Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pərviz mənim qardaşım deyildi, nəfəsim idi, nəfəsim getdi"
"Pərviz mənim qardaşım deyildi, nəfəsim idi, nəfəsim getdi"

Vətən mənə oğul desə, nə dərdim

Mamır olub, qayasında bitərdim...

Onlar vətən üçün canlarından keçdilər. Doğmalarına, yaxınlarına belə sirrlərini vermədilər. Çoxunun ailəsi müharibənin başlayacağından xəbərsiz idi. Çoxunun ailəsi oğul yolu, ata yolu, qardaş yolu, ər yolu gözləyirdi. Gözlənilənlər gəlmədilər. Gözlər yolda qaldı. Nəfəsini itirənlər nəffəssiz, yarını itirənlər yarım qaldı...

İkinci Qarabağ müharibəsi Azərbaycanın 3 minə yaxın igidin qanı bahasına Azərbaycanın qələbəsi ilə başa çatdı... Bu igidlərdən biri də Balabəyov Pərviz Tofiq oğludur.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu şəhid Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub. 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alan Pərviz 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə, yenidən ordu sıralarına qayıdıb. BMP zirehli texnikasında tuşlayıcı operator vəzifəsində çalışıb.

Şəhid Pərviz Balabəyov

Şəhid Pərviz Balabəyovun bacısı Günel qardaşı haqqında xatirələrini Bizimyol.info saytı ilə bölüşüb:

"Qardaşım haqqında danışmaq mənim üçün çox çətindir. Qardaşımla sonuncu dəfə sentyabrın 26-da danışmışdıq. Deyirdi ki, "narahat olmayın hər şey yaxşı olacaq. Sevdiyi qız var idi. Biz onu nişanlamağa hazırlaşırdıq. Qismət olmadı. Ayın 27-də eşitdik ki, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ayın 28-i isə gətirdilər dəfn etdik. Pərviz vətənpərvər oğul idi. Altı il idi ki, vətənə xidmət etməsinə baxmayaraq öz işindən sıxılmırdı. Hər dəfə deyirdi gələcəyəm. Amma gələ bilmirdi. Mən bu pandemiyaya nifrət edirəm. Qardaşımı bizdən uzaq saldı. Pandemiya oldu, o gələ bilmədi. Məzuniyyətə belə onları buraxmırdılar. Hər dəfə deyirdi ki, "sentyabrda məzuniyyətə gələcəm"."

Günel danışır ki, qardaşı ilə müharibədən bir gün öncə danışmasına baxmayaraq, Pərviz müharibənin olacağı barədə ailəsinə heç nə deməyib. Sadəcə iki günə gələcəyini deyən gəncin iki gün sonra ailəsinə nəşi göndərilir.

"Pərvizin tanklara marağı var idi. Ərəb dilini bilirdi. Dindar idi, namaz qılıb Quran oxuyurdu. Biz erkən yaşlarında atamızı itirmişdik. Məndən iki yaş kiçik olmasına baxmayaraq, bizim üçün ata oldu, hər şey etdi. Qardaşımı evləndirdi, məni oxutdurdu. Özü üçün heç nə edə bilmədi. Pərviz mənim qardaşım deyildi, nəfəsim idi. Nəfəsim getdi. İndi nəfəssiz qalmışam"- deyə Günel göz yaşları ilə danışır.

Şəhid Pərviz Balabəyov

Şəhid Pərviz Balabəyov, Beyləqanın "Həmlə" taborunda döyüşüb. 2020-ci il sentyabrın 27-də düşmənin bir neçə zirehli texnikasını məhv edən Pərviz qəhrəmancasına şəhid olur. Onu Hacıqabulda dəfn ediblər. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Balabəyov "Vətən uğrunda" medalı ilə təltif edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »