Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın günlərdə neft kəskin bahalaşacaq - Azərbaycan nə qazanacaq...

İki neft nəhəngi  - Səudiyyə Ərəbistanı və Rusiya arasında neft müharibəsi sona yaxınlaşmaqdadır. Həmişəki kimi, bu dəfə də arbitr rolunu ABŞ öz üzərinə götürüb.

Bizimyol.info xəbər verir ki, martın əvvəllərində başlamış çəkişmə neftin bir barelinin qiymətini son 18 ildə ən aşağı səviyyəyə - 20 dollardan da aşağı salmışdı. Xatırladaq ki, neftin daha da ucuzlaşmasını önləmək üçün OPEK (neft ixrac edən ölkələrin təşkilatı) hasilatı azaltmaq qərarına gəlmiş və Rusiyanı da bu tədbirə qoşulmağa, yəni hasilatı azaltmağa çağırmışdı.

Məhəmməd bin Salman Məhəmməd bin Salman

Amma Kremlin mənfi cavabı Səudiyyə şahzadəsi Məhəmməd bin Salman bin Abdulaziz Əl Saud tırıfindən qəzəblə qarşılanmışdı. Moskvanın bu davranışına cavab olaraq şahzadə bildirmişdi ki, hasilatı istənilən qədər artıracağıq. Səudiyyə öz hədələrini gerçəkləşdirməyə başlayınca dünya bazarlarında neftin qiyməti sürətlə düşməyə başladı və nəhayət, ötən ayın sonlarında son 18 ildə ən aşağı səviyyəyə düşdü.

Donald Tramp Donald Tramp

Amma bu ayın ilk günlərində ABŞ prezidenti Donald Trampın verdiyi açıqlama qiymətlərdə yuxarıya doğru sıçrayışa səbəb oldu. ABŞ lideri xəbər vermişdi ki, Səudiyyə və Rusiya hasilatı azaltmaqla bağlı razılığa gələcəklər. Daha sonra OPEK və digər neft hasilatçılarının virtual görüşü aprelin 6-na təyin edildi və Brent markalı neftin bir barelinin qiyməti təxminən 34 dollara qədər yüksəldi.

Amma bu da münasibətlərdə son cizgi olmadı. Az sonra Rusiya prezidenti Vladimir Putinin Səudiyyənin ünvanına səsləndirdiyi ittiham aprelin 6-na təyin olunmuş görüşün ertələnməsinə səbəb oldu. Virtual görüş ayın 9-na keçirildi.

Vladimir Putin Vladimir Putin

Xatırladaq ki, Putin neftin qiymətinin ucuzlaşmasında Səudiyyəni ittiham etmişdi. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı hasilatı artırmaqla qiymətləri qəsdən aşağı salıb ki, ABŞ-ın şist neft hasilatçılarını bazardan sıxışdırıb çıxarsın. Qeyd edək ki, şist neft hasilatı baha başa gələn prosesdir. Bu neftin maya dəyəri yüksək olduğuna görə onu ucuz satmaq ziyana getmək deməkdir. Bu üzdən də neftin qiymətinin ucuzlaşması həqiqətən də ABŞ-ın şist neft hasilatçılarının mövcudluğunu təhlükəyə atıb.

Səudiyyə şahzadəsi isə Putinin bu açqılamasını təxribat - yəni onun ABŞ-la münasibətlərini korlamaq cəhdi kimi qiymətləndirib. Bu gərginlikdən sonra virtual görüş bu ayın 9-na keçirilib.

Səudiyyə və Rusiyanın razılığa gəlməkdə çətinlik çəkdiklərini görən Tramp isə nəhayət, "döyüşən" tərəflərin hər ikisi üçün zərərli ola biləcək bir planını açıqlayıb. ABŞ rəhbəri öz ölkəsinə idxal olunan neftə yüksək idxal rüsumu tətbiq edəcəyini bildirib. Bununla da ABŞ ölkə daxilində neftin bahalaşmasına nail olmaqla öz şist neft hasilatçılarını qorumağı hədəfləyib. Nəticədə isə Səudiyyə və Rusiyanın neftinə tələbatın azalması hər iki neft hasilatçısına baha başa gələ bilər.

Ona görə də müşahidəçilər hesab edirlər ki, tərəflər hasilatı azaltmaq mövzusunda mütləq razılığa gəlməlidirlər. Bu razılaşma isə neftin qiymətinin qalxmasına səbəb olacaq. Ehtimal olunur ki, razılaşmadan sonra neftin qiyməti təqribən bir barel üçün 45 dollar ətrafında yer alacaq.

Bakı şəhəri Bakı şəhəri

Amma bu qiymət Azərbaycanın "Azeri Light" markalı neftinə aid deyil. Hazırkı şəraitdə Azərbaycan neftinin də Brent markalı neft kimi əhəmiyyətli dərəcədə bahalaşmasını gözləməyə dəyməz. Məsələ ondadır ki, Azərbaycan neftinə tələbat əsasən, İtaliya ilə tərəfdaşlıq üzərində qurulurdu ki, bu Avropa ölkəsində yaranmış vəziyyətdən hər kəs xəbərdardır. İkincisi isə, Azərbaycan nefti əsasən təyyarə yanacağının istehsalında istifadə olunur ki, mülki aviasiyanın indiki vəziyyətində bu məhsula tələbatın nə dərəcədə azaldığını hər birimiz başa düşürük. Dünya boyunca mülki uçuşların təxminən 90 faizi dayandırılıb. Bu baxımdan Azərbaycanın əvvəlki neft gəlirlərini bərpa etməsi üçün dünyada iqtisadi fəallıq bərpa olmalı, insanlar evlərindən çıxıb səfər etməyə başlamalıdırlar. Ümid edək ki, o gün uzaqda deyil...

Son xəbərlər
Bütün xəbərlər »