AZAL-da rəhbər dəyişikliyi olsa da, belə görünür ki, siyasət elə həminkidir. Qiymətlər yenə də bahadır. AZAL rəhbərliyi quru sərhədlərin bağlı qalmasından geninə-boluna istifadə edir. Adicə qonşu Gürcüstana gedib-gəlmək 290 manata başa gəlir. Halbuki aviabiletlərin ən ucuz olduğu ay kimi həmişə fevral fərqlənib. Belə olan halda, təsəvvür etmək çətin deyil ki, yayda Tiflis reyslərinə hansı məzənnə qoyulacaq.
Bugünlərdə o da məlum olub ki, AZAL-a məxsus təyyarədə azərbaycanlı sərnişinlər Azərbaycan dilində danışmağa, fikirlərini izah etməyə öz dilimizi bilən bələdçiləri tapa bilmirlər. Bizimyol.info xəbər portalının əməkdaşı fevralın 3-dən 4-nə keçən gecə İstanbul-Bakı reysi zamanı bunun şahidi olub.
Təyyarədə yemək paylanarkən məlum olub ki, bələdçilərdən ibarət heyətdə azərbaycanca danışan yoxdur. Daha doğrusu, danışa bilmirlər. Üç nəfərdən ikisi ingilis və ispandilli, biri isə rusdilli idi. Onlarla söhbətdən aydınlaşıb ki, AZALın təyyarəsində çalışan bələdçilər arasında hətta Argentinadan olan işçilər də var.
AZAL illərdir ki, azərbaycanlıların şikayətləndiyi əsas strukturlardandır. Qiymətlərin baha olması illərdir müzakirə olunur. Cəmiyyətin az qala, bu məsələyə reaksiya vermədiyi təbəqəsi qalmayıb. Hamı narazılığını ifadə edir. Amma AZAL ictimaiyyətin reaksiyasına əhəmiyyət vermir.
Avropada insanlar çox ucuz qiymətə müxtəlif istiqamətlərə uça bilirlər. Biz qonşu Tiflisə getmək üçün 300 manata yaxın pul xərcləməli oluruq.
AZAL-ın təyyarə heyətinin azərbaycanca bilməməsi həm də sərnişinlərə - azərbaycanlılara hörmətsizlikdir. Xarici dil bilmək üstünlükdür və bütün hava yolları şirkətlərində ingilis dilindən ikinci dil kimi istifadə olunur. Lakin şirkətin məxsus olduğu ölkənin dövlət dili birinci yerdə gəlir.
Azərbaycanda təyyarə bələdçisi işinə uyğun olan kimlərisə tapmaq bu qədərmi çətindir? Maraqlıdır, Argentinadan işçi cəlb etməyin nə mənası var?!
AZAL-ın Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov Bizimyol.info xəbər portalına bildirib ki, AZAL-ın uçuşlarını həyata keçirən, əcnəbi bələdçilərin xidmət etdiyi təyyarələr “GetJet Airlines” şirkətinə məxsus olur. Onun sözlərinə görə, AZAL Litvanın bu aviaşirkətilə 3 “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb. Lizinq sazişi çərçivəsində təyyarələrin icarəsilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur. Başqa sözlə, bütün xidmətlər, o cümlədən bələdçilər də “GetJet Airlines”ə aid olur.
Fərid Hüseynov əlavə edib ki, hətta “GetJet Airlines” şirkətinə aid təyyarələrdə də mütləq bir nəfər azərbaycandilli bələdçi olur.
Aytən, Bizimyol.info