Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim başqa kimimiz var ki?!"

Baxıram ki, sosial şəbəkələrdə milli mətbuat günü ilə bağlı iki tip paylaşımlar var: dostların bir qrupu medianı bütövlükdə və (və ya) jurnalistləri ayrı-ayrılıqda təbrik edir, o biri qrup isə tənqid edir və bəzi hallarda bu, tənqid dərəcəsini də keçir.

Təbrik edənlər də, tənqid edənlər də çox sağ olsun. Tənqidləri çox adam xoşlamır. Ancaq bu, təbiidir. Çünki uman yerdən küsərlər. Haqlı tənqidləriniz çox faydalıdır. Ancaq medianın da küsən yeri var.

Normal, sivil dünyada medianın gəlirlərinin 70 faizindən çoxu reklamdan gəlir. Tutaq ki, Almaniyada reklamverənlərin 80-90 faizi və hətta daha çoxu kiçik və orta sahibkarlardır. Bu gün Şimali və Qərbi Avropa ölkələrini götürsək, qəzet oxuyanların sayı yenə kifayət qədər böyükdür. Hətta elə ölkələr var ki, reklam gəlirləri o qədər böyükdür ki, qəzetin tirajı pulsuz paylanır. Norveç də neft ölkəsidir, orda hər bir ailə qəzet alır. Bizdə durum məlumdur. Kiçik və orta sahibkarlar sinfi, demək olar ki, yoxdur. Olanlar da reklam vermir mediaya. Əksərən iqtisadiyyat inhisarda olduğu üçün, liberal, rəqabətli iqtisadiyyat olmadığından reklam bazarı da çox kiçikdir.

Hətta bu kiçik reklam bazarı da getdikcə azalır. Rəsmi statistikaya görə, 2017-ci ildə mediada reklam gəliri 58 faiz azalıb. İntetbetdə reklam 71 faizdən çox azalıb. Qəzet -jurnallarda reklam gəlirlərinin azalması 70 faizdir.

Bunlar əslində dəhşətli rəqəmlərdir. Əslində ayrı-ayrı media qurumlarında bu azalma fərqlidir. Məsələn, bizdə bu azalma 3 dəfədən çoxdur. Bizdə onsuz da reklam gəlirləri Ermənistanda və Gürcüstanda olduğundan dəfələrlə az idi (baxmayaraq ki, hər iki ölkənin ərazicə və əhalicə cəmi Azərbaycandan azdır. ÜDM-ləri də bizdən təbii olaraq azdır).

Ancaq bizdə adambaşına düşən reklam 49 qəpik, Gürcüstanda isə 9 avrodur. Yəni təqribən 20 manat. Print medianın da oxucu sayına -tirajlara görə çox geridəyik. Estoniyada adambaşına düşən reklam gəliri 51 avrodur -anlayacağınız 100 manatdan çox. Bu nə deməkdir? O deməkdir ki, bizdə medianın rekıam bazarı yox dərəcəsinə düşüb, çap mediasının oxucularının sayı azalıb. Medianın reklam gəlirlərinin azlığı və ya çoxluğu o ölkədə media azadlığının da göstəricisidir. Ancaq keyfiyyətli media həm də oxucu, izləyici sayının çoxluğundan asılıdır. İllərlə bircə dəfə qəzet almayan, saytları adda-budda izləyən bəzi dostlar, heç vaxt heç bir media orqanına reklam nədi, hətta kiçik elan verməmiş sahibkar medianı tənqid edir, "media zəifdir" deyir. Doğrudur, zəifdir, tənqidə layiqdir. Ancaq bir oxucu, bir sahibkar olaraq mediaya biz necə dəstək oluruq. Mən tez-tez kitab alıram. Hətta bəzən özüm oxuduqlarımdan alıb hədiyyə etdiyim də olub. İstəmişəm ki, az da olsa kitab naşirlərinə, müəlliflərə, redaktorlara, korrektorlara, çapçılara yardımım dəysin. Bu, dəryada damladır təbii ki. Ancaq hər kəs bir damla qatsa dərya olar.

Eynilə qəzetlərə, saytlara da dəstəyiniz lazımdır, əziz pitensial oxucularımız. Təbriklərə görə, tənqidlərə görə çox sağ olun da. Ancaq bizi təbrik və tənqid etmək yetərli deyil. Millət öz mətbuatına sahib çıxmasa, vəziyyət dəyişməyəcək.

Dəyişsə də, pisə doğru dəyişəcək. Açığını demək lazımdır ki, medianın bir hissəsi öz dövlətindən maliyyə yardımı şəklundə dəstək alır və ayaqda qalır, bir hissəsi isə xarici donorlardan qrant almaqla yaşayır. Hər iki qrup da bir-birini qınayır. Yaxşı, bəs hanı cəmiyyətimiz?! Hanı millətin mediaya maddi dəstəyi?! Deyəcəksiniz ki, millətin özünün dəstəyə ehtiyacı var. Doğrudur. Razıyam. Baxın, restoranlar, ticarət mərkəzləri, istirahət mərkəzləri dolub daşır.

Supermarketlərdə kassaların qarşısında uzun növbələr var. Toylarda qiymətlər lap fantastikadır. Xarici kurortlar azərbaycanca danışır. Daha da bol olsun. Deməyim budur ki, hər şeyə pul tapırıq, bircə qəzetə, kitaba pul tapmırıq.

Restoranda bir oturuma verilən hesaba birillik abunə dqşür. Bəzi insanlar isə hətta qəzet, sayt oxumadəqları ilə öyünürlər.Qubanın icra başçısı kimi. Böyük Sabirin dediyi o: Düşdü qəzetlər qiymətdən, ay can, ay can!" dövrünə qayıdırıq. Bunun günahı tək jurnalistlərdə deyil, bütün toplum gərək sözə, qələm sahibinə, mediaya, qəzetə, kitaba, ziyalı insanlara münasibətini dəyişsin. Bir az bizə dəstək olun ki, biz də sizə az-çox dəstək olaq. Bizim bir-birimizdən başqa kimimiz var ki?!

Son xəbərlər
Bütün xəbərlər »