İlin ilk dörd ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının payına düşür. Yəni əhali bu istiqamətə vəsaitin 57 faizinə qədərini xərcləyib. Təkcə bu fakt, ölkədə insanların necə yoxsul yaşamasının ciddi göstəricisidir.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkəsində aldığı məhsulların 50 faizindən çoxunun ərzaq sektoruna aid olması illərdir müşahidə edilir. Ümumi vəziyyət dəyişmir, hətta pisliyə doğru gedir. Bir neçə il əvvəl ərzağın istehlak səbətindəki payı 51-52 faiz civarında idi. Zamanla əhali bu istiqamətdə daha çox pul xərcləməli olub. Daha çox ona görə ki, gəlirlər azalıb, insanlar bir qarın çörək üçün mübarizə aparır.
Bu haqda əvvəllər də yazmışıq. Amma bu dəfə daha çox müqayisə aparmaq istərdik. Beynəlxalq hesabatlar göstərir ki, 7 ölkədə əhalinin ərzağa xərclədiyi vəsait istehlak səbətinin ümumi həcminin 10 faizini keçmir. ABŞ, Sinqapur, Böyük Britaniya, İrlandiya, İsveçrə, Avstraliya və Kanada müsbət mənada daha çox fərqlənir. Avstriya, Finlandiya, Almaniya, Honkonq, Niderland, Yeni Zelandiya, Danimarka, Qətər, Norveç, İsveç və Cənubi Koreyada insanların ərzağa ehtiyac göstəricisi 13 faizə çatmır. Ümumi siyahıya baxanda məyus olmamaq mümkün deyil. Kamboca, Pakistan, Efiopiya, Kot-dʼİvuar, Qvatemala, Honduras, Kosta-Rika, Dominikan Respublikası və Salvadorda əhali ərzağa daha az pay xərcləyir. Biz Laosu, Banqladeşi, Kamerunu, Anqolanı çətinliklə geridə qoyuruq.
Bütün beynəlxalq hesabatlarda ərzağa çox pul xərclənməsi yoxsulluq göstəricisi hesab olunur. Məsələn, keyfiyyətli həyat meyarı kimi asudə vaxtın səmərəli keçirilməsi və səyahət planları göstərilir. Eyni zamanda, yaşayış şəraitinin yaxşılaşdırılması da bu kateqoriyaya aid edilir. Xüsusilə yaşlı nəsil Azərbaycanda keyfiyyətli həyat sürə bilmir. Pensiyaçıların sayı dayanmadan azalır. Təqaüdün məbləği də çox aşağı hesab olunur. İnsanların həyatının sosial tərəfi çox axsayır. Çünki şərtlər qənaətbəxş deyil. Bu ölkədə daha çox ərzaq haqqında düşünmək lazım gəlir.
Aytən, Bizimyol.info