq yaranır və sürücü zəng edib, dispetçerə deyir ki, "bu avtobusun əyləc sistemi işləmir, mənə niyə belə təhvil verirsiniz?! İndi mən nə etməliyəm?!" İçəridəki hər kəs bunu eşidir, görür, amma hamı "eyni qayıqda" olduğu üçün çarəsizcə "son dayanacağı" gözləyir.

Əyləc sistemi çalışmayan avtobusla kamikadze arasında mahiyyətcə heç bir fərq yoxdur. Bu avtobuslar əyləci tutmadığı üçün içindəki sərnişinlərlə birgə qəzaya düşsələr, vəzifəli şəxslərdən heç kim "nə üçün əyləc sistemi çalışmırdı?!" sualına yönlü cavab verə bilməyəcək, qurumlar malalayacaq. Yekun press-reliz də bu olacaq ki, "sürücü yuxulu olub". Yuxulu olan sürücülər deyil, bu problemə hələ də gözünü qapayan nəqliyyat xidmətləri, agentlikləri, nəzarət etməli olan digər qurumlardır.

Taksi məsələsi bir anın içində, qəfil bir qərarla öz "həllini" tapa bildisə, deməli, avtobuslar da tapa bilər. İnsanları toplu şəkildə ölümə göndərməyin.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »