Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ali təhsil alanlar üçün iş zəmanəti yoxdur
Azərbaycanda ali təhsil alanlar üçün iş zəmanəti yoxdur

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda 107 mindən çox abituriyent iştirak edib. Onların 92 min 544 nəfəri ali təhsil müəsissələrinə ərizə verib. Dövlət bakalavr pilləsinə qəbul yerlərinin sayını artırıb. Təxminən 60 min nəfərin tələbə adını qazanacağı gözlənilir. Yəni hər üç ərizəçidən ikisinin istəyini həyata keçirməsi mümkündür.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda ali məktəblərə qəbul planı getdikcə daha da artırılacaq. 2026-cı ildə azı 74 min abituriyentin tələbə olacağı ehtimal edilir. Azərbaycanda əhalinin təxminən 17 faizi ali təhsillidir. Bu göstəriciyə görə postsovet məkanında autsayderlər qrupunda qərarlaşmışıq. Ölkədə daha çox insanın ali təhsilə ehtiyacı var. İlk baxışdan belə görünür ki, hökumət bunun qayğısını yaşayır. Axı, zamanla universitetlərə qəbul planı artırılır. Amma belə addımla problemi həll etmirlər, sadəcə, quru statistika yaxşılaşdırılır.

Abituriyent qəbulu artır, lakin iş zəmanəti yoxdur. Bir nəfər çıxıb demir ki, bu tələbələr ailə təhsili başa vurandan sonra harada işləyəcəklər. Azərbaycanda əmək bazarı can verir. Mütəxəssislərə özünü ifadə etmək üçün yer yoxdur. İşsiz qalan alitəhsilli gənclər daha çox ölkəni tərk etmək barədə düşünürlər.

Hələ ondan danışmırıq ki, qəbul planı həm də zəif abituriyentlərin hesabına artırılır. Xüsusilə, I və IV ixtisas qruplarında 200 və daha aşağı balla dövlət sifarişi əsasında qəbula nail olmaq mümkündür. Hökumət kəmiyyəti dayanmadan artırır. Amma hər şeydən əvvəl keyfiyyət barədə düşünülməlidir.

Əlbəttə, ölkədə daha çox alitəhsilli şəxsə ehtiyac var. Bunun üçün vətəndaş gerçək qayğı hiss etməlidir. Ali təhsil müəssisələrinə qəbulu asanlaşdırmaq əvəzinə sağlam rəqabət mühiti yaradılmalıdır. Məzunlar üzərində yaxşı işləməli, qəbul olunacağı halda firavan gələcək üçün vacib addım atdığına əmin olmalıdır. Yoxsa quru diplom əldə etmək heç bir işə yaramır. Ali təhsil müəssisəsinə qəbul uşaq oyuncağına çevrilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »