Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasətçi Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadıldı
Siyasətçi Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadıldı

4 aydır həbsdə olan siyasətçi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb.

Bizimyol.info xəbər verir ki, aprelin 6-da Nərimanov rayon Məhkəməsində Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirinin uzadılması üçün istintaq orqanının verdiyi təqdimata baxılıb. Prokurorun təqdimatında siyasətçinin həbsdə saxlanma müddətinin daha iki ay uzadılması istənilib.

Məhkəmədə müstəntiq bildirib ki, Tofiq Yaqublu haqqında istintaqın gedişində ekspertizalar təyin edilib. Lakin hələlik ekspertizaların cavabları gəlib çıxmayıb. Bu üzdən hələ ki, istintaqı yekunlaşdırmaq mümkün olmayıb. İstintaq getdiyi müddətdə isə Tofiq Yaqublu həbsdə qalmalıdır. Əks halda, istintaqdan yayına bilər, şahidlərə və digər proses iştirakçılarına təsir göstərər.

Tofiq Yaqublu və vəkili isə əksinə, təqdimatın təmin olunmamasını istəyiblər. Təqsirləndirilən siyasətçi bildirib ki, heç bir cinayət törətmədiyi halda, 4 aydır ki, həbsdədir. Onun sözlərinə görə, nəinki həbs qətimkan tədbirinin uzadılması, indiyədək həbsdə saxlanması da qanunsuzdur. Tofiq Yaqublu dələduzluqda ittiham olunmasını “absurd” adlandırıb.

Hakim isə sonda təqdimatı təmin edib və Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirinin müddəti iyunun 14-nə qədər uzadılıb.

Vəkil Nemət Kərimli Bizimyol.info portalına bildirib ki, Nərimanov rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcək.

“Tofiq Yaqublu heç bir cinayət törətmədiyi halda, qanunsuz və əsassız olaraq, həbsdə saxlanılır. Təqdimatın təmin olunması o deməkdir ki, bu qanunsuzluq hələ iki ay da davam edəcək”, - vəkil bildirib.

Tofiq Yaqublu dekabrın 14-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham edilərək, həbs olunub O, kimlərisə xaricə göndərmək adıyla pul almaqda ittiham olunur.

Siyasətçinin ailə üzvləri mediaya müsahibələrində bu ittihamın yalan olduğunu bildirib. Qızı Nigar Həzi bildirib ki, zaman-zaman başqa fəalların həbsində iştirakı olan, özü dələduzluğa görə məhkum edilən birindən istifadə edərək, Tofiq Yaqublunu şərləyiblər:

“Guya xaricə getmək istəyən bir nəfər ona pul verib. O da vasitəçilik edib, pulu atama verib. Ümumiyyətlə, belə bir hadisə olmayıb, yalandır, şər-böhtandır”.

Siyasətçi bundan əvvəl də bir neçə dəfə uzunmüddətli və qısamüddətli həbs həyatı yaşayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »