Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Avropa ölkəsidir, AŞPA-nın ölkəsi deyil...
Azərbaycan Avropa ölkəsidir, AŞPA-nın ölkəsi deyil...

Olanları, olacaqları baş-ayaq oxumaq kimi bir vərdişimiz də var. Çoxumuzda olmasa da, bir çoxumuzda belədir.

Yenə Avropa Şurası Parlament Assambleyasıdan danışıram. Azərbaycanla bağlı son qətnaməsindən. Bu sənədlə bağlı yaxşı və pis - hər üzünə danışılıb. Deyilənləri, yazılanları təkrarlamayacam. Sadəcə, bəzi aspektlərə baxacam.

Öncə onu deyim ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyası çıxarılmayıb. Ayrı-ayrı media və sosial şəbəkə platformalarında məsələ yanlış şərh edilir; Azərbaycan nümayəndə heyətinin, hətta Azərbaycan dövlətinin Avropa Şurası Parlament Assambleyasından qovulduğunu deyən, yazan xeyli insan var. Özü də elə Azərbaycanın özündə.

Buna səbəb nədir?! Niyə bir qism insan: "Azərbaycan Avropa Şurası Parlament Assambleyasından qovuldu" deyib eyforiyaya düşüb, bir qism isə apatiyaya?

Söhbət hansısa subyektiv mülahizədən deyil, sənəddən gedirsə, yanlış interpretasiya iki əsas səbəbdən doğa bilər: ya məlumatsızlıqdan, ya da maraqdan.

Hərçənd elə Avropa Şurası Parlament Assambleyası özü, bu qətnamənin müəllifləri özləri də deyir ki, Azərbaycan bu qurumdan qovulmayıb. Amma elə öz ölkəsində bir qism Azərbaycanlı deyir ki, qovulub.

Əvvəla, bu kontekstdə "qovuldu", yaxud "qovulub" ifadələri bunu işlədənlərin özlərini aşağılayır. Çünki hər bir Azərbaycan vətəndaşı öz ölkəsinin bir hissəsidir. Hələ mən demirəm, patriotu olmalıdır. Normal insan "qovuldu" felini nə özünə, nə də öz dövlətinə yaraşdırmamalıdır.

İkincisi, bəli, məruzədə və qərarın əsaslandırılmasında insan hüquqları, demokratiya və sair bu kimi məsələlər var. Ancaq əsas bu deyil, Ermənistan, yaxud Azərbaycan erməniləri üzərindən rəsmi Bakıya təzyiq etməkdir məsələ.

Azərbaycan da buna görə etiraz etdi; Avropa Şurası Parlament Assambleyasının qərarını gözləmədən Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaiyyətini dayandırdı. Qarşılıqlı olaraq addımlar atılıb. Burda qovmaqdan, qovulmaqdan, tərk etməkdən, tərk olunmaqdan söhbət getmir. AŞ-ın özündən də şərh olunduğu kimi, Azərbaycan nümayəndə heyəti, sadəcə, səsvermə hüququndan məhrum edilib; Azərbaycana "öz öhdəliklərini yerinə yetirmək üçün" bir il vaxt verilib. Azərbaycan tərəfi də bu sanksiyaya etiraz edib; Azərbaycanın varlığı Avropa Şurası Parlament Assambleyasında olub-olmamaqla bağlı deyil deyə mövqe göstərib.

Bəli, məşhur bir Türk filmində çox maraqlı ifadə var: "Türkiyə bir NATO ölkəsidir, fəqət NATO-nun ölkəsi deyil".

Azərbaycan da bir Avropa ölkəsidir, ancaq Avropa Şurası Parlament Assambleyası ölkəsi deyil. Bu qurumda 50-yə yaxın ölkə var. Ancaq dünyadakı ölkələrin sayı bu rəqəmdən 4 dəfə çoxdur. Avropaya aid olmayan, başqa qitələrdə yerləşən, ancaq azad, hüquqi, demokratik, dünyəvi dövlət kimi inkişaf etmiş və ya inkişaf edən xeyli dövlət var. Avropa coğrafiya kimi "qədərimizdir" deyə düşünə bilərik, ancaq Azərbaycan özü müstəqil olaraq siyasi coğrafiyadır. Əgər, doğrudan da, Avropa Şurası Parlament Assambleyası, rəsmi Bakının dediyi kimi, Avropadakı Azərbayanafob, türkofob, islamafob hakim siyasi fəlsəfənin bir instrumentidirsə, əlbəttə, orada olmaqdansa, olmamaq yaxşı ola bilər. Ancaq istənilən halda bu qətnamə Azərbaycan üçün də, Avropa Şurası Parlament Assambleyası üçün də arzuolunmaz idi. Avropa İttifaqı ölkələri Azərbaycanın ixracatında çox önəmli yer tutur. Avropa Şurası Parlament Assambleyası isə xarici siyasət, təhlükəsizlik kimi məsələlərdə Avropa İttifaqının qərarlarına təsir edən bir qurumdur. Avropa Şurası Parlament Assambleyasında belə bir qətnamənin qəbul olunması, ümumilikdə Avropa strukturlarında Azərbaycanı bu və ya başqa baxımdan ilgiləndirən qərarlara təsir edəcək. Ancaq eyni zamanda bunun Avropa, bütövlükdə Qərb üçün yan təsirləri də olacaq. Belə qərarlar Azərbaycan kimi "suveren demokratiya" düşüncə sisteminə söykənən ölkələri dost və tərəfdaş olaraq qazanmağa deyil, daha çox uzaqlaşdırmağa, əks qütblərə yaxınlaşdırmağa, sonucda itirməyə gətirib çıxara bilər. Avropa siyasətçiləri öz həqiqətlərində israr edə bilər, ancaq zamanında (elə indinin özündə də) Azərbaycanın da arqumentini eşidə bilərdilər. Avropanın ayrı-ayrı strukturları, bəzi Avropa siyasətçiləri Azərbaycan ermənilərinin hüquqlarına istinad edərkən, bir də Ermənistan azərbaycanlılarının da haqlarını xatırlamalıydılar. Azərbaycanın bu arqumentini əlindən ala bilərdilər. Çünki insan hüquqları təkcə Azərbaycan ermənilərinə məxsus deyil, Ermənistan azərbaycanlılarına da aiddir. Əgər ötən payızda Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin sayı, Avropalıların saydığı kimi, yüz mindirsə, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların sayı yüz minlərlədir. Necə ola bilər ki, Avropada bir xalqa münasibətdə insan hüquqları konvensiyası işləsin, amma başqa xalqa münasibətdə işləməsin?! Necə ola bilər ki, Qərb siyasəti bir xalqın nümayəndələrinin öz evlərini könüllü tərk etməsini "etnik təmizləmə" hesab edir, amma başqa xalqa mənsub olanların öz evlərindən zorla qovulmasını sanki heç nə olmamış, hətta az qala normal sayır?! Avropa Konvensiyaları, beynəlxalq konvensiyalar təkcə Ermənistan və (və ya) Qarabağ erməniləri üçün qəbul olunub?! Strasburqdakı siyasətçilər, yaxud Brüsseldəki məlum komissar bəlkə Ermənistandan qovulmuş Azərbaycanlıları insan hesab etmir?!

Azərbaycan 2001-ci il yanvarın 25-dən bu günədək Avropa Şurası Parlament Assambleyasının tamhüquqlu üzvü olub, ancaq bu 23 ildə AŞPA dediyimiz təşkilatdan bir az əvvəl xatırlatdığım suallara cavab verilməyib. Azərbaycan rəsmiləri hər zaman bu açıq qalmış sualların cavabını istəyib. Bir dəfə deyil, iki dəfə deyil... Hər dəfə. Avropa strukturları bu 23 ildə bu sualları cavablandırmağa 23 dəqiqə vaxt tapa bilməyib! Hər şey bir yana, ən azı, dediyimiz kimi, Azərbaycan tərəfinin bu əks arqumentini neytrallaşdırmaq üçün Ermənistan azərbaycanlılarının məsələsini heç olmasa bir dəfə müzakirəyə çıxarıb ədalətli qərara bağlamaq olardı ki. Bəli, Azərbaycanda insan hüquqlarından narahatlıq (narazılıq) ifadə olunur. Azərbaycanlı Azərbaycanda yaşayanda insan hüququ var, Ermənistanda yaşayanda insan hüququ yoxdur?! O da doğrudur ki, Azərbaycan üzvlük sənədi ilə üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilmədiyini iddia edir, israr edir, anlaşılandır. Avropa Şurası Parlament Assambleyasının özünün də Avropalı qarşısında, insanlıq qarşısında, öz üzvləri qarşısında qarşılıqlı öhdəliyi var. Bunlardan ən başlıcası isə ədalətli olmaqdır, elə deyilmi?! Azərbaycan da o 46 dövlətdən biri kimi, monitorinq altındadırsa, bunu qəbul edib öz dövlət siyasətini, ictimai həyatını və sair monitorinqə açdığı andan monitorinq edənin ədalətini sorğulamaq haqqı da yaranıb axı. Avropa Şurası Parlament Assambleyasına üzvlük ierarxik münasibətlər sistemi yaratmır ki. Qarşılıqlı işbirliyi fəlsəfəsinə söykənir; "ağa-vassal" münasibətləri deyil bu. Kimsə müstəqil, suveren dövlətlə istədiyi kimi davrana bilməz. Eynilə dövlət öz vətəndaşı ilə qanundankənar müstəvidə - istədiyi kimi davrana bilməyən kimi.

Qısası, Azərbaycana qarşı sözügedən sanksiyadan bəziləri kimi nə eyforiya keçirmək doğrudur, nə apatiyaya düşmək. Əlbəttə, dünya qarşılıqlı asılılıq dünyasıdır, ancaq bu bəzən birtərəfli asılılıq kimi anlaşılır. Belə olanda təbii ki, diskriminasiyaya uğrayan tərəf başqa alternativlərə üz tutar, yaxud öz gücünə istinad yoluna davam edər. Hamısı bu qədər!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »