Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın

Sözün düzü, Hərbi Qənimətlər Muzeyində boş dəbilqələrə ilkin reaksiyam mənfi olmuşdu.

Bu dəbilqənin hər birinin arxasında bir ölüm var necə olsa da. Bu üzdən, yanlış saydım. Ancaq bunun üzərində xeyli düşündüm; mənfi reaksiya yerini qarışıq hisslərə verdi. Sonda düşünürsən ki, işğalçıya adekvat münasibət olmalıdır.

Bizim də itkilərimiz var. Amma bizim əsgər vurulub öz torpağına düşüb. Düşmən isə vurulanda yad torpağa düşüb. Bizim əsgər şərəfli məqsəd üçün döyüşüb, şəhid olub, yaralanıb. Düşmən əsgər isə başqasının olanı qəsb etmək kimi şərəfsiz bir məqsəd üçün Qarabağdaydı. Tanımadığı-etmədiyi torpaqlarda. Həmin dəbilqəsi boş qalan əsgərin Qarabağda - bizim olan, onun olmayan torpaqlarda nə işi vardı ki, indi ondan geriyə bu dəmir baş geyimi qalmış olaydı. Təbii, deyəcəksiniz ki, əsgər əmrə tabedir. Ancaq elə təkcə Xocalıda törədilənlərə baxın. Onlar yüzillərdir ki, bizə qarşı savaş açıblar; bizim olan torpaqları əlimizdən alıb özlərinə dövlət qurublar, indi Qarabağı da alıb ikincisini qurmaq istəyirlər. Boş dəbilqələrin nümayişi bizə də xoş deyil; insanıq nəticədə (əlbəttə, bu, məsələni başqa məqsədlə başqa yönlərə sapdıranlar da var). Ancaq düşünək: onlar bizdən 29 min kvadrat kilometr torpaq qəsb edib Ermənistan qurublar. İndi də hələ 4 min kvadrat kilometr ərazimizidə rus "sülhməramlı"ların köməyi ilə əldə saxlayırlar. Son yüz ildə az qala 100 min can alıblar bizdən. Yüzlərlə kəndimizi, şəhərlərimizi yer üzündən siliblər. Minlərlə soydaşımızı əsir, girov götürüb orta çağlardakından da vəhşi üsullarla işgəncə veriblər.

Orqanlarını kəsib satıblar. 20-ci əsrdə qul kimi işlədiblər. Hər cür iyrənc formalarda fiziki və mənəvi təhqir ediblər. Biz indi onların beş-on boş dəbilqəsini göstərmişik, çoxmu?! Yəni bu, həm keçmişi xatırlamaq üçün yaddaşdır, həm gələcək üçün düşmənə dərsdir. Axı biz demişdik ki, erməni əsgəri ölmək istəmirsə, çəkilib getsin torpaqlarımızdan. 30 ildə bəlkə 30 min dəfə demişik. Təkcə dövlət olaraq deməmişik, millət olaraq -hamılıqla demişik. Biz çox dedik, düşmən az eşitdi. Daha doğrusu, dinləmədi. Bu da nəticəsi! Boş dəbilqələr təkcə bu baş geyiminin öz fiziki həcminə işarə deyil, həm də bir vaxt içindəki başın tutumuna işarədir. "Ağılsız baş ayaqların düşmənidir" deyə bir deyim var. Bu da sübutu.

Bu gün hələ də bu dəbilqələrdən geyib bizə qarşı bizim torpağımızda baş qaldırmağa davam edənlər var. Biz onlara "separatçı" deyirik, "terrorçu"deyirik. Düz də deyirik. Biri sənin canına qəsd edəcək, qanına susayacaq, evini yağmalayacaq, müqəddəslərini təhqir edəcək, bunları bir yana qoyub, onun boş dəbilqəsinəmi üzüləcəksən?! Yox elə dünya! Varsa da, o dünyanın parçası deyilik. Məşhur fransız filmini - "Köhnə tüfəng"i xatırlayın. İnsanlara şəfa verən həkim Fransua evinə soxulub yağmalayan, arvadını, qızını qətl edən alman SS-çilərini niyə öldürürdü?!

İnsanların həyatlarını qurtarmaq üçün yerli xəstəxanada illərlə savaşmış cərrah özü adamları öldürdü. Bu ki Avropadır! Deməli, elə nəsnələr var ki, uğrunda ölüb-öldürmək lazım gəlir. Bu, müsəlman Şərqində də belədir, xristian Qərbində də. Odur ki, Hərbi Qənimətlər Parkındakı boş dəbilqələrə bir də dolu tərəfindən baxın. Sadəcə, bir şeyi unutmamaq şərtilə: düşmən hələ də düşməndir və onu hansısa parklarda, muzeylərdə axmaq obrazlarda göstərmək olar, amma zinhar axmaq bilməyin. Çünki düşməni axmaq bilmək onun xeyrinədir; sayıqlığımız korşala, yumruğumuz yumşala bilər. "Baharın 17 anı" filmini bu üzdən sevirəm; ruslar anladı ki, almanları ağılsız saymaq özü ağılsızlıq olar...

Belə muzeylərə gəlincə, onlar dünyanın hər yerində var.

Bu yazının içindəki şəkillər bizim deyil, Böyük Britaniyanın, Portuqaliyanın, Cənubi Koreyanın hərbi muzeylərində çəkilib.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »