Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaşınmayan yerdən qan çıxaranlar...
Qaşınmayan yerdən qan çıxaranlar...

Dostluq qurmağa ağıl və iradəsi çatmır. Düşmənçiliyi də heç olmasa, kaş bacaraydılar. Düşmən sarıdan bəxtimiz gətirməyib. Nə düz-əməlli vuruşmağı bilirlər, nə barışmağı. Adam dostluğu da, düşmənçiliyi də gərək kişi kimi edər. Ancaq nəyi qoyub, nəyi axtarırıq!

Ermənistanı deyirəm. Ötən ilin dekabrında Azərbaycandan BMT Təhlükəsizlik Şurasına şikayət elədi, baxan olmadı. Sonra Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verdi, uduzdu. Qayıtdı, yenə də BMT TŞ-nın qapısında yatdı. Axırı nə oldu?! Göz qabağındadır. Fiaskoya uğradı. 3-5 dövlətin quru sözdə dəstəyini aldı. Bəs çoxluq nə dedi?! Çoxluq dedi: Get, otur oturduğun yerdə". Adamlara başa saldılar ki, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı deyilən prinsiplər var. Dedilər, adam olub, adam yolu ilə gedin. Xankəndinə Ağdam yolu ilə gedin. Vəssəlam!

Bunu biz demişdik də. Gərək elə vəziyyətə çatdıraydınız ki, bütün dünyadan eyni cavabı alaydınız?!

Bu da Ararat Mirzoyanın "uğurlu diplomatiyası"! Əvvəldən də görürdü ki, bu işin sonu pis yerə gedir; BMT TŞ onun istədiyi, gözlədiyi qərarı verməyəcək, yenə də o yolu getdi. Görə-görə getdi, palçığa batdı, yenə də höcətindən qalmadı. Hərçənd başqa canlılar palçığa batdığı yerdən ikinci dəfə getmir. Əgər baş nazir Nikol Paşinyan və xarici işlər naziri Mirzoyan nəticənin belə olacağını hesablaya bilməyibsə, bu da, yumşaq desək, xidməti uyğunsuzluqdur. Bunlar da bir yana. Bütövlükdə götürsək, Ermənistanda dediyini edə bilməyən, etdiyini deyə bilməyən bir hökumət zehniyyəti var. Baş nazir vəzifəsi kimi məsuliyyətli bir məqamın sahibi şifahi olaraq deyir ki, Azərbaycanın 86,6 kvadrat kiıometrlik ərazisini tanıyır. Ancaq bunu kağıza yazmağa, imza atmağa gələndə, iradəsi çatmır. Qafqazda "kişi sözü" deyilən bir anlayış var. Elə bu davranışları sübut edir ki, Qafqaza gəlmədirlər; Qafqazın nə ərazisinə bağlıdırlar, nə ənənələrinə. Qafqaz da bir yana. Britaniya şifahi Konstitusiya ilə idarə olunur; normal insan verdiyi sözü tutar. Ancaq...

Qaçıb BMT-yə qədər şikayət etdilər. Sonu nə oldu?! Məğlubiyyət. "Zəif pəhləvan məğlubiyyətə doymaz". Anadolu türklərində belə bir deyim var. Ermənistana münasibətdə tam yerinə düşür.

Dünən gedə BMT TŞ-nın iclasını izləyirdim. Fransa özünü öldürürdü. Bir də bir neçə özü kimisi. Tam bir çığır-bağır. Nəticə: fiasko!

Azərbaycan diplomatiyası isə, əksinə, mükəmməl işlədi. Virtouz məharəti göstərdi. Və diplomatik qələbə!

Yaxşıya yaxşı demək lazımdır. Azərbaycanın tutarlı və ardıcıl bir mövqeyi var. Bu dəfə də boşluq buraxmadıq. Belə haqlı və əsaslı mövqeni qəbul etməyənlər əslində haqqa-hüquqa münasibətini ortaya qoydu və... uduzdu. Belə cılız, cığal, xırdaçı oyunları oynayan Ermənistandır, amma ən çox ABŞ, Fransa kimi böyük dövlətlər oldu; bizə qəribə gələn, təəssüf doğuran budur.

Bir oyunu da belə pozduq. Amma, nə yazıq ki, sonuncu da olmayacaq. Ermənistan təxribatçı gedişlərini, böyük ehtimalla, davam etdirəcək. Və ona arxa duranlar da, görünür, dinc durmayacaqlar. Bunlar beynəlxalq hüquq prinsiplərinə qayıtmayınca, bu PRİNSİPSİZ güruhla hələ çox qarşılaşacağıq, yəqin.

Hərçənd elə olmaya da bilər; masadan qalxdıqları kimi yenidən otursunlar. Sözdə dediklərini əməldə təkrarlasınlar, problem olmaz. Amma hələ ki qaşınırlar; qaşınmayan yerdən qan axtarırlar. Qanla bəslənən canlının isə təbiətdə bir adı var...

P.S. Bir mətləbə də toxunum. Biz Qarabağdakı separatçıları tanımırıq. Əslində tanımalıyıq. Ancaq necə?!

Biz indi deyirik ki, Azərbaycan dövləti özünü "Dağlıq Qarabağ Respublikası", "prezident", "hökumət", "parlament" adlandıranları tanımır. Ancaq biz onların hamısını terror təşkilatı kimi rəsmən tanımalıyıq. Çünki özünü "prezident", "nazir" və sair adlandıranlar Xankəndi başda olmaqla bir sıra Azərbaycan şəhər və kəndlərində mülki əhalini girov saxlayır. Mülki əhalini girov tutub tələblər irəli sürənlərin isə bir adı var: terrorçu.

İsrail belələri ilə heç danışıq aparmır. Bunu da yeri gəlmişkən yazdım.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »