Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kisida Ukraynadakı müharibənin uzanacağını proqnozlaşdırıb
Kisida Ukraynadakı müharibənin uzanacağını proqnozlaşdırıb

Yaponiyanın baş naziri Fumio Kişida hesab edir ki, Ukrayna ətrafında vəziyyət uzanmaqda davam edəcək və “Böyük Yeddilik” (G7) ölkələri Kiyevi dəstəkləməkdə həmrəy olmalıdırlar.

Bizimyol.info xəbər verir ki, o, bu fikri çərşənbə günü "NHK" telekanalına müsahibəsində bildirib.

“Ukraynada hazırkı müharibənin uzanacağı ilə bağlı qorxular var. Hesab edirəm ki, məhz bu kontekstdə G7 yenidən birləşməli və Ukraynaya qarşı güclü həmrəylik nümayiş etdirməlidir. Rusiyaya qarşı daha sərt sanksiyalar və Ukraynaya güclü dəstək verilməlidir. Biz müharibə başlayandan indiyə qədər olan vəziyyəti davam etdirəcəyik. Mən belə bir siqnalın G7 sammitində göndərilməsini vacib hesab edirəm”, - hökumət başçısı deyib.

G7 liderlərinin Xirosimada keçiriləcək görüşü barədə danışan Kişida bunu çox əlamətdar və simvolik xarakterli hadisə hesab etdiyini qeyd edib: “Dünya liderləri sülh və sabitlik məsələlərini müzakirə etmək üçün buraya toplaşacaqlar. Problemli beynəlxalq ictimaiyyət tarixi dönüş nöqtəsi ilə üz-üzə qaldığına görə, mən hesab edirəm ki, bu cür müzakirələr üçün Xirosimadan daha yaxşı, rəmzi şəhər yoxdur. Biz həmçinin enerji və qida kimi genişmiqyaslı beynəlxalq böhranlarla necə mübarizə aparacağımız sualı ilə üzləşirik”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki,2023-cü ildə G7-yə Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək “Yeddilik” qrupunun sammiti 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalmış şəhəri Xirosimada keçiriləcək. Sammitə Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreyanın liderləri də dəvət olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »