Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvətsiz, tələbkar və azad təhsil üçün Türkiyənin təhsil sistemindən bəhrələnmək olar...
Rüşvətsiz, tələbkar və azad təhsil üçün Türkiyənin təhsil sistemindən bəhrələnmək olar...

İnformasiya əsri fərdlərə məlumatı təkcə qəbul edib istifadə etməyə imkan vermir. Eyni zamanda onları istehsal etməyi və problemlərin həllində istifadə etməyi tələb edir. Buna uyğun olaraq informasiya cəmiyyətini formalaşdıracaq şəxslər, ətraflı düşünməli, hadisələrə tənqidi baxmağı bacarmalı, yaradıcı, məhsuldar olmalı, problem həll etmə gücü yüksək olmalıdır. Təhsil sisteminin ən yüksək pilləsi olan ali təhsil fərdlərə bu xüsusiyyətləri verməklə fərdi və ictimai funksiyaları yerinə yetirə bilir. Bu səbəbdən ali təhsil proqramlarında informasiya əsrinin insanları yetişdirə biləcək xüsusiyyətlər olmalıdır. İnformasiya əsrində ali təhsilin funksiyası fərdlərin qabiliyyət və maraqlarını müəyyən etmək və onları inkişaf etdirən tədris metodlarını tətbiq etməkdir. Müasir təhsil sistemi fərdi ehtiyaclara cavab verən, fərdi fərqlilikləri müşahidə edən, fərdlərə yaşadıqları çağa və cəmiyyətə uyğun yaşamağa imkan verəcək keyfiyyətlər qazandıran dərəcədə insanların özünü dərk etməsinə xidmət etmiş hesab olunur. Bu səbəbdən cəmiyyətlər öz təhsil sistemlərinin fəaliyyətini effektiv və səmərəli şəkildə həyata keçirməyə çalışırlar. Azərbaycan təhsil sistemində məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali təhsil kimi mütərəqqi alt sistemlərdən ibarətdir. Onlar bir-biri ilə ahəngdar münasibətdə olmalı, informasiya cəmiyyətini formalaşdıracaq şəxsiyyətlər yetişdirməlidirlər. Amma ali təhsildə yaşanan problemlər məktəbəqədər, ibtidai və orta təhsilə də mənfi təsir göstərir. Bu səbəbdən ali təhsil proqramlarında informasiya əsrinin insanları yetişdirə biləcək xüsusiyyətlər olmalıdır. Bu barədə sonra danışacağıq. Bu gün isə problem fərqlidir.

Bir neçə gün əvvəl, Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda bildirildi ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Maraqlısı budur ki, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb. Qalan 137 nəfəri isə imtahanda iştirak etməyib. Bu müəllimlər işdən çıxarılacaqlar. Bu məsələ bir kənara… Problem ondadır ki, 743 müəllim, uzun illər müxtəlif təhsil müəssisələrində “təhsil verməklə” məşğul olub. Nazirliyin məlumatında qeyd edilib ki, təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq.

Bir müddət əvvəl isə, Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan etdi. Qeyd edildi ki, Ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə, xüsusilə bu il keçid balının aşağı olması və bu səbəbdən də ali təhsil müəssisələrinə daxil olmağın asan olduğu qeyd edilib. Bəzi sosial şəbəkə istifadəçiləri keçid balının aşağı olmasından narazı olsa da, vurgulanmalıdır ki, digər ölkələrdə universitetlərə daha aşağı balla daxil olmaq mümkündür. Qardaş Türkiyədə ali təhsil almaq istəyənlərə bu şans verilir. Hətta bəzi universitetlər atestatla belə qəbul həyata keçirirlər. Azərbaycan ali təhsil müəssisələrindən fərqli olaraq Türkiyədə ali təhsil müəssisəsinə daxil olmaq nə qədər asan olsa da,təhsil almaq, diploma sahib olmaq bir o qədər çətindir. Yəni dövlət hər bir kəsə ali təhsilli olmaq şansı verir. Amma bu şansdan necə istifadə edəcəyininin məsuliyyətini fərdlərin öz üzərində buraxır.

Təhsili davam etdirmək, imtahanlarda keçid balını toplaya bilmək çətindir və Türkiyə ali təhsil müəssisələrində “rüşvət” yoxdur. Yəni tələbə ali təhsil müəssisəsinə daxil olur, amam təhsilini bitirə bilmək üçün həddən artıq çox çalışmaldır. Qəbul olunduğu ixtisas üzrə 4 il müddətində (+3) imtahanlardan keçə bilmədiyi halda təhsil müəssisəsindən kənarlaşdırılır. Azərbaycanda isə vəziyyəti hamı yaxşı bilir. Məsələn sertifikasiyadan keçə bilmədiyi üçün işdən uzaqlaşdırılacaq 743 müəllim ali təhsillərini hansı şəraitdə və necə alıb?

Bu gün informasiya əsrində yaşayırıq və ali təhsil proqramları tələbələrə yaşın tələb etdiyi səriştələri təmin etməyi hədəfləməlidir. İnformasiya əsrində aktiv ola bilən insanların əsas xüsusiyyətləri, aydın və təsirli düşünmək və onları yaza bilmək, tənqidi anlayışa malik olmaq, hadisələri geniş çərçivədə qiymətləndirmək, bir sahə üzrə dərin biliyə İnformasiya əsrində məqsəd fərdlərə çox şey öyrətmək deyil, onların öyrənmə qabiliyyətlərini inkişaf etdirmək olmalıdır.

İnformasiya əsrində universitet gəncləri insan hüquqlarına, demokratiya prinsiplərinə, öz hüquqlarına və cəmiyyətin hüquqlarına hörmətlə yanaşmalı, bu hüquqlara görə özlərini məsul tutmalı və bu prinsipləri həyat tərzinə çevirməlidirlər. Qısacası bir qədər, çox uzaqdan deyil, Türkiyə təhsil sistemindən bəhrələnməkdə fayda var… Rüşvətsiz, tələbkar və azad…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Son xəbərlər
Bütün xəbərlər »