Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hakimiyyəti əsaslı tənqid etmək olar... Qərəzli yanaşma ilə məqsədli təbliğata vasitəçi olmamaq şərtilə”
“Hakimiyyəti əsaslı tənqid etmək olar... Qərəzli yanaşma ilə məqsədli təbliğata vasitəçi olmamaq şərtilə”

Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevlə müsahibə

Cavanşir Feyziyev Cavanşir Feyziyev

  • Azərbaycanın ən əsas xarici ticarət tərəfdaşlarından biri Avropa İttifaqıdır. O səbəbdən, Avropa İttifaqı və ayrılıqda Avropa dövlətləri ilə münasibətlər xarici siyasətdə mühüm yer tutur. Son proseslər fonunda Avropa İttifaqında Azərbaycana münasibətdə hansı mövqe var? Nəzərə alsaq ki, Prezident İlham Əliyev daha əvvəl ADA Universitetində "beyin mərkəzləri"nin forumundakı məlum çıxışında Azərbaycanın Avropa İttifaqına dair mövqeyini bir daha açıqlamışdı.

- Bəli, Avropa İttifaqı bütövlükdə həcminə görə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Təbii ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması da bunu şərtləndirən əsas səbəbdir. Azərbaycan-Avropa münasibətlərinin özünəməxsus bir özəlliyi var. Azərbaycan, Avropa İttifaqı ilə əlaqələrini regional əməkdaşlıq çərçivəsində ümumi maraqlar daxilində qurur. Bu münasibətlər bütövlükdə Avropada və hətta Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, ümumi sabitlik və təhlükəsizlik məqsədlərinə xidmət edir. Son 30 ilə yaxın müddətdə Azərbaycan tərəfindən irəli sürülmüş və həyata keçirilmiş bütün regional və qlobal iqtisadi layihələrin də məramı məhz bu olub. Dövlətimiz Avropa üçün həyati əhəmiyyət kəsb edən iqtisadi layihələrdən heç vaxt siyasi məqsədlərlə istifadə etməyib və etməyəcək. Ona görə də Avropa Komissiyası ilə Azərbaycan höküməti arasında səmimi işgüzar münasibətlər mövcuddur və hətta Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə ayrı-ayrılıqda ikitərəfli münasibətlərə də xüsusi önəm verir. Hazırda Aİ üzvü olan 9 ölkə ilə ikitərəfli əsasda Strateji Tərəfdaşlıq haqqında müqaviləmiz var. Bu, Avropa-Azərbaycan münasibətlərinə bilavasitə təsir edən böyük nailiyyətdir. Prezident İlham Əliyev bir çox bəyanatlarında, o cümlədən, ADA Universitetində baş tutmuş "beyin mərkəzləri"nin forumundakı çıxışında bu münasibətlərin aydın təhlilini verib. Avropada Azərbaycana qarşı mənfi münasibət olduğunu düşünmürəm. Aİ -nın ayrı-ayrı üzvlərinin və ya Avropa Parlamenti, AŞPA, ATƏT kimi təşkilatların vaxtaşırı olaraq ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlar bütövlükdə Avropa Birliyinin Azərbaycana münasibətini əks etdirmir. Ona görə də Fransa, Yunanıstan, Hollandiya, Norveç, İsveç kimi ölkələrin ermənipərəst siyasi dairələrinin Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar heç vaxt onların istədiyi nəticəni verməyib. Bu məsələdə Azərbaycanın ayrı-ayrı Avropa ölkələri ilə qurduğu strateji tərəfdaşlıq belə cəhdlərin qarşısını almaqda xüsusi əhəmiyyətə malikdir. Belə bir faydalı əməkdaşlıq formatı sayəsində Avropa Birliyində heç vaxt Azərbaycana qarşı vahid mənfi rəy formalaşdırılmasına və neqativ bir əməli addım atılmasına imkan verilməyib və bundan sonra da belə bir imkanı istisna edirəm.

  • Bu il Azərbaycan COP-29 kimi mühüm tədbirə ev sahibliyi edəcək. Cənab Prezident təşkilat Komitəsini də yaratdı. Bəziləri bu tədbirin keçirilməsinə Azərbaycanın hazır olmadığını bildirir və hakimiyyətin bu qərarını tənqid etməyə çalışır. Məlumdur ki, bu cür fikirlər getdikcə daxildən də, xaricdən də daha çox eşidiləcək. Bu haqda fikirləriniz maraqlı olardı.

- Hakimiyyəti tənqid etmək elə böyük qəhrəmanlıq deyil, bunu hamı edə bilər və edirlər də. Amma hər hansı bir məsələyə tənqidi münasibət əsaslı olduqda tənqid sayılmalıdır. Əks halda, yumşaq desək, bu, qərəzli yanaşma sayıla bilər. COP-29 tədbirlərinin ölkəmizdə keçirilməsi haqqında qərarı daxildə tənqid edənlər ancaq populistlər və ya Azərbaycana qarşı xarici təbliğatın agentləri ola bilərlər. Onlar ən yaxşı halda ölkəyə, Vətənə və xalqa münasibətdə məsuliyyətsiz davranan kütbeyinlərdir.

Birincisi, indiyədək Azərbaycan bir çox qlobal miqyaslı tədbirlərə uğurla ev sahibliyi edib. 2012-ci ilin Avroviziya müsabiqəsində sənətçilərimiz qalib gələndə də biz belə bir böyük miqyaslı tədbirin keçirilməsinə hazır deyildik. Amma qısa bir müddətdə bütün hazırlıq işləri yüksək keyfiyyətlə görüldü və növbəti müsabiqə də gözlənildiyi kimi məhz Bakıda keçirildi. Düzdür, COP-29 daha böyük miqyaslı bir tədbirdir. Amma 2012-ci ildən sonrakı müddətdə Azərbaycan da kifayət qədər inkişaf edib, infrastruktur daha da təkmilləşdirilib, imkanlar qat-qat artırılıb. Düzdür, bu tədbiri ölkəmizdə keçirmək üçün dövlət əlavə xərclər çəkəcək. Amma COP-29 tədbirlərinin ölkəmizdə keçirilməsinin siyasi, mənəvi və dolayısı ilə hətta iqtisadi faydaları bu xərcləri artıqlaması ilə doğruldacaq.

Prezident İlham Əliyevin COP-29 tədbirinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi səylər dövlətin maraqlarından irəli gəlir. Əslində belə bir qərarın dünya birliyi tərəfindən yekdilliklə qəbul olunması ilə hər bir Azərbaycanlı fəxr etməlidir. O ki qaldı, bu tədbirin Azərbaycanda keçirilməsini xaricdə tənqid edənlərə, onlar Azərbaycanı sevməyənlər və onun nüfuzunun artmasına qətiyyən sevinməyənlərdir. Azərbaycan dövləti onların mülahizələri ilə qərarlar qəbul etmir. Burada qəbul olunan bütün qərarlar xalqın və dövlətin milli maraqları ilə uzlaşdırılır. Bu günkü hakimiyyətin ən böyük milliliyi də məhz bunda özünü göstərir. İndiyədək Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülən bütün irimiqyaslı təşəbbüslər və tədbirlər hamısı böyük uğurla icra olunub və xalqa fayda gətirib. COP-29 tədbirlərinin də uğurla təşkil ediləcəyinə və Azərbaycan üçün çox faydalı olacağına heç bir şübhə olmamalıdır.

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »