Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada "geosiyasi metamarfozlar" və Azərbaycanın hədəfləri
Avropada "geosiyasi metamarfozlar" və Azərbaycanın hədəfləri

Azərbaycanı çox ilgiləndirən geosiyasi hadisələr baş verir. Situasiya, deyəsən, doğrudan da, nəzarətdən çıxır. Xüsusilə, rəsmi Parisin uğradığı "metamarfoz" diqqət çəkir; öz içində əyalətlərin müstəqillik hərəkatları və fermerlərin ekzistensial etiraz aksiyaları ilə baş edə bilməyən Fransa, Ukraynaya qoşun göndərmək üçün Avropa dövlətlərindən koalisiya qurmağa çalışır. Bu, ilk növbədə Fransa ilə Almaniya arasında ziddiyyətləri və fikir ayrılıqlarını tamamilə ortaya çıxardı. Başqa sözlə, "Ukraynaya qoşun yeridək" çağırışının özü Avropada onsuz da əvvəldən var olan çatı daha da dərinləşdirir.

Bütün bunlar ABŞ-ın Almaniya-Fransa mərkəzli Avropanı Britaniya-Polşa Avropasına çevirmək cəhdlərinin ilkin nəticələri ola bilər.

Fransız prezident Emmanuel Makronun NATO-nu Ukraynaya qoşun yeritməyə çağırması və rədd cavabı aldıqdan sonra guya hərbi koalisiya qurmaq cəhdləri bununla bağlı idi. Makron bilirdi ki, ABŞ, Böyük Britaniya, xüsusilə, Almaniya buna razı olmayacaq. Sanki Paris NATO-nun qapılarını öz ardınca bağlamağa yönəlib. Bu, Fransanın və NATO-nun birgə tarixində birinci hal deyil; daha əvvəl də Parisin getmişliyi, qayıtmışlığı vardı. Artıq bir dəfə - 1966-cı ildə Fransa NATO-nun hərbi qanadından çəkilmişdi. O zaman da buna Sovet (rus) işğalı ehtimalı və ABŞ-Avropa münasibətlərindəki gərginlik səbəb olmuşdu.

"Soyuq müharibə" çoxdan bitsə də, Sovet dövləti artıq çoxdan dağılıb getsə də, Sovet İttifaqının hüquqi varisi - Rusiya hələ yenə də Avropaya əsas təhlükə mənbəyi və ABŞ-Avropa, xüsusilə də, ABŞ-Fransa, Fransa-Almaniya münasibətlərini soyutmaqda davam edir. İndi də Fransa ifrat sağçıları ölkəni NATO-dan və Avropa İttifaqından çıxmağa çağırışlar edirlər. Bu halda, Fransanın öz milli maraqlarını daha effektiv müdafiə edə biləcəyini düşünürlər. Hər halda belə deyirlər.

Fransanın qurmağa niyyətləndiyi antiRusiya "koalisiya"sı Avropa İttifaqının sərhədlərindən kənara da çıxmaq istəyir; Makron Moldovanı və Ermənistanı bu koalisiyaya qoşmağa çalışır. Fransızlar Ermənistanı Rusiyaya qarşı poliqona çevirmək yolu tutub. Makronun planı baş tutarsa, bu, Azərbaycana, eləcə də, Gürcüstana çətinliklər yarada bilər. Onu da əlavə edim ki, bu məqamda artıq əvvəl də deyildiyi kimi, Hindistanla Ermənistan Fransa lisenziyalı silahların daşınması üçün strateji hava məkanı yaratmağa çalışır. Bunun da arxasında yenə Fransa görünür.

Avropada şərikli də olsa, liderliyini saxlamaq, eləcə də, Afrikada itirdiyi mövqelərini Şərqi Avropada və Qafqazda kompensasiya etmək istəyən Fransa, əslində, Rusiya-Ukrayna müharibəsindən öz məqsədləri üçün istifadə edir. Avropa dövlətlərini, eləcə də, antiRusiya meylli postsovet ölkələrini Rusiya işğalı ilə qorxudub öz koalisiyasına qoşmağı düşünür. Rusiyanın məğlub edilməsinə kömək göstərəcəkləri halda Ermənistana Azərbaycandan, hətta Gürcüstandan torpaq qoparmaq, Moldovaya öz ərazi bütövlüyünü bərpa edərək Avropa İttifaqına və NATO-ya qəbul edilmək perspektivləri vəd olunur. Eyni zamanda Rumıniyaya Ukraynanın Ujqorod vilayətinin, eləcə də, Moldova Respublikasının ilhaqına razılıq sözü verilmiş ola bilər.

Hadisələrin bu cür inkişafı Almaniya Federativ Respublikasını qitədə, o cümlədən, Cənubi Qafqazda Fransanın bu iddialı oyunlarına qarşı hərəkətə gətirib. Almaniya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına özü ayrıca - Fransasız vasitəçilik etmək qərarı verdi və ilk addım da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş verdi: kansler Şolts, Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşünü təşkil etmişdi. Maraqlıdır ki, hələ münaqişə dövründə Azərbaycan indi artıq keçmiş Minsk Qrupunun həmsədrliyinə Almaniyanın və Türkiyənin namizədliyini məqbul bilirdi. Ermənistan buna razılıq verməmişdi. İndiki postmünaqişə dövründə çox şey dəyişib; artıq Almaniya sülh müqaviləsinin imzalanması üçün öz dəstəyini göstərə bilir. Eyni zamanda ABŞ və Türkiyə də tezliklə sülh müqaviləsinin imzalanmasına tərəfdardırlar. Ancaq Ermənistan bu məsələdə qəti qərar verməyib; bütün mümkün vasitələrlə bu müqaviləni yubatmağa çalışır. Eyni vaxtda Qərb mərkəzləri ilə oyunlarını davam etdirir. Bu durum İranı da narahat etmiş kimi görünür. İranın müdafiə naziri Kazemi ermənistanlı həmkarı Papikyanla görüşündə əcnəbiləri bölgəyə gəlişinə rəsmi Tehranın qarşı olduğunu deyib. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılacağı təqdirdə, onun yerinə ən yaxın və ən real namizəd Türkiyə ola bilər. Türkiyə-ABŞ, Türkiyə-Böyük Britaniya xəttlərində izlənən intensiv diplomatiya həm də bu məsələyə yönəlib. Azərbaycan, əlbəttə, bölgədə Türkiyənin güclənməsində maraqlıdır. Ancaq Rusiya ilə münasibətlərinin indiki səviyyəsi də onu deməyə əsas verir ki, rəsmi Bakı Qərbin Moskvanı bölgədən sıxışdırıb çıxarılmaq kimi planlarında da yer almaq istəmir. Azərbaycan istəyir ki, öz xarici siyasətində Türkiyə ilə qardaşlıq, Qərb dövlətləri ilə tərəfdaşlıq, Rusiya ilə dostluq və qonşuluq, İranla qonşuluq münasibətlərinə xələl gətirməsin. Bu, indiki geosiyasi durumda nə qədər çətin olsa da, Azərbaycan üçün düzgün və praqmatik siyasi xəttdir.

Bəli, ümumilikdə Rusiya-Ukrayna müharibəsinə münasibətdə də Azərbaycan Türkiyə ilə, əsasən, eyni mövqedə dayanır. Bu da tamamilə doğrudur. Bundan başqa Fransanın Ermənistanla oyunları fonunda Azərbaycan Almaniya ilə yaxınlaşır.

Eyni zamanda Azərbaycan İranla münasibətlərini qaydaya salmağa çalışır.

Azərbaycan Mərkəzi Asiya ilə koordinasiyanı gücləndirir. Qazaxıstan prezidenti Tokayevin Azərbaycana son səfərində də, çox güman ki, bu məsələlər müzakirə edilib.

Ukraynada gedən hərbi əməliyatlar qarşılıqlı olaraq Rusiyaya da sıçrayır. Bu, Azərbaycanı da ilgiləndirən bir durumdur. Eyni zamanda Astanada yaxşı anlayırlar ki, müharibənin Rusiyanın dərinliklərinə keçməsi ehtimalı tam anlamda reallaşsa, Mərkəzi Asiyada, ilk növbədə Rusiya ilə uzun sərhəddi, müttəfiqlik münasibətləri olan Qazaxıstanda da daxili sabitliyə təhlükə yaradır.

Rusiyanın və ya Qərbin Ukraynada qalib gəlməsi, postsovet məkanının geosiyasi xəritəsini dəyişəcək. Əslində, Ukraynada atılan hər güllə bu xəritəni bir az da dəyişir.

Dəyişən xəritələr fonunda Azərbaycan öz xarici siyasəti orientirlərini beynəlxalq hüququ əsas götürməklə və bu dəyişən reallıqları nəzərə almaqla qurur. Ermənistanla münasibətləri də rəsmi Bakı bu tərzdə qurmağa çalışır. Ancaq qarşı tərəf hələ də buna adekvat yanaşma göstərmir. Xüsusilə, Ermənistan Rusiya egidası altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün "tutarlı" bəhanə axtarır. Belə bəhanələrdən biri kimi guya Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsi imkanı nəzərdən keçirilir. Azərbaycan hələ də Ermənistanın işğalı altında olan 4 kəndin dərhal azad olunmasını tələb edir, qarşı tərəf bundan boyun qaçırır və qarşılıqlı iddialar irəli sürür. Ermənistan bununla Azərbaycanı işğal altında olan kəndlərini hərbi yolla geri qaytarmaq üçün əməliyyat aparmağa təhrik etmək istəyir. Belə olarsa, rəsmi İrəvan dərhal kömək üçün KTMT-yə müraciət edəcək. Müraciətinə cavab geciksə və ya müsbət cavab verilməsə, çox rahatlıqla həmin qurumdan çıxa bilər. Bu, Ermənistanın Avropaya doğru yolunu açacaq və Azərbaycanın ABŞ, eləcə də, Avropa sanksiyaları altına düşməsinə səbəb ola bilər. Ermənistan rəsmi Bakını Rusiya ilə eyni mövqedə göstərmək və Qərbdən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə nail olmaq üçün çox çalışır. Ancaq Azərbaycan prezidenti və bütövlükdə Azərbaycan dövləti ehtiyatlı, ancaq çevik və qətiyyətli oynayır. Bu ana qədər Azərbaycan dövlətinin yeritdiyi xətt ona qarşı bu məsələyə görə hər hansı sanksiyalara əsas verməyib. Azərbaycanın qarşısına qoyduğu məqsəd beynəlxalq hüquq prinsipləri çərçivəsində həm sərhəd və işğaldakı kəndlər problemini həll etmək, həm bölgədə konfrontasiya mühitinin sülh və əməkdaşlıq mexanizmləri ilə əvəzlənməsidir. İndiki siyasi xətt bu məqsədə tam adekvatdır. Köhnə Qitədə hər nə qədər yeni küləklər əssə də, Azərbaycan yerləşdiyi özünün, bölgənin və qonşu, qardaş türk dövlətlərinin potensialını Asiya ilə Avropa arasında uzlaşma nöqtələrini tapmağa yönəldib. Faktik Azərbaycan Cənubi Qafqazın ən böyük - açar ölkəsi olaraq bölgənin və Mərkəzi Asiyanın iqtisadi, siyasi-diplomatik resurslarını və geosiyasi üstünlüklərini vahid məcraya yönəldə bilib. Mərkəzi Asiyanın iki mühüm ölkəsinin - Özbəkistan və Qazaxıstanın, eləcə də, o biri türk dövlətlərinin Avropaya alternativ çıxış imkanları əldə etməsinə ciddi töhfə verir. Bu kontekstdə TransXəzər layihəsi tarixi nailiyyət olacaq. İndi Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu tam mənada ortaya qoymaqdadır.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »