Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkədə video izləyib bəyənməklə pul qazanmaq istəyən azərbaycanlılar necə aldadılıb?
Sosial şəbəkədə video izləyib bəyənməklə pul qazanmaq istəyən azərbaycanlılar necə aldadılıb?

Sosial şəbəkələr vasitəsilə pul qazanmaq istərkən aldadılanların sayı getdikcə artır. Xüsusilə “TikTok” və “Teleqram” üzərindən dələduzluqla üzləşənlərin sayı artır.

Bizimyol.info xəbər verir ki, bir qrup vətəndaş “TikTok”da hər gün 15-35 arası video izləyib, onları bəyənmək şərtilə pul qazanmağı təklif edənlərin toruna düşüb. Nəticədə öz pullarını da itiriblər.

Aldadılan vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət edərək, onlara qarşı dələduzluq edənlərin tapılıb cəzalandırılmasını, pullarının qaytarılmasını istəyirlər. Şikayətçilər bildirirlər ki, 2023-cü ilin sentyabrında təxminən 25 nəfər Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəsmi ərizə ilə müraciət ediblər, onların aldadılmasında istifadə edilən banklarla bağlı məlumatları təqdim ediblər.

Şikayətçilər araşdırmaların uzanmasından, onları aldadıb pullarını ələ keçirənlərin indiyədək cəzalandırılmamasından narazıdır: “9 aydır ki, proses uzanır. Hər dəfə bu məsələ ilə əlaqədar qurumlara müraciətdən sonra təhqiqatçı şikayətçiləri dəvət edir, sorğulara cavab gözlədiklərini deyib, yola salır. Yəni vaxt gedir, şikayətimizin nəticəsi yoxdur. Operativ şəkildə tədbir görülməlidir, kibercinayətkarlar tapılmalıdır ki, daha çox adam ziyan çəkməsin”.

Necə aldadıldıqlarına gəlincə, şikayətçilər bildirirlər ki, 2023-cü ilin mayından başlayaraq “Telegram”da iş təklifilə bağlı elan verilib. Elanda göstərilib ki, “TikTok işçi qrupu” adlı sistemə qoşularaq, hər gün bu platformada 15-35 arası video izləyib, bəyənməklə pul qazana bilərlər. Onların hesabına əməkhaqqı online qaydada köçürüləcək, amma 10 faiz gəlir vergisi tutulacaq.

Şikayətçilər iddia edir ki, qrupu yaradan və Azərbaycanda təbliğ edənlər Afrikada yaşayan azərbaycanlılardır. Konkret bir neçə nəfərin adını da çəkirlər və həmin adları polisə də təqdim etdiklərini deyirlər.

“Bir müddət ödəniş olundu. Avqustun 28-də bütün iştirakçılara məlumat göndərildi ki, guya Azərbaycanın Dövlət Vergi Xidməti o şirkətdə yoxlama aparıb, vergi bəyannaməsi tələb edib. Bütün qrup üzvlərinə deyildi ki, vergilər onların bank hesabına köçürüləcək, onlar özləri bəyan edəcəklər. Etiraz edənləri dərhal qrupdan çıxarırdılar. Ona görə biz də inandıq, məcbur olub onların dedikləri hesablara vergi adıyla öz pullarımızı göndərdik”.

Bundan sonra proqram tamamilə dayanıb və onlar aldadıldıqlarını biliblər.

Şikayətçilərin sözlərinə görə, bu dələduzluq prosesində 51 kart hesabından istifadə olunub: “Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən bildirilir ki, məhkəmələrə, mobil operatorlara, xarici platformalara sorğular göndərilib, cavab gözləyirik. Bank hesablarının bir hissəsinin sahiblərini tapıb çağırıblar. Onlar da izahatlarında deyiblər ki, guya savadsızdılar, onların avamlığından istifadə olunub. Bildiriblər ki, rayonda yaşayan adamlardır, bank hesabının mobil tətbiqini istəyiblər, onlar da icazə veriblər ki, onların tətbiqi başqasının telefonuna yüklənsin. Bunun müqabilində hesab sahiblərinə günə 5 manat pul köçürülüb”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məsələ ilə əlaqədar Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır:

“Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadıqları şəxslərə və etibar etmədikləri şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »