Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansısa ölkənin mini model cəmiyyətinə çevrilməsək də, "vedrəqoşan" cəmiyyət ritorikasından çıxaq...
Hansısa ölkənin mini model cəmiyyətinə çevrilməsək də, "vedrəqoşan" cəmiyyət ritorikasından çıxaq...

Bir neçə gün öncə Bakı metropoliteninin deposuna hansısa yolla daxil olub, vaqonlara boyalarla qəsdən ziyan vuran üç xarici ölkə vətəndaşı nəhayət ki, saxlanıldı. Məlumata görə, onlar Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları olublar. Dəymiş ziyanın miqdarının 4850 manat olduğu müəyyən edilib və saxlanılan şəxslər dövlət əmlakını qəsdən zədələdiyinə görə məhkəməyə çıxarılacaqlar.

...Bu hadisə baş verən gün sosial şəbəkələrdə maraqla qarşılandı, amma ciddi qəbul edilmədi. Metro deposuna girən üç xarici vətəndaşdan "üçtərəfli lətifə" düzəldib, əylənildi, deyib-gülündü, "indi bizimkilər etmiş olsaydı, onları bölməyə aparıb..." kimi ifadələr, sarkazmlar bitmək, tükənmək bilmədi.

Fərqindəyikmi bilmirəm, amma Rusiyanın paytaxtı Moskvada 145 nəfərin ölümü ilə nəticələnən terrordan heç 15 gün keçməyib və biz yaşadığımız coğrafiyada hansı təhlükələrlə üz-üzəyik, onu anlamaq istəmirik. Şimal və Cənub qonşuluğumuzdakı ölkələri terror aktları artıq qan çanağına döndərir. Ancaq biz hələ də lətifələrlə, yumorlarla "bəyənmə" xəstəliyinə tutulmuşuq. Hər şeyə, hər ciddi məsələyə "vedrəqoşan" olmuşuq.

Günahı, nöqsanı nə metropoliten rəhbərliyində, nə də hüquq-mühafizə orqanlarında axtarmaqla məsələ həllini tapmır. O qurumların öz işinə ciddi yanaşmasını təşkil edən cəmiyyətin özüdür və özü olmalıdır. Cəmiyyət terror aktına dönə biləcək istənilən hadisəyə əgər yumor donu geyindirib, onu əyləncə vasitəsinə çevirirsə, o cəmiyyətin qurumu da, mühafizəsi də elə özü kimi olacaq. Maşinisti hadisəyə güləcək, polisi güləcək... çünki çoxumuz gülürük. Tədirgin olunmalı, narahat qalınmalı, sorğulanmalı nə qədər hadisə varsa, hamısına gülürük. Ciddiyətimizi itirmişik, ciddi düşünə, ciddi davrana bilmirik. Dövlətin ən strateji nöqtələrindən biri olan metropolitenə, onun deposuna bu ölkəni heç xəritədə axtarsa, tapa bilməyəcək tutumda olan üç nəfər xarici ölkə vətəndaşı gedib girir və biz onu "...Bir gün bir fransalı, bir avstriyalı, bir zellandiyalı" edib, lağ-lağa vasitəsinə döndəririk.

Bir cəmiyyətin çöküşü, başına gələn bəlalar onun öz ciddiyətini itirməsi ilə başlayır. Qonşuluğumuzdakı qardaş Türkiyə coğrafiyamızın terrordan ən çox əziyyət çəkən ölkələrindən biri, bəlkə də elə birincisi olub. Bu ölkədə onillərlə terror susmayıb, qan dayanmayıb və artıq türkiyəlilər qədər terrora, anarxiyaya həssas yanaşan ikinci bir cəmiyyət bəlkə də yoxdur. O ölkənin cəmiyyəti belə məqamları qətiyyən zarafat mövzusuna çevirmir, ona 1-ci dərəcəli təhlükəsizlik məsələsi kim yanaşır və hadisənin baş verməsinə şərait yaratmış, göz yummuş, səhlənkar yanaşmış böyüyündən kiçiyinə nə qədər məsul qurum, şəxs varsa, hamısını bir-bir ifşa edib, "gözünü deşirlər".

Ordumuzu Türkiyənin mini modelinə çevirməyə çalışırıq. Dövlət bunun üçün ciddi məbləğlərdə vəsaitlər ayırır. Cəmiyyətin də modelləri olur. Mən demirəm, gedib biz də hansısa ölkənin mini model cəmiyyətinə çevrilək, xeyr! Dediyim odur ki, lağ-lağı, "vedrəqoşan" cəmiyyət ritorikasından çıxaq, bir az ciddiləşək.

Sosial şəbəkələr, məlumat bazasından daha çox, bir nəbz yoxlama vasitəsidir. Bir hadisə baş verməmişdən öncə onu sosial şəbəkələr vasitəsilə "prob" edib, cəmiyyətin buna reaksiyasını yoxlayırlar. Necə ki, Hesablama Palatası, pandemiya dövründə TƏBİB, Azəriqaz, Azərsu qiymət artımından öncə nəbz yoxlamaları edirsə, bax, elə! Ortaya bir məlumat atılır, yaxud da birmənalı olmayan fəaliyyətlər icra olunur və daha sonra cəmiyyətin o məsələyə verəcəyi reaksiya yoxlanılır.

Budəfəki reaksiyamızla yenə ciddiyətsizliyimizi, laqeydliyimizi ortaya qoyduq. Dumanlı havanın tən ortasındayıq və dumanın içində gizlənib. Azərbaycanı pusanlar gördü ki, onun cəmiyyətinin "həyəcan siqnalı" özünü çoxdan "yumor səhnəciyi" ilə əvəz edib. Ümid edirəm ki, o üç "qəhrəman"ın məhkəmə prosesi mətbuata açıq keçirilər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »