Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvanın köhnə-yeni tələsi
Moskvanın köhnə-yeni tələsi

Türkiyənin olmadığı masadan imtina etməliyik

Türkiyə prosesə yenidən və daha möhtəşəm döndü. Moskvadakı humanitar atəşkəs masasında yer almamışdı. Sanki bir qədər kənara çəkilmişdi. Doğrudur, “Azərbaycanın razılaşdığına biz də razıyıq” dedilərsə də, sanki bir susqunluq, zahirən bir qırğınlıq havası da vardı. Ermənistanda və xaricdə ermənilər buna çox sevinmişdilər. Ancaq bu sevinc qısa sürdü; Türkiyə bölgədən heç yerə getməyib.

Azərbaycanın yanında idi və yenə də yanındadır. Ankara döyüşən Azərbaycana hərbi-texniki dəstəyini verib. Bu kimə sirrdir ki?! Azərbaycan Prezidentinin Türkiyənin Haber Türk kanalına müsahibəsində dediyi kimi, Türkiyənin müdafiə sənayesi inkişaf edir. Müasirləşib. Türkiyədən niyə silah almayaq?! Bölgənin o biri ölkəsindən – Rusiyadan, İrandan alırıq. Türkiyədən niyə almayaq?! Bu, çox haqlı bir fikirdir. Ermənistan və onub dəstəkçiləri belə bir spekulyativ fikri ortaya atıblar; özü Çindən dron ala bulər, biz Türkiyədən almamalıyıq sanki. Absurd bir fikir.

Bəli, Türkiyənin hərbi-texniki dəstəyi var. Bu, döyüşlərdə lazımdır. Ancaq gec-tez bu müharibə bitməldirsə, sonda sülh olasıdırsa, mütləq bir diplomatik masa qurulacaq. O masada Türkiyə də olmalıdır və olacaq. İlham Əliyevin də dediyi budur: “Türkiyənin burda iştirakı olmasa, bu məsələ həll edilə bilməz”. Əgər sülh masası qurulmayacaqsa da. Müharibə davam edəcək. Bununla da bağlı Azərbaycanın qətiyyətli mövqeyi var. Yenə elə Haber Türk kanalına Prezident Əliyev deyib: “Müharibə davam etsə, Ermənistanın bütün ordusunu məhv edəcəyik”. Yəni Ermənistanın arxasında duranlar onun tamam dağılmasını istəmirlərsə, İrəvandakı hökuməti başa salsınlar. Bu savaşda Azərbaycan onları onsuz da böyük zərərə uğradıb. Amma yenə zərərin yarısından qayıtsalar, yaxşıdır. Masaya oturub sənəd imzalasınlar, qoşunlarını çəksinlər. Və o masada mütləq Türkiyənin yeri var. Azərbaycan belə deyir.

Ilham Əliyev - Haber Türk

Haqlıdır da. Prezidentin də müsahibələrində dəfələrlə Minsk Qrupunun 1992-ci ildə qurulmuş formatının –tərkibinin və mandatının köhnəldiyi vurğulayıb. Ancaq xüsusi olaraq detallaşdırmayıb. Ancaq biz ATƏT-in Mins Qrupunun tərkibinə baxaq. Orda kimlər və nə üçün var? Həmsədrlər məlum – ABŞ, Fransa, Rusiya. Münaqişə tərəfləri də bəlli – Azərbaycan və Ermənistan. Qrupun üzvləri: Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə, Finlandiya. Hər üç həmsədr dövlətdə erməni diasporu və lobbi gücü hökumətlərin siyasi qərarlarına təsir edir. Misal üçün, Fransa Prezidenti Makron Fransanın erməni əsilli vətəndaşlarının səsini almaq üçün bütün beynəxalq hüququ da ayaqlayır keçir. Rusiya məlum: tək elə Lavrov Ermənstanın xilası üçün Ermənistanın bütün hökumətindən çox iş görür. ABŞ-la da hər şey ortada. Bu, hələ hamısı deyil. Müharibə aparan ölkələrin hər ikisnə həmsədr dövlətlər silah satır. Daha doğrusu, Ermənistana pulsuz verirlər. Niyə? Münaqişə isti qalsın. Ermənistanın Azərbaycanı təhdid etməyə əlində silahı olsun. O “vasitəçilər” də neft-qaz zəngini Azərbaycana silah satıb rahatca pul qazansınlar. Vasitəçi dediyin neytral olmalıdır. Ancaq biz Minsk Qrupu həmsədrlırinin timsalında bunun əksini görürük.

Qrupun üzvlərinə gəlincə, Almaniya son hadisələrdə Ermənistanı – təcavüzkarı dəstəkləyən bəyanat verdi. Onlar da silah satırlar. Portuqaliya, Finlandiya, Niderland, İsveç, hətta İtaliya. Bunları Qarabağla bağlı heç nə maraqlandırmır. Heç bölgədə heç bir tərəfə heç bir təsirləri yoxdur. Belarus da bizə sulah satır. Ermənistana da. Üstəlik də indiki durumunda Rusiyanın ağzına baxacaq. Bu dövlətlərin (həmsədrlər də daxil olmaqla) bəziləri ya münaqişənun qalmağında maraqlıdır, ya da Ermənistanın xeyrinə yekunlaşmasında (ki, müharibə ehtimalı həmişə olsun, silah satsınlar, burdan resurs daşısınlar). Bəziləri üçün isə heç bir fərqi yoxdur – kim ölə, kim qala.

Minsk Qrupunda bu konfliktin beynəlxalq hüquq əsasında və tezliklə bitməsində maraqlı olan tək ölkə var, o da Türkiyə. Danışıqlar olacaqsa, Türkiyənin o masada olması, hətta bu bölgədə qalıcı olması bizim “qırmızı xət”lərimizdən biri olmalı. Rusiya ilə qonşu, ticarət ortağı, iqtisadi tərəfdaş olaraq qalacağıq. Amma Moskvadan siyasi məsafəni uzatmaqda fayda var. Bunun ümün də arxalanacağımız güc Türkiyədir. Biz indiki geosiyasi kələfdə çabaladıqca, daha çox dolaşarıq. Eləcə də, Ermənistan böyük güclərin əlində dəyənək olaraq qaldıqca, qələbədən sonra da sığortalanmamışıq. Türkiyə bu məsələdə də bizə böyük dəstəkdir.

Türkiyə və Azərbaycan bayraqları Türkiyə və Azərbaycan bayraqları

Hə, bu arada deyəcəksiniz ki, Türkiyə də silah satır. Bəli, təbii ki, Ermənistana satmır. Təcavüzkara satmır, təcavüzə məruz qalana – haqlı tərəfə satır ki, öz haqqını bərpa etsin. Yəni eyni şey deyil. Türkiyə bu MQ formatındakı tək ölkədir ki, bölgədə ədalətli sülh istəyir. İndi yəqin aydın oldu ki, Rusiya və Fransa, eləcə də, başqaları məhz Türkiyənin danışıq masasında olmasını nədən istəmir.

Lavrovdan bu gün bunu soruşublar, deyib: “Türkiyə bizim strateji müttəfiqimiz deyil”.

Bunun nə dəxli var?! Fransa ilə strateji müttəfiqsiniz, yoxsa ABŞ-la?! Oturduğunuz masada hamısı Rusiyaya strateji rəqiblər deyilmi?! Nə üçünsə o masa ətrafında təkcə Türkiyə üçün yer yoxdur. Üstəlik hələ münaqişə zonasına sülhməramlılar adı ilə yenə Rusiya gəlmək istəyir. “Münaqişə zonası” dediyi də Ermənistanın deyil, Azərbaycanın ərazisidir.

Prezident Əliyev də çox yerində deyib ki, Azərbaycanın razılığı olmadan heç bir sülhməramlı gəlməyəcək. Bu məsələdə fikir ayrılığı həm də odur ki, Rusiya və Ermənistan münaqişə həll olunmazdan qabaq sülhməramlıları gətirmək istəyir, Azərbaycan, eləcə də, Türkiyə buna razı deyil. İlham Əliyevin bu günkü müsahibəsindən aydın olur ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün sona qədər gedəcək və milliyyətindən asılı olmayaraq o bölgədə Azərbaycan bayrağı altında yaşamaq istəyənlərin də təhlükəsizliyinə özü qarant olacaq. Sülhməramlı qüvvələr lazımdır, ya lazım deyil – orda baxılar.

Tamamilə haqlı və qətiyyətli mövqedir. Sülhməramlı o zaman lazım ola bilər ki, sülh olsun və sülhü qorumağa da ehtiyac olsun. Azərbaycanın özünün buna imkanları varsa, kənar qüvvəyə ehtiyacı yoxdursa, indidən nə sülhməramlılar?! Biz bu sülhməramlılar oyununun Gürcüstanda nə ilə nəticələndiyini gördük; Rusiya Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstandan bu yolla qoparıb apardı. Eyni tələyə bizi də salmaq istəyir. Buna getmək olmaz və Azərbaycan da hələ ki getmir. Yəqin ki getməyəcək də. Yoxsa Qarabağda qurban verdiyimiz bu qədər şəhidin qanı batar. Ona görə də Azərbaycan ordusunun irəli getməkdən başqa bir seçimi yoxdur. Elə xarici siyasətimizin də. Əks halda buna “hücum diplomatiyası” deyə bilmərik, heç müdafiə diplomatiyası da olmaz. Olsa-olsa, təslimçilik olar ki, orda hərb də bitir, diplomatiya da.

Müharibə bu templə və planla davam edərsə, Ermənistanın məğlubiyyətə məhkum olduğu göz qabağındadır. Azərbaycan ordusu da eyni dərəcədə qələbəyə məhkumdur. Bizim qələbədən başqa bir seçimimiz yoxdur.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »