Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Xarici İşlər Nazirliyinin vəzifəliləri 2,5 milyonu necə mənimsəyib...
Azərbaycan Xarici İşlər Nazirliyinin vəzifəliləri 2,5 milyonu necə mənimsəyib...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının ötən ilin yayında keçirdiyi əməliyyat nəticəsində həbs olunan Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və nazirliyin Təsərrüfat şöbəsinin sabiq rəhbəri Səlim Əlizadənin işi üzrə məhkəmə istintaqı başlayıb. Onlar yalnız adı olan, heç bir fəaliyyət göstərməyən şirkətləri tenderlərdə qalib elan etməklə 2 milyon 543 min manat vəsaiti mənimsəməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, onlar hazırda ev dustaqlığındadır. İşlərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Avqustun 11-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda göstərilib ki, nazirlik üçün dəftərxana ləvazimatları, suvenirlər, hədiyyələr almaq üçün keçirilən tenderlərdə heç bir fəaliyyəti olmayan şirkətlər qalib elan edilib. Büdcədən ayrılmış vəsaitlər o şirkətlərin bank hesabına köçürülüb, sonra nağdlaşdırılaraq geri alınıb. Bu yolla 2 milyon 543 min 173 manat mənimsənilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb.

Fərhad Mollazadə və Səlim Əlizadə özünü qismən təqsirli bilib. Onlar indiki mərhələdə ifadə verməkdən imtina edib. Bildiriblər ki, zərərçəkmiş Xarici İşlər Nazirliyinin nümayəndəsi və şahidlər dindiriləndən sonra ifadə verəcəklər.

Nazirliyin nümayəndəsi ifadəsində deyib ki, ittihamda göstərilən məbləğin tam ödənilməsini tələb edirlər.

Fərhad Mollazadənin vəkili Kamandar Nəsibov bildirib ki, ziyanın bir hissəsi ödənilib.

Məhkəmədə şahidlər də dindirilib. "Muğanbank"ın əməkdaşı Rövşən Məmmədov bildirib ki, o, Səlim Əlizadəni tanıyıb: "Bankda şirkətlərin hesabları olub. Şirkətlər tenderlərdə iştirak edirdi. Onların hesabına pullar gəlirdi. Direktorları çıxarırdı. Səlim müəllim gəlib götürürdü. Mənim də qazancım o olurdu ki, bankın dövriyyəsi çox olurdu..."

Dindirmə zamanı məlum olub ki, bu əməliyyatlar Rövşən Məmmədov "Əmrahbank"da işlədiyi zaman olub.

Sözügedən şirkətlərdən birinin rəhbəri Rza Hümbətəliyev də dindirilib. O bildirib ki, adına şirkət açılsa da, heç nədən xəbəri olmayıb: "Hər şeyi Rövşən müəllim (bankın əməkdaşı-red.) həll eləyirdi. Mənə köçürülən puldan 2 faiz verirdilər. Məsələn, 100 min köçürürdülərsə, 2000 mənə verirdilər. Mən də xərcləyirdim".

Məhkəmə prosesi avqustun 18-də davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »