Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda “Kərimə” dövləti yaratmağa cəhddə ittiham olunanlar məhkəmə qarşısında...
Azərbaycanda “Kərimə” dövləti yaratmağa cəhddə ittiham olunanlar məhkəmə qarşısında...

Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün yaradılmış “müqavimətçi dəstə”nin üzvləri kimi təqdim olunan 6 nəfərin məhkəməsi gedir. İqbal Axundov, Anar İsayev, Arif Cümşüdov, Xaqani Məmmədov, Tərzan Qaraşov və Sənan Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baxılır.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) və 278.2 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlik hərəkətlər dini radikalizm və ya fanatizm zəminində törədildikdə) maddələrilə ittihamlar irəli sürülüb.

Adları çəkilən şəxslərin həbsilə bağlı Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlərlə ələ alıblar. Ona Azərbaycanda silahlı iğtişaşlar törədib hakimiyyəti ələ keçirmək, ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirmək və şəriət qanunlarıyla idarə olunan “Kərimə” dövləti qurmaq məqsədilə “müqavimətçi dəstə” yaratmaq haqda tapşırıqlar veriblər. Arif Cümşüdov da verilmiş tapşırıqlar əsasında ətrafında olan Tərtər sakinləri Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi gizli yığıncaqlar keçirib, Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini onlara çatdırıb. Bundan başqa, Rufulla Axundzadə Bakı sakini Anar İsayevi də əməkdaşlığa cəlb edib. Ona da ölkədə iğtişaşlar törətməklə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. O, Anar İsayevi Arif Cümşüdovla tanış edib. Rufulla Axundzadə onlara yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini deyib. “Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək, sosial şəbəkələr üzərindən, həmçinin insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat aparıblar. Onlar Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pulu Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər”, - rəsmi məlumatda bildirilir.

Məhkəmədə ittiham aktı elan olunduqdan sonra təqsirləndirilən şəxslər bildiriblər ki, ittihamla razılaşmırlar, orada yazılanlar yalandır. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər. Təqsirləndirilən şəxslər məhkəmə prosesinin əvvəlində ifadə vermək istəməyiblər. Onlar bildiriblər ki, şahidlər dindiriləndən sonra sonda onlar ifadə verəcəklər. Təqsirləndirilən şəxslər bildiriblər ki, saxlanılarkən və ondan sonra döyülüblər, həm fiziki, həm də psixoloji işgəncəyə məruz qalıblar. İstintaqda istər narkotik, istərsə də dövlət çevrilişinə cəhdlə bağlı etirafedici ifadələrini də işgəncəyə məruz qalmalarıyla izah ediblər. Vəkilləri məhkəmədə vəsatət qaldırıblar ki, təqsirləndirilən şəxslərin işgəncə ilə bağlı dedikləri araşdırılsın. Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına və başqa qurumlara sorğular göndərilsin. Təqsirləndirilən şəxslərin istintaq təcridxanasına nə vaxt gətirilməsi, həmin vaxt onların üzərində xəsarət olub-olmaması haqda məlumat alınsın. Məhkəmə vəsatəti təmin edib. Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları - Elçin Rüstəmov, Tunar Allahverdiyev, İlham İsmayılov, Əli Kazımov və digərləri şahid qismində dindirilib. Onlar bildiriblər ki, İqbal Axundov, Tərzan Qaraşov və digər təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Ayrı-ayrılıqda iki qrup şəklində Tərtərə gediblər. Fevralın 25-də Tərtərdə təqsirləndirilən şəxsləri saxlayıblar. Tərtər raton Polis Şöbəsində onların hər birindən ayrı-ayrılıqda narkotik tapılıb. Onlar narkotiki yerdən tapdıqlarını, şəxsi istifadə üçün götürdüklərini bildiriblər. Bu barədə ifadə veriblər. Təqsirləndirilən şəxslərdən Anar İsayevi də əməliyyat məlumatı əsasında, lakin Bakıda – Hövsan qəsəbəsində saxlayıblar. Polislər təqsirləndirilən şəxslərə işgəncə verilməsi barədə dediklərini də təkzib ediblər. Təqsirləndirilən şəxslər isə polislərin ifadələrilə razılaşmadıqlarını, saxlanılarkən onların üstündə narkotik olmadığını bildiriblər.

Məhkəmə prosesi dekabrın 5-də davam edəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »