Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
CAR: Güclü ölkələr soyqırım törətsələr belə cəzasız qalırlar
CAR: Güclü ölkələr soyqırım törətsələr belə cəzasız qalırlar

Cənubi Afrika Respublikasının (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor bildirib ki, beynəlxalq hüquq institutları güclü ölkələri və onların müttəfiqlərini soyqırım cinayətlərində belə cəzasız qoyur.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Pandor Braziliyada keçirilən G-20 Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında Cənubi Afrikanın İsrailin Fələstində törətdiyi soyqırım və müharibə cinayətlərini Beynəlxalq Ədalət Məhkəməsinə gətirməsinə bəzi böyük dövlətlərin reaksiyasına toxunub.

Pandor qeyd edib ki, bu vəziyyət beynəlxalq hüquqda hökm sürən institusional qərəzliliyin göstəricisidir: "Beləliklə, beynəlxalq hüquq və institutlar güclü ölkələri və onların müttəfiqlərini belə soyqırım cinayətlərinə görə məsuliyyətə cəlb etmək niyyətində deyil. Bu təcrübə ən güclü ölkələr və onların müttəfiqləri tərəfindən onilliklər ərzində institusional cəzasızlığa səbəb olub", - deyə o qeyd edib.

Pandor bildirib ki, bu cəzasızlığa son qoymaq üçün vəziyyət dəyişməlidir: “Hazırda hamı üçün daha ədalətli və bərabər beynəlxalq hüquqi nizamı təmin etmək üçün qlobal idarəetmə institutlarını dəyişdirmək və onlardan istifadə etmək həmişəkindən daha aktualdır. Beynəlxalq hüququn hamı üçün əlçatan olması Birləşmiş Millətlər Təşkilatının (BMT) sistemində təcili islahatlara ehtiyacı ehtiva edir”, - deyə nazir bildirib.

Pandor bildirib ki, BMT Təhlükəsizlik Şurasının uğursuzluqları Ukrayna və Fələstində on minlərlə insanın həyatını itirməsinə səbəb olub: “Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var və bu, dərhal edilməlidir. Keçən il Yohannesburqda keçirilən BRİKS sammitində BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü Şurada təcili islahatların aparılmasına dair öhdəlik götürüblər. Biz inanırıq ki, BMT Təhlükəsizlik Şurasının G20 üzvü olan digər daimi üzvləri də eyni yolla gedəcəklər”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »