Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden İsrailin Rəfaha girəcəyi təqdirdə ona silah verməyi dayandıracağına söz verib
Bayden İsrailin Rəfaha girəcəyi təqdirdə ona silah verməyi dayandıracağına söz verib

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyata başlasa, ABŞ İsrailə silah tədarükünü dayandıracaq.

Bu barədə Amerika prezidenti Co Bayden CNN telekanalına müsahibəsində bildirib.

“Mən açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha daxil olsalar - hələ Rəfaha daxil olmayıblar - əgər Rəfaha daxil olsalar, o zaman silah verməyəcəyəm”, - deyə Bayden bildirib.

“Biz Dəmir Günbəz (raket əleyhinə sistem) baxımından İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəyik. Biz silah və artilleriya mərmisi vermək fikrində deyilik”, - deyə qeyd edib. O, həmçinin əlavə edib ki, onun fikrincə, İsrail Qəzza münaqişəsində hələ də qırmızı xətti keçməyib və Rəfahda əməliyyata başlamayıb.

“Mən İsrailin Baş naziri Benyamin Netanyahuya və Müharibə Kabinetinə açıq şəkildə bildirdim ki, onlar bu yaşayış məskənlərinə həqiqətən hücum etsələr, bizim dəstəyimizi almayacaqlar”, - deyə Bayden qeyd edib.

Telekanalın qeyd etdiyi kimi, ABŞ prezidentinin bu cür bəyanatları Qəzzadakı münaqişədə “dönüş nöqtəsidir”. Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, Vaşinqton Fələstinin Rəfah şəhəri ətrafında yaranmış vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir.

Mayın 7-də “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ dəqiq bombaların tədarükünü ləngitməklə İsrailə siyasi siqnal vermək məqsədi güdür. Nəşrin yazdığına görə, Demokrat Bayden İsrailə silah göndərməzdən əvvəl şərtlər qoymağı tələb edən partiya üzvlərinin təzyiqi altındadır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »