Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur" - Video
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur" - Video
Aprelin 14-də Memarlıq və İnşaat Universitetinə dövlət qulluğu imtahanı vermək üçün gələn vətəndaşlara onların telefon və digər şəxsi əşyalarının içəri buraxılmaması ilə bağlı xəbərdarlıq olunub. Mühafizəni təşkil edən şəxslər imtahan iştirakçılarına bildiriblər ki, içəridə şəxsi əşyaların verilməsi üçün "əmanətlər bölməsi" yoxdur, ona görə də öz əşyalarını yolun qarşı tərəfində yerləşən köşkə verə bilərlər. Həmin köşkə telefonlarını vermək istəyənlər də bu "xidmət" haqqında məlumat alıblar. Köşk işçisi bildirib ki, əmanətləri 1 manatdan "qoruyur". Bundan sonra vətəndaşlar məcbur qalıb, 1 manat qarşılığında şəxsi əşyalarını köşkə qoymalı olublar.

O vətəndaşlar ki, dövlət qulluğu İmtahanında iştirak etmək üçün ən azı 82 manat rüsum ödəyirlər. Buna rəğmən, onlara şəxsi əşyalarını qoya biləcək kiçik yer ayrılmır. Beləliklə, bu kiçik məsələnin üzərindən "kim(lər)"sə böyük pullar qazanır. Pulların köşk işçisinə, yoxsa onun orda durub "pul qırması"na şərait yaradan şəxs və ya qurumun cibinə gedib-getmədiyini deyə bilmərik. Görünən odur ki, vətəndaşı bu dəfə də ətindən, südündən və dərisindən istifadə olunan dördayaqlı yerinə qoya bildilər. Pul töküb imtahana hazırlaşıb, hətta buna görə 82 manat rüsum ödəyən vətəndaş bir də telefonunun saxlanılması üçün əlavə bir manat ödəməyə dolayı yolla məcbur qaldı.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Bizimyol.info xəbər portalına bildirilib ki, DİM-in həmin köşklə heç bir əlaqəsi yoxdur:

"İmtahana buraxılış vərəqəsində, həmçinin imtahanla bağlı təlimatda əvvəlcədən qeyd olunur ki, imtahana mobil telefon eləcə də digər əlavə əşyalar, çanta və s. gətirməyin. Bu qadağandır. Yəni imtahan iştirakçısı bununla bağlı əvvəlcədən məlumatlı olur. Əlavə əşyaların qəbulu və s. buraxılış rejimini gecikdirir və prosesə mane olur. Dünyanın istənilən yerində kütləvi imtahanlarda sənədlərdən başqa əlavə nəsə gətirməyə icazə verilmir. İkinci məsələnin isə DİM-ə heç bir aidiyyəti yoxdur" - deyə, DİM qeyd edib.

Ancaq DİM-in bu yöndə belə bir açıqlama verməsi, bir qədər gülməlidir. Vətəndaş imtahana atla, uzunqulaqla, piyada onlarla km yol yeriyərək yox, nəqliyyat vasitəsilə gəlir. Taksi sifarişini də bağıraraq yox, telefonla verməli olur. Eyni zamanda, imtahan iştirakçılarının arasında sağlamlığı məhdud olan və evdən onlar üçün nigaran qalan şəxslər də var ki, telefonlarını evdə qoyub, birbaşa harasa gedə bilmirlər. Yəni telefon günümüzdə hava, su kimi lazımlı bir vasitədir. Heç kim demir ki, imtahana cibində telefonla keçmək lazımdır. Bu, təbii ki, doğru deyil, qanun pozuntusudur. İmtahana telefonla gəlmək yox, imtahan otağına cibində, əlində telefonla daxil olmaq qadağandır. Ancaq görünür, DİM rəhbərliyinin özü də verdiyi bu qərarın mahiyyətini anlaya bilməyib. Çünki ən azından, bu əşyaları qoyacaq bir yerin ayrılması, hər halda DİM sədrinin cibini deşməzdi...

Təhsil eksperti Qoşqar Məhərrəmov imtahan iştirakçılarının üzləşdiyi bu biabrçı mənzərəni Bizimyol.info xəbər portalına şərh edib.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

"Əlbəttə, burada "əmanət bölməsi" olmalıdır. İmtahana gələn insanlar öz şəxsi əşyalarını bura təhvil verə bilməlidirlər. Necə ki, kinoteatrların, zalların və müxtəlif tədbir salonlarının qarderobu var. Belə bir məkanda da eynilə qarderoba bənzər, əmanətlər yerləşdirilə biləcəyi bir yer olmalıdır. Burada müəyyən bir güşə ayrılmalı, bir nəfər də nəzarətçi təyin edilməlidir ki, insanlar əmanətlərini oraya qoya bilsinlər. Çünki həmin işin xidmət haqqını bir mənada həmin tələbə ödəyib. Həmin xidməti alarkən, onun rahatlığı təmin olunmalı, ehtiyacı qarşılanmalıdır. Ehtiyac - əmanətin saxlanılması, suyun və karandaşın verilməsi kimi məsələlərdir.

Məsələn, Türkiyədə "Yüksek Öğretim Kurulu" (YÖK) və ona bağlı ÖSYM, yəni, "Öğrenci Seçme Yerleştirme Merkezi" var. Bu, Azərbaycandakı DİM-in qarşılığıdır. Onlar tələbələrə su, karandaş və kiçik şirniyyat verir. Və o əşyaların üzərində də yazılır ki, "əməyiniz əmanətimizdir". Tələbə, abituriyent hər kimdirsə, Dövlət İmtahan Mərkəzindən bir ödəniş qarşılığında xidmət alır. Həmin xidmətin keyfiyyətinin təminatı da DİM-in vəzifəsidir. Burada həm insanyönümlü, həm də işin yoxlanılmasının keyfiyyətindən söhbət gedir. Ona görə də düşünürəm ki, onların borcudur, öhdəliyi və vəzifəsidir ki, bu problem həll olunmalıdır. İmtahan mərkəzlərində bu istiqamətdə ayrıca məkanlar ayrılmalı və o əşyalara nəzarət edilməlidir" - deyə, təhsil eksperti qeyd edib.

Bizimyol.info xəbər portalı Memarlıq və İnşaat Universitetinin yaxınlığında sadəcə imtahanı öncəsi peyda olan "əmanət" köşkünün görüntüsünü təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »