Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan Xankəndiyə gəlməyin riskli olduğunu, Bakının səbrini daşıracağını anlayır”
“Paşinyan Xankəndiyə gəlməyin riskli olduğunu, Bakının səbrini daşıracağını anlayır”

Ermənistan hakimiyyəti və Xankəndidəki separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma rejimin “müstəqilliyinin” 30-cu ildönümünü qeyd etməyə hazırlaşırdı. Ermənistan KİV-i yazır ki, guya 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı separatçılar “referendum” keçirərək, Azərbaycandan ayrılmaq barədə qərar qəbul ediblər. Bu isə separatçılar üçün əlamətdar hadisə sayılır. Odur ki, bu münasibətlə separatçıların “parlament sədri” Artur Tovmasyan bu günlərdə İrəvana gedərək, Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb və həm Ermənistanın birinci şəxslərini, həm də parlamentindəki bütün fraksiya rəhbərlərini qondarma “müstəqillik günü”nə dəvət edib.

Siyasi şərhçi Bəybala Mirzəyev bizimyol.info-ya bildirib ki, rəsmi Bakı separatçı rejimin Xankəndidə “müstəqillik günü” keçirməsinə və Ermənistan rəhbərlyinin də bu avantüraya mənəvi-siyasi dəstək verməsinə qətiyyən göz yummaq fikrində deyil. “Bəziləri hesab edir ki, Azərbaycan sözügedən qondarma “müstəqillik günü” tədbirlərinin qarşısının alınması üçün bu barədə sərt ultimatum verməli, beləliklə düşmən siyasi-psixoloji pressinqə məruz qoyulmalı və küncə sıxışdırılmalıdır. Ancaq skeptiklər isə diplomatik-siyasi təzyiq metodlarının lazımi nəticə vverməyəcəyini və qarşı tərəfin bu təzyiqlərə adekvat reaksiya verməyəcəyini düşünür, odur ki, təmizləmə əməliyyatlarına start verilməsini təklif edirlər.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

Reallıqları düzgün hesablamayan bəzi maksimalist ekspertlərimiz isə həmin gün (sentyabrın 2-də) hətta qırıcı təyyarələrimizin havaya qaldırılmasını, Xankəndi səmasında uçuş həyata keçirilməsini, onlarla diplomatik deyil, hərbi yolla növbəti dəfə əyani dərs verilməsini təklif edirlər. Ancaq rəsmi Bakı isə bu məsələdə ən optimal yolu seçdi. Belə ki, Azərbaycanın Müdafiə naziri dövrəyə girdi və Orduya düşmənin mümkün təxribatlarına dərhal adekvat cavab verilməsi barədə əmr verdi”,- deyə o bildirib.

Ekspertin fikrinə görə, Zakir Həsənovun orduya “vur” əmri verməsini Xankəndidəki separatçıların məlum 2 sentyabr “şou”suna qatılmaq istəyən Ermənistan rəhbərliyinə birbaşa xəbərdarlıq kimi də dəyərləndirmək olar:

“Çünki separatçıların “müstəqillik günü”nə dair təntənəli tədbir keçirmək cəhdi öz-özlüyündə təxribatların bir növü sayılır. Daha dəqiq desək, bu əsl siyasi təxribatdır. Odur ki, rəsmi Bakı separatçıların qarşıdakı günlərdə törədə biləcəkləri siyasi və hərbi təxribatları önləmək məqsədilə, müdafiə nazirinin dili ilə onlara və Ermənistan hakimiyyətinə bir daha qətiyyətlə xəbərdarlıq etdi və eyni zamanda da ordunu hazır vəziyyətə gətirdi. Bu da normal və adekvat addımdır. Bu addımın lazımi effekti verəcəyi şəksiz idi.

Budur, nəticə artıq göz qabağındadır. Ermənistanın "Joxovurd" qəzetinin ötən gün axşam saatlarında yaydığı məlumata görə, Xankəndidə planlaşdırılan tədbirlərə nə prezident Armen Sərkisyan, nə baş nazir Nikol Paşinyan, nədəki parlament spikeri Alen Simonyan qatılmayacaq. Paşinyan ümumiyyətlə, aradan çıxmağa qərar verib. Belə ki, o, avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb. Onun Rusiyanın Soçi kurort şəhərində və ya başqa bir xarici ölkədə qısamüddətli istirahət edəcəyi bildirilir.

Beləliklə, Ermənistanın son 30 illik tarixində ilk dəfədir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyindən heç kim Qarabağdakı qondarma "müstəqillik günü" tədbirlərinə qatılmayacaq. Bunu həqiqətən də inqilabi hadisə kimi də dəyərləndirmək olar. Paşinyan həm özü Xankəndiyə getməkdən min bir bəhanə ilə yayınır, həm də öz komandasından kimlərisə Xankəndiyə göndərməyə xüsusi həvəs göstərmir. Bu mənada Paşinyan həm bizi, həm də Ermənistan ictimaiyyətini təəccübləndirir. Çünki bu adam natura etibarilə çox avantürist və çılğın bir tipə sahibdir və üstəgəl o özünü piar etməyi, daim gündəmdə qalmağı xoşlayır. Onun vaxtilə tez-tez səfərlər edib Qarabağı su yoluna döndərməyi, Şuşada “yallı” getməyi, “Qarabağ Ermənistandır, nöqtə” kimi qızışdırıcı ifadələr söyləməsi də məhz bu xasiyyətindən, avantüristliyindən irəli gəlirdi. Lakin biz bu gün Paşinyanı tamam fərqli ampluada görürük. Adam hazırda özünü rəsmən “qaz”ı alınmış bir şəxs kimi aparır. Ənənəvi Paşinyandan demək olar ki, əsər-əlamət qalmayıb. Bunu isə ilk növbədə 44 günlük müharibənin nəticəsi kimi, habelə müharibədən sonra rəsmi Bakının Ermənistan rəsmilərinin Azərbaycan ərazisi olan Qarabağa qanunsuz səfərlərinin yolverilməz olduğu barədə irəli sürdüyü açıq tələb və xəbərdarlıqların sonucu kimi səciyyələndirməliyik.

Bütün bunlardan sonra bu gün Ermənistanın birinci şəxslərinin Xankəndiyə səfər etməkdən ehtiyatlanması tamamilə anlaşılandır. Odur ki, biz bu 2 sentyabr məsələsində qaranlıq heç nə axtarmamalıyıq. Baş verənlər ikitərəfli razılaşmanın nəticəsi deyil. İndi Ermənistan rəsmiləri Qarabağa gəlməkdən həqiqətən də ehtiyat edirlər. İstəsəniz, hətta bunu onların həqiqətən də qorxması kimi də qəbul edə bilərsiniz. Ermənistanın başbilənləri artıq reallıq hissini bərpa etməyə və Azərbaycanın xəbərdarlıqlarını ciddiyə almağa başlayıblar. Onlar Azərbaycan MN-nin qarşı tərəfin təxribatlarına dərhal cavab verilməsi barədə göstərişinin gəlişigözəl söz olmadığını yaxşı başa düşürlər. Üstəgəl Paşinyan 10 noyabr razılaşmasının şərtlərinə əməl edilməsi, yerinə yetirilməsi üçün bilavasitə məsuliyyət daşıdığını da aydın dərk edir. Paşinyan 10 noyabr razılaşması ilə bağlı proseslərin “dalan”a dirəndiyi hazırki həssas məqamda Xankəndinə gəlməyin necə riskli olduğunu, bunun odun üstünə benzin tökmək kimi dəyərləndirilə biləcəyini və rəsmi Bakının səbrini daşıracağını intuitiv olaraq anlayır.

Ermənistanın baş naziri hər nə qədər çılğın və avantürist şəxs olsa da, lakin o kifayət qədər ağıllı və realist siyasətçidir. Odur ki, Paşinyanın rəsmi Bakının xəbərdarlıqlarının mümkün nəticələrini gözə alıb Xankəndiyə gəlməkdən vaz keçməsini “nə zamandan onlar bizi elə eşidib, qulaq asan olub?” kimi interpretasiya etməməliyik. Bəli, 44 günlük müharibəyə qədər işğalçı Ermənistanın gəlmiş-keçmiş rəhbərlərinin heç biri, o cümlədən Paşinyanın özü də bizi eşitmək, öz siyasətlərinə çəki-düzən vermək, işğalçı siyasətdən əl çəkmək istəmirdi. Lakin indi isə reallıqlar kökündən dəyişib. İndi onlar bizi eşitməyə məcburdur. Çünki bu gün diktə edən tərəf bizik. Bu günlərdə Gorus-Qafan yolunu müvəqqəti bağlamağımızın Ermənistanda yaratdığı siyasi təlatüm, siyasi böhran da bu söylədiklərimə əyani misaldır. Odur ki, indi Ermənistan istəməsə də belə, bizimlə hesablaşmaq zorundadır. Zamanla Ermənistan bütün şərtlərimizə boyun əyməli olacaq. Biz bu aqressiv qonşumuzu necə deyərlər, tamamilə “sındıracayıq”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »