Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan və onun havadarları "beynəlxalq təzyiqlər"ə arxalanıb, təxribat törədirdilər"
"Ermənistan və onun havadarları "beynəlxalq təzyiqlər"ə arxalanıb, təxribat törədirdilər"

8 noyabr Zəfər gününə sayılı günlər qalıb.Biz xalq olaraq, bu zəfəri əldə edə bilmək üçün illərimizi və oğullarımızı qurban vermişik. Bu zəfər bizə ucuz başa gəlməyib. İllərlə müharibə altında əzilmişik, illərlə sözümüz beynəlxalq arenda diqqətə alınmayıb. BMT-nin verdiyi qətnamələr həyata keçirilmədən qalıb. Bizim soydaşlarımız Xocalıda, Malıbəyli və Meşəlidə qətl ediləndə heç kim çıxıb bizim həqiqətlərimizi dünyaya yaymayıb. Özümüz qazanmışıq bu qələbəni, əvəzində qurbanlar verərək…

Milli Məclisin deputatı Müşfiq Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında tarixə nəzərə salaraq, Azərbaycanın keçdiyi proseslərdən söz açıb. O, qeyd edib ki, Azərbaycan Vətən müharibəsi başlamadan öncə, o cümlədən bu 30 il ərzində davamlı şəkildə beynəlxalq hüquqi normalarına uyğun şəkildə və beynəlxalq ictimaiyyətin qəbul etdiyi normalar çərçivəsində Ermənistanla bu münaqişənin aradan qaldırılması üçün bütün mümkün olan təklifləri, bütün mümkün olan müzakirələri və müxtəlif formatlarda olan müzakirələri qanuni şəkildə davam etdirirdi. Lakin buna baxmayaraq, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazisində etnik separatizmi qızışdırmaq cəhtlərindən geri qalmadı və bunun nəticəsində davamlı şəkildə Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş torpaqlarda dağıntı, yağma və Azərbaycan izlərinin silinməsi prosesi davam edirdi. Bütün bunlara qarşı heç bir beynəlxalq qurum, heç bir beynəlxalq ictimaiyyət nümayəndələri və özlərini sivil dünyanın aparıcı qüvvələri sayan heç bir dövlət konkret bir mövqe ortaya qoymur, ortaya qoyulmuş mövqelər də bəyanat səviyyəsində qalırdı.

“Azərbaycan özü həm BMT qətnamələrini həyata keçirdi, həm də ali baş komandanın rəhbərliyi altında bütün xalq birləşərək ərazi bütövlüyünü bərpa etdi və Qarabağ münaqişəsi birdəfəlik həll olundu. Bu bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycan öz üzərinə düşən öhdəlikləri hər zamankı kimi yerinə yetirdi. Və bütün razılaşmanın bəndləri Azərbaycan tərəfindən icra olunmağa başladı.

Çox təəssüf ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri həyata keçirmək barəsində düşünmədi. Müxtəlif yayındırıcı şərtlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisində varlığı davam edirdi. Azərbaycan öz öhdəliklərini həyata keçirməklə birlikdə, bütün ərazisində suverenliyinin bərpası üçün addımlar atdı. Azərbaycan son nəticədə Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan bayrağını dalğalandırdı”-deyə deputat qeyd edib.

Deputat bildirib ki, bundan sonra davamlı şəkildə müxtəlif ölkələrin müşahidə missiyası adı altında təxribat işləri həyata keçirilməyə başlandı. Atəşkəs rejimi deyilən bir rejim özlərindən uyduraraq, amma əslində təxribatlarla məşğul olan pozucu qüvvələr, istər dinc quruculuqla məşğul olan şəxslərə qarşı, istərsə də Azərbaycanın güc strukturlarına qarşı bir neçə təxribat törətdilər.

“Təbii ki, bundan sonra Azərbaycan davamlı şəkildə bəyan etdiyi kimi lokal anti terror tədbirlərinə başladı və 23 saat ərzində bu prosesi həyata keçirərək, bütün terrorçuları təslim olmağa məcbur etdi. Və bundan başqa qondarma seçki keçirərək, özünü qondarma prezident elan etmiş bir şəxs isə kapitulyasiya aktına imza atdı və qondarma “artsax respublikası” deyilən oyuncaq qurum özünün puç olduğunu bir daha sübut etdi və iflasa uğradı.

Ermənistan və onun havadarları, etnik separatçılar və onları qızışdıran qüvvələr düşünürdü ki, beynəlxalq ictimaiyyət adı altında müxtəlif təzyiq metodlarından istifadə edərək, Azərbaycanı sıxışdıraraq və müxtəlif qətnamələri qəbul edərək, bizim haqq mübarizəmizin yarımçıq qalmasına nail olacaq, sonra da imkan düşdüyü an yenidən bölgədə münaqişə oyadıb və Azərbaycana kürəyinə hər zaman olduğu kimi xəncər vuracaqlar”-deyə deputat qeyd edib. Onun sözlərinə görə, lakin həm düşünülmüş siyasət ordunun, hətta Birinci Qarabağ müharibəsindəki məğlubiyətlərdən xalqın bir daha belə çalxantılı duruma düşürülməməkdən ötrü ölkənin daha da möhkəmləndirilməsi üçün öncədən addımlar atılmışdı, həm də bizim qələbəmizdən sonra nəinki orduda modernizasiya işləri dayandırılmış, əksinə ordu daha da gücləndirilmiş hala gətirilmişdi. Siyasi diplomatik gedişlər edilərək, Azərbaycan bütün özünü təhdid edən durumlara qarşı hazır vəziyyətə gətirilmişdi. Ona görə də ermənilərin düşüncələri və onların havadarlarının xülyaları puça çıxarıldı.

“Burada da ən önəmli rol və bütün xalqın duyğularını təmsil edən və xalqı yumruq kimi birləşdirərək, silahlı qüvvələrə, fitri istedada malik ali baş komandan kimi rəhbərlik edən İlham Əliyev müzəffər ali baş komandan kimi öz xalqını öz dövlətini qələbəyə apardı. "Dəmir yumruq" təxribatçı qüvvələrin başına endirildi və son nəticədə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Xankəndində Azərbaycan bayrağı dalğalandı. Xoşbəxt bir gün, xoşbəxt bir zamana biz şahidlik edərək, onu deyə bilərik ki, bundan sonra cənab prezidentin dediyi kimi buralarda Azərbaycan dili səslənəcək, Azərbaycan mahnıları oxunacaq və Azərbaycan bayrağı dalğalanacaq”-deyə Müşfiq Məmmədli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »