Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı

Rusiya sülhməramlı kontingenti Azərbaycandan vaxtından əvvəl çıxarılır. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini, prezidentin mətbuat katibi Dmirti Peskov bu faktı təsdiqləyiblər və şərh ediblər.

Rusiya SMK-nin Qarabağdan çıxarılması haqda qərar Azərbaycanın və Rusiyanın ali rəhbərləri arasında razılaşdırılaraq birgə qəbul olunub. Bu, Rusiya hərbi bazasını, ümumiyyətlə rus qoşunlarını öz ərazisindən çıxarmağa çalışan Ermənistana da bir növ nümunə oldu. Rusiya hərbi kontingentini öz ölkəndən çıxarmaq üçün gedib Fransaya, başqalarına yalvarıb, bölgəyə gətirməyə ehtiyac yoxdur. Bu, Rusiya və Ermənistan arasında həll oluna bilən məsələdir. Ermənistan hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da rəsmən çıxmayıb. Rusiya ikitərəfli hərbi xarakterli müqavilələri də denonsasiya etməyib. Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin Ermənistanda olmasını hüquqi baxımdan mümkün edən sazişlər də hələ qüvvəsindədir. Qalanı siyasi məsələlərdir və siyasi yolla həll oluna bilərdi. Azərbaycan aqressiv qonşusuna bir daha dərs verdi; sülh müqaviləsini də, sərhədlərin məsələsini də Bakı ilə İrəvan öz arasında birbaşa danışıqlarla, birgə qərarlarla həll edə bilər. Bunun mesajı da verilmiş oldu.

Bu qərar, bu proses - Rusiya qoşunlarının Azərbaycandan çıxarılması daxildəki skeptiklərə də bu mövzuda ayıldıcı mesajdır. Otuz illik danışıqlar zamanı skeptiklər cəmi bir məsələdə haqlı çıxdı: Ermənistan işğal etdiyi torpaqları öz xoşuna azad etməyəcək. Bunu dövlət də bilirdi. Güclü ordu quruldu. Hərbi yolla torpaqlar azad olundu. Demişdilər, prezident Əliyev bir-iki rayon ala bilsə, böyük işdir. Hamısını aldı. Deyirdilər, Şuşaya getdiyi kimi Xankəndinə də getsin. "Gedə bilməyəcək" dedilər. Amma İlham Əliyev Xankəndinə də getdi; bayraq sancdı, parad keçirdi, futbol oynadı, bayram tonqalı qaladı. Dedilər, nolsun, rus qoşunları orda qaldıqca, Qarabağ bizim sayılmaz; adı bizimdir, "dad"ı rusun. Buyurun, bu da rus qoşunu! Qarabağdan çıxır. Həm də vaxtından qabaq.

Erkin Qədirli ağıllı oğlandır; düz deyirmiş: "Yaxşı işlər yavaş-yavaş görülür".

Amma görülən bu yaxşı işləri görmək də gərək. Neqativləri tənqid etmək normaldır. Bəs pozitivləri niyə təqdir etməyək?! Kim nə deyir-desin, tarixi hadisədir, çox ciddi uğurdur. Azərbaycanın Türkiyə və türk dünyası ilə birliyinə də doğru atılmış mühüm addımdır. Mən şəxsən təqdir edirəm.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »