Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin baş katibi Quterreş İsrail və İranı təmkinli olmağa çağırıb
BMT-nin baş katibi Quterreş İsrail və İranı təmkinli olmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında (TŞ) çıxışında Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün İran və İsraili maksimum təmkinli olmağa çağırıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, BMT-nin baş katibi Quterreş İsrailin çağırışı ilə təcili toplanan BMT TŞ-dəki çıxışında Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib.

“İndi təmkinli olmaq və gərginliyi azaltma zamanıdır”, - deyən Quterreş İranın hava hücumları ilə bölgədə gərginliyi daha da artırmasını pislədiyini qeyd edib.

İsrailin həmin gün İranın Dəməşqdəki diplomatik nümayəndəliyinə hücumu pislədiyini xatırladan Quterreş deyib: “Yaxın Şərqdə bir çox cəbhələrdə hərbi qarşıdurmalara səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır”.

Digər tərəfdən, Qəzzada humanitar böhranın getdikcə artdığını və bölgədə təcili atəşkəsin labüdlüyünü vurğulayan Quterreş, hər kəsin həm girovları azad etmək, həm də bölgəyə humanitar yardım çatdırmaq üçün məsuliyyət daşıdığına işarə edib. Quterreş çıxışının sonunda “Nə region, nə də dünya yeni müharibələrə dözə bilməz”, - deyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışına İranı qınamaqla başlayıb və BMT Təhlükəsizlik Şurasının İrana qarşı addım atması lazım olduğunu müdafiə edib. Vud: “İranın ehtiyatsız davranışı təkcə İsrail xalqı üçün deyil, həm də İordaniya və İraq kimi regionda BMT-yə üzv olan digər ölkələrin xalqı üçün təhlükə yaradır. Təhlükəsizlik Şurasının İranın hərəkətlərinin cavabsız qalmamasını təmin etmək öhdəliyi var”, - deyə qeyd edib.

İranın Hizbullah və Husilər kimi bölgədəki qollarından istifadə edərək beynəlxalq təhlükəsizliyi təhdid etdiyini irəli sürən Vud, İranın bölgədə gərginliyi artıran hərəkətlərinin yaxından izlənilməli və İranın BMT Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşımalı olduğunu bildirib.

Daha sonra çıxış edən İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da İranı İsrailə hücumlarına görə qınayıb və Tehranın bu hücumlara görə məsuliyyət daşımalı olduğunu müdafiə edib.

Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer də İsraili tam dəstəklədiklərini və İranı şiddətlə qınadıqlarını bildirib. Fransa təmsilçisi İranın BMT Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşıması üçün səy göstərəcəklərini bildirib.

Digər tərəfdən, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia ötən həftə İsrailin Dəməşqdə hədəfə aldığı İranın diplomatik missiyası ilə bağlı məsələni gündəmə gətirib. Nebenzia xatırladıb ki, istənilən ölkənin diplomatik missiyasının vurulması müvafiq beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır, lakin bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıranda ABŞ, Böyük Britaniya və Fransa bunu qınamaq qərarına mane olub.

Nebenzia: "İndi gördüyümüz nəticə odur ki, diplomatik nümayəndəliyə hücum beynəlxalq hüquqa görə "casus belli" (müharibə səbəbi) sayılır. Əgər bir Qərb ölkəsinin diplomatik missiyası vurulsaydı, dərhal ondan intiqam almaq barədə danışardınız”, -deyib. BMT TŞ-nin İran və İsrailə münasibətdə ikili standartlar tətbiq etdiyini əsas gətirən Nebenzia, İranın özünümüdafiə üçün hərəkət etdiyi fikrini ifadə edib.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da İsrailin İranın diplomatik missiyasına hücumunun beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu müdafiə edərək, İranın əks-hücumunun "bölgədə gərginliyin artması" baxımından narahatlıq doğurduğunu bildirib.

İran nümayəndəsi hücumları “özünümüdafiə” kimi təqdim edib. Daha sonra çıxış edən İranın BMT-dəki daimi nümayəndəsi Əli Kərimi Məkam BMT Təhlükəsizlik Şurasının İsrailin İranın Dəməşqdəki missiyasına hücumunu göməməzliyə vurduğunu deyib.

İsrailin hücumunun açıq şəkildə beynəlxalq hüququn pozulması olduğunu və ABŞ və Böyük Britaniya başda olmaqla bəzi ölkələrin bu məsələni BMT Təhlükəsizlik Şurası qarşısında əngəllədiyini izah edən Makam, İran rəhbərliyi olaraq özünümüdafiə hüququndan istifadə etdiklərini və İsraildəki hərbi obyektləri hədəfə alındıqlarını bildirib.

Bu hava hücumlarını BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq mülki şəxslərə zərər verməyəcək şəkildə planlaşdırıb təşkil etdiklərini qeyd edən İran nümayəndəsi İsrailin hücumlarının davamlı olaraq ABŞ tərəfindən BMT-nin gündəminə gətirilməsinin qarşısının alındığını bildirib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan İranın hava hücumlarını şiddətlə qınadıqlarını, onlara dəstək verən digər ölkələrə, xüsusilə ABŞ və Böyük Britaniyaya təşəkkür etdiklərini və BMT Təhlükəsizlik Şurasının İranı şiddətlə qınaması lazım olduğunu bildirib.

İranın bölgədəki siyasi ambisiyalarını reallaşdırmaq üçün bu və buna bənzər hücumları reallaşdırdığını və regional sülhü təhdid etdiyini müdafiə edən Erdan: “Beynəlxalq ictimaiyyət İranı dayandırmaq üçün hərəkətə keçməlidir”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »