Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müstəqillik tarixində ən yaxşı parlament bizik”
“Müstəqillik tarixində ən yaxşı parlament bizik”

Fazil Mustafa: “Hər deputat mətbuata açıq olmağa məcbur deyil”

“Milli Məclisin buraxalacağı barədə yayılan məlumatlar tamamilə əsassızdır və buna heç bir səbəb də yoxdur”.

Bu sözləri Bizimyol.info saytına millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

“Altıncı çağırış Milli Məclis bütün çağırışlar içində ən yaxşı parlamentdir. Düşünürəm ki, Azərbaycanın müstəqillik illərində hələ belə fəal parlament olmayıb. Əvvəlki çağırışlardan fərqli olaraq, bu çağırış parlamentdə bütün şəffaflıq təmin olunub. Bütün tenderlər açıq keçirilir, aşağı “vena”lardan müxtəlif şəxslər məsul vəzifələrə gətirilib. Siz bir baxın, xanım spiker Sahibə Qafarovanın Pakistan Parlamentindəki çıxışına, Rusiya parlamentindəki çıxışına (Sahibə Qafarova 2020-ci il sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib – red.) Bütün bunları görməzdən gəlmək olmaz”, - deyə F.Mustafa qeyd edib.

Onun sözlərinə görə, son bir ildə parlament pandemiya şəraitində işləyir: “Pandemiya şəraitində yaranan bütün çətinliklərə baxmayaraq, parlament öz üzərinə düşən işi görür. Və yetərincə də fəallıq var. Pandemiya şəraitində seçicilərlə görüşə bilmirik, amma onlayn formada, zənglər vasitəsilə əlaqə saxlayırıq, onları dinləyirik. Məni sosial şəbəkələrdə də tapmaq olar. Bu yaxınlarda Sabunçu rayonunda dəniz kənarının qanunsuz hasarlanması ilə məsələ qaldırdıq, həmin məsələ prokurorluq tərəfindən araşdırılır”.

Deputat əksər həmkarlarının mətbuatdan uzaq olmasına da münasibət bildirib: “Elə bir məcburi qayda yoxdur ki, hər deputat mətbuatla danışmalı, hamıya açıq olmalıdır. Bütün dünyada belə hallar var. Adətən, parlamentdə bir neçə deputat aktiv olur, mətbuatla da daha çox onlar işləyirlər. Buna “vitrin” də deyə bilərik. Üzdə görünən deputatlar var, görünməyən deputatlar var. Yox, kimsə bizneslə məşğuldursa, o da qeyri-qanunidir, fəaliyyəti araşdırılmalıdır”.

Fazil Mustafa spiker Sahibə Qafarovanın Rusiya XİN başçısı Sergey Lavrovun qarşısında ayağa qalxması məsələsini də şərh edib: “Məsələ belə olmayıb. Lavrov görüşə gecikmişdi, otağa gələndə onlar ayağa qalxıb görüşüblər. Burada qəbahət görmürəm., diplomatik qaydalara zidd heç nə görmürəm. Qonaq gələndə oturub ona yer göstərməli deyildi ki?”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »