Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əvvəllər savadlı müəllimlər direktor olmaq istəmirdilər, əməkhaqqı artırılandan sonra təlabat artdı"
"Əvvəllər savadlı müəllimlər direktor olmaq istəmirdilər, əməkhaqqı artırılandan sonra təlabat artdı"

Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçirilib.

Bizimyol.info xəbər verir ki, qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

Qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq olub.

Qurultayda çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev 15 və 16-cı qurultay arasındakı zaman kəsimində görülən işlərin hesabatını verib. Bununla yanaşı nazir bildirib ki, növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin istifadəyə veriləcək.

Nazirin sözlərinə görə, azad olunan ərazilərə "Böyük Qayıdış" çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.

Elm və təhsil naziri Emin Əmrullayev direktorlar və onların əməkhaqqı məsələsinə də toxunub. Nazir bildirib ki, direktorların əməkhaqqı artırılandan sonra direktor olmaq istəyənlərin sayı artıb.

“Əvvəllər savadlı müəllimlər direktor olmaq istəmirdilər. Əməkhaqqı artıdıqdan sonra isə bu vəzifəyə təlabat da artıb. Bu gün 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır”,-deyə nazir bildirib.

Bundan əlavə, Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb.

“Hazırda bir şagirdin təhsili üçün 7 min manat xərclənir. Bu, bir çox özəl təhsil müəssisəsi ilə müqayisədə eynidir. Amma nəticə isə aşağıdır. Bakıda iritutumlu məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır. Bu da paylanma baxımından doğru deyil”,-deyə nazir vurğulayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »