Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Danışıqlar bizim şərtlərimizlə olacaq”
“Danışıqlar bizim şərtlərimizlə olacaq”

Milli Məclisin deputatı Azər Badamov: “Rusiya kanallarında səslənən fikirlər bizə maraqlı deyil”

Rusiya kanallarında Qarabağla bağlı gedən müzakirələrdə belə fikirlər səsləndirlir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənardakı 7 rayon Azərbaycana məxsusdur, amma Azərbaycan ordusu “Dağlıq Qarabağın ərazisinə daxil olmamalıdır”. Qarabağın dağlıq hissəsinə sanki Azərbaycandan kənarda bir məkan kimi yanaşan Rusiya telekanalları hesab edir ki, Xankəndi və Şuşa Rusiyanın “qırmızı xətt”dir, “status məsələsi ayrıca danışılmalıdır” və sair. Rusuya kanallarının “məntiq”indən belə çıxır ki, ermənilər statusla bağlı razı salınmalıdr və biz Xankəndinə Rusiyanın icazəsi ilə getməliyik.

Milli Məclisin deputatı Azər Badamov bu iddiaları şərh edərək deyir ki, Azərbaycan münaqişənin sülh yolu ilə azad olunmasına və danışıqlar prosesinin aparılmasına həmişə hazır olub: “Hərbi əməliyyatlar başlanana qədər danışıqlar masası üzərində olan razılaşma 5+2 rayonun işğaldan azad olunması, kommunikasiyaların açılması, Azərbaycanlı icmasınının Dağlıq Qarabağa qaytarılması və sonradan bölgəyə sülhməramlıların gətirilməsi, birgə yaşayışın təmin olunması və ststusun müzakirəsi ilə bağlı müddəaları nəzərdə tuturdu. Çox təəssüf ki, Ermənistan danışıqlar masasında müzakirə olunan məsələlərin həyata keçirilməsindən yayındı və danışıq ritorikasını dəyişdi. Düşmənin ritorikası müharibənin alovlanmasına gətirib çıxartdı. Hazırda Azərbaycanın müzəffər ordusu ölkəmizin ərazi bütövlüyünə təmin edir. Döyüş meydanında məğlub olunmuş Ermənistanın rəhbərliyi yenidən dünya ölkələri rəhbərlərinin qapılarında yalvarışla alçalmağa başlayıb. Ölkə başçımız hər zaman bəyan edib ki, biz hər zaman danışıqlara hazırıq. Bunun üçün Paşinyan Azərbaycan xalqından üzr istəməli, “Qarabağ - Azərbaycandır və nöqtə” deməlidir. Yenidən danışıqlara gedəcəyimiz halda şərtləri biz bəyan edirik. Bizim bir şərtimiz var, o da işğalçının qoşunlarının ölkəmizin ərazisini tərk etməsidir”.

Ermənistan baş nazirinin iki ölkə başçısının görüşü haqqında uğrsuz təşəbbüsünə də toxunan Azər Badamov deyib ki, ölkə rəhbərlərinin görüşləri də ola bilər, amma bütün danışıqlar Ermənistan qoşunlarının Azərbaycanı tərk etməsindən sonra başlayacaqdır: “Biz ermənilərə status verə bilərik, yoxsa yox, - bunu erməni hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılandan sonra müzakirə edilə bilər. Bu gün xarici ölkələrdən qeyri-rəsmi olaraq nə olacağı haqqında fikir söyləyənləri görürük. Bizim heç kimin ağıl verməyinə ehtiyacımız yoxdur. Ali Baş Komandanamız nə vaxt, nəyi və necə etmək lazımdırsa, lap yaxşı bilir. Ona görə də kimlərinsə söylədikləri fikirlər bizim üçün maraqlı deyil. Azərbaycanın müzəffər ordusu öz haqq işini görür və tezliklə tarixi qələbəyə imza atacayıq”.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »