Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnsanlar koronavirusdan yox, acından ölməkdən qorxur...”

Koronavirus səhiyyə sisteminin bərbad olduğu, yaxud ümumiyyətlə fəaliyyət göstərmədiyi Afrika ölkələrinə də çatıb. Və hələlik nisbətən ləng də olsa bütün qitəni bürüməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, mayın 24-nə qədər Afrikada cəmi 108 min yoluxma qeydə alınıb, 3200 nəfərdən çox adam ölüb. Ən çox yoluxma Cənubi Afrika Respublikasında (21.300), Misirdə, (16.500), Əlcəzairdə (8300), Nigeriyada (7500), Qanada (6600) qeydə alınıb.

Virtualaz.org xəbər verir ki, Afrika ölkələrində yaşayan, yaxud turist kimi gedib oralarda ilişib qalan xarici vətəndaşlar gördüklərini təsvir edir, polisin karantin rejimini necə tətbiq etdiyi barədə (lenta.ru) bəhs edir. Və bildirirlər ki, Afrikanın yoxsul ölkələrində insanlar koronavirusdan yox, acından ölməkdən daha çox qorxurlar və yemək tapa bilmək üçün polis gülləsindən ölmək riskini də göz önünə alırlar.

Nigeriyada yaşayan bloqer Yelena İzealanın danışdıqlarından:

-Mən Nigeriyada yaşayıram, burada mənim ailəm və uşaqlarım var. Gözlərimiz önündə 2014-cü ildə burada ölümcül “Ebola” qızdırması epidemiyası baş verdi-ölkədə heç karantin də ttbiq etmədilər, bütün bazarlar və kilsələr işləyirdi.

Koronavirus pandemiyası zamanı isə hər şey fərqli baş verir. Martın əvvəllərindən mayın əvvəllərinə qədər biz sərt karantində oturmalı olduq: evdən ərzaq dalınca çıxmağa ancaq həftənin cümə və şənbə günləri icazə verirlirdi. Qalan günlər isə hər yer bağlı olurdu. Məktəbləri online-təhsilə keçirdilər, amma burada internet trafiki çox bahadır, 15 GB internet üçün 15 dollar ödəmək lazımdır. Bu pulu ödəməyə isə çoz az adamın imkanı çatır, kasıb ailələrdən olan uşaqların necə oxuduğu isə qaranlıq qalır.

Lakin ən dəhşətlisi yerli təhlükəsizlik qüvvələrinin karantinin pozulmasına necə nəzarət etməsidir. Hərbçilər yollarda dayanmaq tələbinə əməl etməyən və ya sadəcə olaraq diqqəti cəlb edən 19 nəfəri güllələdilər. İnternetdə xəstəxanaya atasının yanına tələsən və bu səbəbdən maşını saxlamayan kişinin necə güllələndiyi barədə tükürpədici əhvalat yayılmışdı. Digərini isə ona görə güllələdilər ki, xəstə arvadına dərman almağa tələsirdi. Bu hallardan sonra ölkədə bunt başladı: insanlar yollarda hərbçiləri tuturdular və döyürdülər. Bir dəfə mən özüm silahlı toqquşma ilə qarşılaşdım. Komendant saatı bitmədən küçəyə çıxdım və dərhal məni 9 polis ekipajı əhatəyə aldı. Polislər avtomatla silahlanmışdı və onlardan biri sərxoş idi. Təcili aptekə getdiyimi izah etdim və məni buraxdılar.

Nigeriyada karantin qaydalarının pozulması hallarına qarşı radikal mübarizə aparırlar. Ötən həftə Rivers ştatında qubernatorun qoyduğu qadağaya baxmayaraq işi davam etdirən iki oteli nəinki bağlayıblar, üstəlik söküb yerlə bir ediblər. Belə ki, ştatda otel sahiblərindən birinin günahı ucbatından bütün əməkdaşlar, onların ailə üzvləri və hətta otel sahibini aparan taksi sürücüsü koronavirusa yoluxublar. Taksi sürücüsü sonradan ölüb. Bundan sonra hökumət yoxlamalar aparıb və tələb edib ki, bütün otellər fəaliyyətini dayandırsın. Fəailiyyətini dayandırmaqdan imtina edən iki oteli isə yerlə bir ediblər.

Hazırda Nigeriyanın bütün ştatlarında koronavirus yayılıb. Lakin sakinlərin çoxu hələ də başa düşmür ki, karantin nədir və onu nəyə görə tətbiq ediblər. Varlılar əvvəlki kimi evlərində məclislər təşkil ediblər, kasıblar isə çıxılmaz vəziyyətdə qalaraq bu sözlərlə küçələrə çıxırlar: “Məni güllələyə bilərsiniz, amma evdə ac uşaqlarım var”.

İnsanlar Nigeriyada koronavirusdan yox, acından ölməkdən qorxurlar. Ona görə ki, ölkədə aclıqdan hər il xeyli adam ölür. Üstəlik afrikada bir çox digər yoluxucu xəstəliklər də var-malyariya, qarın yatalağı. Və onlar hansısa yeni infeksiyadan daha çox yerli sakinlər üçün təhlükə törədir. Hazırda Nigeriyada 7500-dən çox yoluxma qeydə alınıb, lakin real rəqəmlər daha böyük ola bilər. Ölkənin şimalındakı Kano ştatında isə son bir həftədə 650-dən çox adam koronavirus əlamətləri ilə ölüb. Qəbirqazanlar deyirlər ki, onlar bir aydır gec-gündüz işləyirlər və ştatda ötən əsrin 60-cı illərində baş qaldırmış vəba epidemiyasından bəri heç vaxt bu qədər çox adam ölməmişdi. Hökumət baş verənlərlə bağlı araşdırma başladıb və ştatı tam blokadaya alıb. Lakin rəsmən ştatda cəmi 883 yoluxma, 36 ölüm qeydə alındığı bildirilir.

Latın Amerikasında koronavirus dəhşətləri: küçələr meyitlə doludur...

Cənubi Afrika Respublikasında yaşayan Yelena adlı turistin danışdıqlarından:

-Mən iki aydan çox paytaxt Yohannesburgun 300 kilometrliyindəki fermada yaşadım. Ölkəyə martda gəlmişdim, amma bir neçə gün sonra yerli prezident televiziya ilə elan etdi ki, ölkədə karantin tətbiq olunur. Qrupdakı digər turistlərlə birlikdə dərhal aerporta yollandıq, amma məlum oldu ki, bizim geriyə reysimiz ləğv edilib. Uşaqlardan bir qismi Qətərə uça bildilər və orada ilişib qaldılar, mənim biletim bir gün sonraya idi və həmin gün Rusiya da sərhədlərini bağladı.

Yohannesburqda qalmaq çox təhlükəli idi: bu, kriminal şəhərdir, dilənçi kökündə olan çoxlu əhal yaşayır. Və indi insanlar karantinə görə daha çox aclıq çəkirlər və yoldan keçənlərə hücum edib çantalarını, telefonlarını əllərindən alırlar. Prezident vətəndaşlara sosial ödəmə və ərzaq yardımı vəd edib, amma dəstək tədbirləri hamıya yetmir. Üstəlik hakimiyyət kilsələrə yoldan keçənlərin verdikləri ərzaqlar hesabına dilənçiləri, yoxsulları qidalandırmağı qadağan edib.

Hər şey ona gətirib çıxardı ki, hiddətlənmiş əhali kilsələri, məktəbləri və avtobusları yandırmağa başladı. Bu ölkədə hökumət binalarının qarşısına yığışıb tələblər səsləndirmək ənənəsi yoxdur, afrikalıların etirazları aqressiv və spontan olur. Onlar hücum edirlər, əmlakı korlayırlar, şinlərə od vururlar və qaçırlar.

Bizim rayonda ən azı yüz yoluxma qeydə alınıb, amma iri şəhərlərdə yoluxma halları daha çoxdur. Lakin hakimiyyət deyir ki, iri şəhərlərdə yoluxmanı dayandıra biliblər. Nə dərəcədə doğrudur, demək çətindir, ola bilsin burada sadəcə olaraq testlər çatışmır və afrikalılar xəstəliyi yüngül keçirirlər.

Yerli hakimiyyət başa düşür ki, sosial məsafə burada işləməyəcək. Ona görə də polis bir-birlərinə yaxın dayananları dəyənəklə döyüb qovur. Yadımdadır, bir həftə koronavirusdan 5 nəfər öldü, polisin hərəkətləri nəticəsində isə 8 nəfər həyatını itirdi.

İnsanlara maska taxmaq məcburi edilib, amma əhalinin savadı çox aşağıdır və bir çoxları anlamır ki, maskanı yumaq və dəyişmək lazımdır. Birdəfəlik maskaları həftələrlə taxırlar, onları çirkli əlləri ilə sifətlərində düzəldirlər, ona görə də bir çoxları heyrətlənir ki, burada ciddi yoluxma necə baş vermir.

Ən qorxulusu virusun iri şəhərlərin ətrafındakı gecəqondu məhəllələrinə yayılması olardı, orada insanlar faner evlərdə yaşayırlar və bir-birləri ilə sıx təmasdadır. Ona görə də virusun qarşısını almaq heç cür mümkün olmazdı.

Oleq Prixodko adlı bloqer isə Syerra-Leonedən yazır:

-Ölkədə onsuz da malyariya tüğyan edir və xeyli adam öldürür. Koronavirusa gəldikdə isə Syerra-Leonedə 700-dən çox yoluxma halının qeydə alındığı bildirilir, karantin v komendant saatı tətbiq edilib. Lakin tədbirləri sərtləşdirə bilərlər, çünki iyulda yağışlar mövsümü başlayır və hakimiyyət yoluxanların sayının bir neçə min nəfərə qədər artacağını proqnozlaşdırır.

Yerli sakinlər isə koronavirusa skeptik yanaşırlar: hesab edirlər ki, gətirilən testlər artıq “yoluxucudur” və müsbət nəticə verir. Məqsəd isə odur ki, hakimiyyət ÜST-dən koronavirusla mübarizə üçün pul alsın və həmin pulları mənimsəsin. İnsanlar bunu “koronabiznes” adlandırırlar. Deyirlər ki, bir neçə il əvvəl “Ebola” qızdırması zamanı da belə idi. Qərbi Afrika ölkələrinə böyük vəsaitlər ayırmışdılar və həmin vəsaitlərin demək olar hamısı yerli məmurlar, təşkilatlar tərəfindən oğurlanmışdı. Məsələn, həmin pullar hesabına Syerra-Leonedə bir xəstəxana belə tikməyiblər.

“Ebola” ilə koronavirusu müqayisə edən yerlilər deyirlər ki, birinci infeksiya əsasən ölkənin ucqar rayonlarında və kəndlərində yayılmışdı. Koronavirus isə əksinə, daha çox şəhərlərdə və əhalinin sıx yaşadığı yerlərdə qeydə alınır. İnsanlar yeni infeksiyadan qorxurlar, amma vəziyyət hələlik sakitdir.

Son xəbərlər
Bütün xəbərlər »