Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarı bağrına basır, gözləri yumulur: Neyçün səni bəs unuda bilmirəm... - Video
Tarı bağrına basır, gözləri yumulur: Neyçün səni bəs unuda bilmirəm... - Video

"Ayrı düşdük, aylar ötdü, il oldu

Eşqim sənsiz bir çağlayan sel oldu

Bağça saldım, çiçək açdı, gül oldu

Neyçün səni bəs unuda bilmirəm,

Neyçün səni bəs unuda bilmirəm..."

Tarın simlərinə barmaqları toxunduqca ucalan ilahi musiqi, insanın ürəyinə axır. Musiqinin ahənginə qapılıb, bu dünyadan qopursan, gözlərində iki damla yaş gilələnir... Sanki üz-üzə oturub danışırıq.

Tarzən Rövşən Zamanov, Bakıdan kənarda Göyçayda yaşayır. Sadə, səmimi, mehriban davranışları ilə diqqət çəkən tarzən Göyçay Uşaq Musiqi Məktəbinin direktorudur. Onunla ünsiyyətdə olduqca, ataların bir məsəli yadıma düşür:

"Ağac bar verdikcə başını aşağı əyər"...

- Hər bir insanın həyatında bir səbəb olur. Mənim də tara sevgim uşaq yaşlarından yaranıb. Bu sevgini ürəyimdə əmim yaradıb. O, tarda ifa etməyi çox arzulasa da barmaqlarında problem olduğu üçün ifa edə bilməyib. Orta məktəbi fərqlənmə ilə bitirmişəm. Amma mən tarı sevirdim. Tarsız mən özümü həyatda görmürdüm. Uşaqlığımdan bu günə qədər tara sevgim var. 2008-ci ildən məktəbdə direktor vəzifəsində çalışıram. Buna baxmayaraq, hər bir anımda tar yanımdadır.

- İlk dəfə tar ifa etməyi kimdən öyrəndiniz, müəlliminiz kim oldu?

- Mənim ilk müəllimim Nizami Rəhmanovdur. O, dövrünün ən böyük sənətkarlarından olub. Mən çox böyük müəllimlərdən dərs almışam. 1969-cu ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil oldum. Həmin dövrü musiqinin çiçəkləndiyi dövr adlandırmaq olardı. Tar müəllimim Elxan Müzəffərov oldu. Mən qürur duyuram ki, mənasız yaşamamışam. Ən azından xalqıma fayda verməyə çalışmışam.

"Oxu tar, oxu tar, səni kim unudar"...

Tarı bağrına basıb, hisslərini, duyğularını simlərlə bölüşən Rövşən Zamanovun ifaları insanın ruhunu oxşayır.

- İnsan yaşlandıqca daha çox məsuliyyət hiss edir. O zamanlar 14-15 yaşımız vardı. Göyçay musiqi məktəbini fərqlənmə ilə bitirdiyim üçün bircə ixtisas imtahanı verdim. İndiki kimi yadıma gəlir, o zamanlar Möhlət Müslümovla imtahan üçün dayanmışdıq. Bir müəlliməm çıxıb dedi ki, "Zamanov Rövşən kimdir? Siz sentyabrın 1-i gələrsiniz. Mən Asəf Zeynallı adına məktəbə cəmi 1 imtahanla qəbul oldum. Aradan uzun illər keçsə də, mən unuda bilmirəm. Möhlət Müslümov, Ağasəlim Abdullayev və digərləri ilə də bu gün də dostluğumuz davam edir. Həmin dövrlərdə digər fənnlərə də üstünük verilirdi. Ancaq bir müəllimin səhvən qiymətini kəsməsi, məktəbi bitirən kimi Konservatoriyaya daxil olmağına mane olur.

Rövşən Zamanov təhsilini bitirdikdən sonra yenidən Göyçaya qayıdır. Və öz fəaliyyətini davam etdirir. Hərbi xidmətini başa vurduqdan sonra qəzetdə gördüyü bir elanla yenidən konservatoriyaya daxil olmağı düşünür. İmtahan verir və daxil olur, qiyabi təhsil almağa başlayır. Beləcə Rövşən Zamanovun uşaqlıq arzusu həyata keçir.

- 1982-ci ildə özümə bir söz verdim. Həmin dövrlərdə gitaranı evdən çıxardım. Gitara sevimli bir alətdir. Amma mən tarı sevirdim. Məni bütün rayonlarda tanıyırlar. Təbii ki, tara görə. Tar deyiləndə də mən yada düşürəm.

1969-1973-cü illərdə yad musiqilər ayaq açmışdı. Bizim sənətkarlarımız, Bakı camaatı musiqimizi qoruyub saxlaya bildi. Mən, Bakı camaatına öz təşəkkürümü bildirirəm. Ancaq hazırda musiqimizə dövlət qayğısı var. Və bunu hiss edirik.

Tarzən sevdiyi sənətin incəliklərini öyrətdiyi tələbələrindən fəxrlə danışır:

- Vaxtilə tələbələrim olub, bəli. Bugünkü musiqi məktəbimizin şagirdlərinin hamısına mənəvi dəstək və istiqamət veririk. Ən parlaq tələbələrimdən birini vurğulamaq istərdim - Vasif Arifoğlu (Bəstəkar-aranjimançı, "Vicdan haqqı" və " Aktrisa" teleserialının bəstəkarı) ....

R.Zamanov deyir ki, musiqini hiss etmək üçün ömür keçməlidir. İnsan ağrını-acını, hər şeyi yaşamalıdır ki, ifa etdiyi musiqini hiss edə bilsin. Peşəkar tarzən olmaq üçün bunu istəmək, sevmək, və bu yolda bütün əziyyətlərə qatlanmaq və ən nəhayət peşəkar tarzən olmaq üçün - ÖMÜR lazımdır.

Tarı bağrına basır, gözləri yumulur. Yenə lirik bir ifa... Neyçün səni bəs unuda bilmirəm...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »