Qarşıdan Ramazan bayramı gəlir. 30 gün səbrlə Ramazan orucunu tutanlar nəhayət bu ayın bayramına yetişirlər. İslam dini bayramların necə keçirilməsini buyurur? Dinimizdə bayram mədəniyyətini formalaşdıran ayə və hədislər hansılardır? Müsəlmanlar İslamın iki böyük bayramı olan Ramazan və Qurban bayramlarında hansı xeyir əməlləri görməlidirlər? Bayram namazının fəzilətləri nədən ibarətdir? Onu tək, yoxsa cəm halda qılmaq lazımdır? Bəzi hədislərdə Ramazan bayramı günündə oruc tutmağın haram hesab olunduğu barədə məlumatlar var. Bu, həqiqətdirmi? Səbəbi nədir?
İlahiyyatçı Ayaz Həşimov Bizimyol.info xəbər portalının mövzu ilə əlaqədar suallarını ətraflı şəkildə şərh edib.
"Qarşıdan Ramazan bayramı (Fitr bayramı da deyilir) gəlir. Bildiyimiz kimi, Ramazan ayının bitməsi ilə bu bayram qeyd edilir. Ümumiyyətlə, Ramazan orucunun tarixi hicrətin ikinci ilinə təsadüf edir. Həmin ildən müsəlmanların oruc tutması vacib edildi. Dinimiz bu günün keçirilmə qaydasını bizlərə zəkat çıxararaq və bayram namazı qılaraq keçirməyi tövsiyə edir. Hədislərdə vardır ki, Fitr gecəsində insan üçün ruzilər təyin edilir. Eyni zamanda, ömür müddəti və baş verən hadisələr qeyd edilir. Buna görə də, dinimizdə bəyənilən odur ki, insan həmin gecə oyaq qalıb, ibadətlə məşğul olsun. Fitr və Qurban bayramlarına baxsaq, görərik ki, hər ikisində də insanlarla bölüşmə ənənəsi var. Fitrə zəkatı çıxarılaraq və Qurban bayramında da qurban kəsilərək, insanların yanında, onların dərdinə şərik olaraq, "özüm" düşüncəsindən çıxaraq bu günləri keçirmək lazımdır. İmam Baqir əleyhissalam bir hədisində həzrəti peyğəmbərdən nəql edir ki, Şəvval ayının ilk günü yetişdiyi zaman, nida edən belə səslənər: "Ey möminlər! Öz mükafat və hədiyyələrinizi almaq üçün tələsin!"
Ardınca imam buyurur: "Allahın hədiyyə və mükafatları imkanlıların mükafatı kimi deyil". Yəni Allahın mükafatı həddən artıq böyük və mənəvi ibadət və itaətin qəbul edilməsi və ilahi razılıqdır. Fitrə zəkatı, həmçinin, təkid edilmiş vacib bir əməl və bir aylıq orucun qəbulu buna bağlanmış bir tövsiyədir. Yəni bu zəkat təkid edilmiş və bir aylıq orucun buna bağlı olduğu qeyd edilmişdi. Allah təala Qurani-Kərimin bir ayəsində belə buyurur: "Həqiqətən kim zəkat versə, Allahı xatırlasa və namaz qılsa, O, nicat tapanlardandır".
Həmçinin, bayram namazının camaatla cəm şəkildə qılınması tövsiyə edilir. Bu namazı fərdi şəkildə yerinə yetirmək də icazəlidir, ancaq daha çox tövsiyə olunan və daha bərəkətli, xeyirli olanı camaat şəklində qılınmasıdır. Eyni zamanda, onu da qeyd edək ki, həmin gündə - Ramazan bayramında insanların oruc tutması haramdır. Bu, ona görədir ki, insanlar bayrama görə açılan süfrədən istifadə etsin və hər kəslə bərabər şəkildə bu günü qeyd etsin.
Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik edir, Allahdan etdiyimiz bütün ibadətlərin qəbul edilməsini diləyirik" - deyə, ilahiyyatçı Ayaz Həşimov qeyd edib.
P.S. Biz də fürsətdən istifadə edərək, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə və dolğun, əhatəli şərhləri ilə mətbuat vasitəsilə cəmiyyəti məlumatlandıran bütün savadlı, qabiliyyətli və dürüst ilahiyyatçılara öz səmimi təşəkkür və minnətdarlığımızı bildiririk.
Mətin Şükürlü, Bizimyol.info