Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev arzusunu "beh" alan "saxta" maklerlərdən qorunun... "Saytdakı elana görə öncədən pul verilməməlidir"
Ev arzusunu "beh" alan "saxta" maklerlərdən qorunun... "Saytdakı elana görə öncədən pul verilməməlidir"

Müxtəlif əmlak elanları saytlarında yerləşdirilən məlumatlar, xüsusilə kirayə verilən evlərin çeşidliliyi vətəndaşları cəlb etsə də, çoxları sonunda dələduzluqla üzləşirlər. Əmlak alqı-satqısı ilə məşğul olduğunu söyləyən şəxslər elanı yerləşdirdikləri sayta əlaqə nömrələrini də yazır və ev axtaran şəxs həmin nömrə ilə əlaqə saxladıqda, ondan öncədən və onlayn şəkildə beh ödənilməsi istənilir. Üz-üzə gəlmədiyi, tanımadığı bu şəxsin həqiqətən ev alqı-satqısı, kirayəsi ilə məşğul olduğuna inanan vətəndaş onun bank hesabına əlli, bəzən də yüz manat məbləğində pul göndərir. Ardınca həmin elan nömrəsi dərhal saytdan silinir və şəxs vətəndaşın nömrəsini bloklayaraq, yoxa çıxır...

Adının qeyd olunmasını istəməyən bir vətəndaş saytımıza müraciət edərək, başına belə bir hadisənin gəldiyini bildirib. O, qeyd edib ki, kirayə ev axtarmaq məqsədilə daxil olduğu əmlak saytlarından birində özünü "makler" kimi tanıdan xanım, əlində bir neçə kirayə ev qaldığını və bir neçə günə əlindən çıxacağını bildirərək, ondan yüz manat məbləğində beh istəyib, daha sonra da bank hesabını vətəndaşa göndərib. Onun həqiqətən "makler" olduğuna inanan vətəndaş sadəlövhlüklə həmin bank hesabına yüz manat göndərib. Bundan sonra onun nömrəsi dərhal bloklanıb və saytdakı həmin kirayə ev elanı silinib. Zərərçəkən bundan sonra polisə müraciət edərək, ona dələduzluqla zərər vuran şəxsin əlaqə nömrəsini və bank hesabını hüquq-mühafizə orqanına verib.

Əmlak satışı və ya kirayəsini həyata keçirən saytlara, onların elanlarına etibar etmək olarmı?

Burada istənilən şəxs özü üçün hesab açaraq, istənilən məlumatı - yalan, ya gerçək -paylaşa bilir və buna görə ondan heç bir sənəd, doğrulayıcı məlumatlar tələb olunmur. Hərdən paylaşdığı elana müəyyən qədər pul ödəyərək, onu "önə çəkir". Elan saytları bu elanların doğruluğunu yoxlamır. Elanı paylaşanların kimliyi yox, elan üçün sayta verdikləri pul sayt sahibləri üçün daha önəmlidir. Kim bilir, bəlkə də elə bu cür saytlarla vətəndaşlara qarşı dələduzluq edən möhtəkirlər çox zaman əlbir hərəkət edirlər. Bu da ehtimallardan biridir. Hər bir halda vətəndaşlar onlayn şəkildə paylaşılan elanların cazibəsinə qapılaraq, möhtəkirlərin qurbanına çevrilməməli və bu hadisələrə qarşı ayıq-sayıq olmalıdırlar.

Məsələ ilə əlaqədar Bizimyol.info xəbər portalına şərh verən əmlak eksperti Ramil Qasımzadə belə elan saytlarına qarşı vətəndaşları diqqətli olmağa çağırıb.

Ramil Qasımzadə Ramil Qasımzadə

"Vətəndaşlar birmənalı şəkildə bilməlidirlər ki, əgər onlardan hər hansı şəkildə beh tələb olunursa, bu tələb fırıldaq niyyətlədir və möhtəkirlərin, dələduzların əməlləridir. Elandakı kirayə mənzilə görə beh göndərilməsi qəti şəkildə yolverilməzdir. Vətəndaşlar elan saytlarında "şübhəli" elan görürlərsə, həmin nömrə ilə əlaqə saxlasınlar. Sonra ilk növbədə evə baxış keçirilsin. Hətta bu zaman da pul verməyə tələsməsinlər. Mütləq mənada əmin olsunlar ki, evin sahibi ilə danışırlar. Yəni o evin çıxarışı tələb olunsun. Həmin evin çıxarışı ilə ev sahibinin şəxsiyyət vəsiqəsini tutuşduraraq, yoxlasınlar. Eyni zamanda, həmin ev sahibi ilə mütləq qaydada kirayə müqaviləsi bağlasınlar. Notarial qaydada sənədləşmə həyata keçirilsə, daha yaxşı olar. Yalnız bundan sonra evi kirayələnməsi təhlükəsiz sayıla bilər.

Məlum olduğu kimi, özlərini ev alqı-satqısı ilə məşğul olanlar, el dili ilə desək, "makler"lər və rieltorlar kimi qələmə verənlər tərəfindən də belə dələduz, fırıldaq əməllərinə yol verilir. Bəzən olur ki, hətta hüquq-mühafizə orqanları da belə möhtəkirlərlə mübarizədə yetərsiz qalırlar. Dələduzları tapmaq olmur, saxta nömrələrdən istifadə edirlər. Həmin nömrələr heç öz adlarına da olmur. Ona görə də vətəndaş belə məsələlərdə özü ayıq-sayıq olmalıdır. Heç bir halda onlayn şəkildə tapılan bir elanla bağlı kiminsə bank hesabına vəsait yatırılmamalıdır".

Bəs kirayə ev axtaran vətəndaş belə vəziyyətlərdə - yəni ondan beh istənilən zaman hansı hüquqlara malikdir?

"Belə halla rastlaşan vətəndaş, mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Həmin orqanlar göndərilən bank hesabının kimə məxsus olmasını təyin etməlidir, bundan sonra da həmin dələduzu məsuliyyətə cəlb etməlidir. Burada möhtəkirlikdən, insanların etibarından sui-istifadədən söhbət gedir. Ona görə də bir mənalı olaraq, zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına, xüsusilə ərazi üzrə polisə müraciət etməlidir" - deyə, əmlak eksperti qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »