Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcnəbi üçün minlərlə avronu havaya sovuran AFFA üçün Quba boyda Lüksemburq nümunəsi "dərs" olsun...
Əcnəbi üçün minlərlə avronu havaya sovuran AFFA üçün Quba boyda Lüksemburq nümunəsi "dərs" olsun...

Futbol üzrə Azərbaycan milli komandası Avropa Çempionatının seçmə mərhələsini başa vurdu. İtalyan məşqçi Canni De Byazinin rəhbərlik etdiyi kollektiv axıra yaxın iki qələbə qazandı. Estoniya və İsveç məğlub edildi. Bütün seçmə mərhələ ərzində dili qısa olan De Byazi birdən-birə daha yüksəkdən danışmağa başladı. İtalyan hətta irəli gedərək azərbaycanlı jurnalistləri “axmaq” da adlandırdı.

Bizimyol.info xəbər verir ki, AFFA rəhbərliyinin De Byaziyə ayda 75 min avro ödədiyi iddia olunur. Milli komandanın baş məşqçisinin heyətlə bağlı qərarları futbol ictimaiyyətində heç də birmənalı qarşılanmır. Məsələn, səhnəyə yeni simaların çıxarılmasından danışmağa dəyməz. Hiss olunan budur ki, AFFA rəhbərliyi onu postunda saxlamaq fikrində idi. Amma jurnalistlərlə gərginlik ölkə futbol funksionerlərini çətin vəziyyətdə qoyub.

Canni De Byazi tənqidlərə dözümlü yanaşmaq fikrində deyil. İtalyan mütəxəssis hələ Estoniyadan sonra mətbuat konfransında özündən çıxmışdı. Baş məşqçinin fikrincə, futbol ictimaiyyəti də, jurnalistlər də ona qələbəyə görə minnətdar olmalıdırlar. İsveçlə qarşılaşmadan sonra De Byazinin "gözü ayağının altını görməməyə" başladı. Əsas arqumenti bu idi ki, milli kollektiv seçmə mərhələdə ilk dəfə olaraq beş komanda arasında sonuncu olmayacaq.

Əldə etdiyimiz məlumata görə, noyabrın 22-də baş tutacaq AFFA İcraiyyə Komitəsinin iclasında De Byazi istefaya göndərilə bilər. Əslində, baş məşçidən də çox futbol federasiyasının məsuliyyətsiz addımları illərdir uğursuzluq sindromundan yaxa qurtarmağa imkan vermir. AFFA daim əcnəbi məşqçi eksperimentləri aparır. Bir əcnəbini yola salıb digəri ilə müqavilə bağlayırlar. Milyonları havaya sovururlar.

De Byazi çox sinəsinə döydü, Belçikadan ağır məğlubiyyətlə qayıtdı. 0:5 hesabı ilə uduzmaq üçün mütləq İtaliyadan məşqçi gətirmək lazımdır? Həmin nəticələr yerli mütəxəssislərin dövründə də qeydə alınmırdı?

AFFA da, milli komandanın üzvləri də Lüksemburqun, Qazaxıstanın, Moldovanın ortaya qoyduğu oyuna baxıb gözünə su versin. Hər üç milli komanda Avropa Çempionatının final mərhələsinə vəsiqənin bir addımlığına qədər gedə bildi. Lüksemburq və Qazaxıstan pley-off mərhələsində oynamaq hüququ əldə edib. Gürcüstan və Ermənistan da qənaətbəxş oyun göstərdi. Gürcülərin Avropa Çempionatının final mərhələsində oynamaq şansı hələ də qalır.

İsveç üzərində qələbəyə görə futbolçuların hərəsinə 50 min dollar verməyə nə ehtiyac vardı. Fikir verirsinizsə, milli komanda daha çox rəqib üçün heç bir stimul olmayan qarşılaşmalarda müsbət nəticə əldə edir. Əhəmiyyətsiz oyundakı qələbə niyə belə səviyyədə mükafatlandırılır?!

AFFA-nın da, əcnəbi məşqçiləri də, futbolçuları da müxtəlif müstəvilərdə məsuliyyətsizlikdə ittiham etmək olar. İllərdir milliləşdirmə siyasəti aparılır. Hanı nəticəsi? Milli komandaya yanaşma kökündən dəyişməlidir. Kollektivə yerli mütəxəssis başçılıq etməlidir. Meydana azərbaycanlı futbolçular çıxmalıdır. AFFA da böyük pulları havaya sovurmağı dayandırmalıdır. Avropanın qabaqcıl ölkələrinin həsəd aparacağı səviyyədə mükafatlar, məvaciblər verib cırtdan ölkələrin milli komandalarından geri qalmaq rüsvayçılıqdır. Quba, İsmayıllı boyda Lüksemburqdan nümunə götürsünlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »