Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyard dolların xərcləndiyi, hələ də düzəlməyən yol: Bakı-Quba-Rusiya magistral "məzarlığı"
Milyard dolların xərcləndiyi, hələ də düzəlməyən yol: Bakı-Quba-Rusiya magistral "məzarlığı"

Bakı-Quba-Rusiya yolu təmir olunur. Daha bu xəbərə təəccüblənmirik. 15 ilə yaxındır, yolun üzərində dəlləklik öyrənilir, amma heç cür bitmir. Bakıdan şimal istiqamətə yol problemi həllini tapmır. Bu işə azı 1 milyard dollar xərclənib.

Bizimyol.info xəbər verir ki, Bakı-Quba-Rusiya yolunun bir neçə yerində yenə təmir işlərinə başlanılıb. Bu dəfə Rusiya istiqamətində işlər aparılır. Çünki keçən il Bakı istiqaməti əsaslı təmir edilmişdi. İnsafən, həmin yolun keyfiyyətinə söz ola bilməz. Amma milyonlarla pulun havaya sovrulduğunu xatırlayanda sarsılmamaq mümkün deyil. Yolu əvvəldən bu səviyyədə istifadəyə vermək mümkün idisə, onda məsul qurumlar niyə hoqqa çıxarırdı?!

Əvvəlcə beton yol çəkildi. Sonra məlum oldu ki, keyfiyyətsiz iş, üstəlik, artıq yük götürən ağırtonnajlı maşınların hərəkəti vəziyyəti korlayır. Bir neçə ilə yol sıradan çıxdı. Sürücülər illərlə əziyyət çəkdi. Nə qədər qəzalar oldu. Dövlət Statistika Komitəsi bununla bağlı konkret hesabat təqdim etmir. Amma yüzlərlə ailəyə yas düşməsi heç kimə sirr deyil. Təkcə 2022-ci ilin fevralında yolun Tağıyev qəsəbəsindən keçən hissəsində yolun keyfiyyətsizliyi üzündən avtomobil qəzaya uğramasını xatırlamaq kifayətdir. Onda ailənin üç üzvü həyatını itirmişdi. Azərbaycan Avtomobil Yolları məsuliyyəti sürücünün üzərinə qoymağa tələsmişdi. Hərçənd, videogörüntülər həqiqəti deyirdi. Yoldakı çala avtomobildə idarəetməni itirməyə səbəb olub, faciə baş verib.

Bakı-Quba-Rusiya yolu 2010-cu ildə istifadəyə veriləndə təxminən 800 milyon dolların xərclənməsindən danışılırdı. Sonradan yenə nə qədər xərc çəkilib.

Onillərdir şimal zonasının camaatı əziyyət çəkir. Problem heç cür həllini tapmır. İndi də yenə sürücülərin, avtomobillərdəki sərnişinlərin həyatı təhlükəyə atılır. Yolun Bakı istiqamətindəki hissəsi qarşılıqlı hərəkət sisteminə keçirilib. Həftəsonu əməlli-başlı tıxac yaranır. Qəza xəbərləri də gəlməyə başlayıb. Biz hələ qarşılıqlı hərəkət sisteminə keçirilmiş yolun sıradan çıxarılmasından danışmırıq. İstər-istəməz yol zərər görür. Məqsədyönlü, məsuliyyətli işin aparılmaması belə nəticələnir. Bir yol milyard dollardan çox vəsait, yüzlərlə insan həyatı bahasına başa gəlir. Korrupsiya sözün birbaşa mənasında öldürür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »