Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə 5 il cəza verildi, lakin hökmdən sonra "həbs olunmadı"
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə 5 il cəza verildi, lakin hökmdən sonra "həbs olunmadı"

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli haqqında cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, məhkəmənin hökmüylə Nicat Şakirli dostunun ölümü, özünün isə bir qolunu itirməsiylə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib və ona 5 il həbs cəzası verilib.

Azərbaycan qanunvericiliyinə görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda həmin cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Bu səbəbdən “Nikosayağı” hökmdən sonra həbs olunmayıb.

Bloger Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma - ölümə səbəb olduqda) maddəsilə ittiham olunur.

Prokuror onun 6 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəmişdi.

Martın 7-də hökm oxunmamışdan əvvəl Nicat Şakirli məhkəmədə son sözünü deyərkən əməlindən çox peşman olduğunu bildirib. Deyib ki, dostunun ölümünə səbəb olan qəzanı törətdiyinə görə özünü günahkar sayır və istənilən cəzaya hazırdır.

“Onsuz da Allah mənim cəzamı verib. Qardaşım hesab elədiyim adam ölüb. Bu cəza həmişə də mənimlə olacaq. Məhkəmə də nə cəza versə, hazıram”, - Nicat Şakirli son sözündə bildirib.

O həmçinin mərhum dostunun ailəsindən bir daha üzr istədiyini vurğulayıb.

Vəkilləri isə müdafiə çıxışında onun hadisə vaxtı içkili olmadığını bildiriblər. Ona həbslə bağlı olmayan cəza verilməsini istəyiblər.

İttihama əsasən, 15 avqust 2023-cü ildə gecə saatlarında baş vermiş hadisə zamanı Nicat Şakirli sərxoş olub. O, “Porsche” markalı avtomobili idarə edərkən sürət həddini aşıb. Nəticədə onun idarə etdiyi avtomobil yüksək sürətlə yük maşınına dəyib. Qəza zamanı Nicat Şakirlinin maşınında olan dostu Ruslan Məmmədov hadisə yerində həyatını itirib. Özü isə xəstəxanaya çatdırılıb. Xəstəxanada onun qolu amputasiya olunub.

Nicat Şakirli qəzaya görə özünü təqsirli bilsə də, hadisə vaxtı sərxoş olması barədə ittihamda yazılanları qəbul eləmir.

Blogerin sözlərinə görə, hadisə baş verməmişdən öncə “Nərimanov”da domino oynayıblar. Sonra maşınla gəzmək qərarına gəliblər. O, əlavə edib ki, hadisədən 1-2 saat əvvələ qədər hər şeyi xatırlayır, lakin sonranı yox:

“İçkili olmamışam. Mən içmək istəsəydim belə, Ruslan qoymazdı...”

Qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Ruslan Məmmədov Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »