Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz bayramı unudula bilərmi?
Novruz bayramı unudula bilərmi?

"Bayram heç vaxt unudula bilməz. Nəyə görə? Çünki bu təbiət hadisəsi hər il baş verir. Hər il yerin Günəş ətrafındakı 1 illik dövriyyəsindən sonra yenidən yaz bərabərliyi nöqtəsindən Günəş-yaz bərabərliyi nöqtəsinə gəlib çatır və o zaman bu bayram baş verir. İl dəyişir, bahar daxil olur. Bu həyatın, dialektikanın qanunudur. Nə qədər ki, bu dialektika var, Novruz da davam edəcək".

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli danışıb. Onun sözlərinə görə, Novruzun təbii əsası olması, heç bir ehkama bağlı olmaması və heç bir dinlə əlaqəsinin olmaması sübut edir ki, bu bayram daima olub və hər zaman olacaq.

Atəş Əhmədli Atəş Əhmədli

“Bir ay ərzində xüsusən ilaxır çərşənbə və bayrama yaxın olan dövrlərdə bütün arxaik mədəniyyət yenidən canlanır. Bizim arxaik mədəniyyətdə nə varsa qeyd etdiyim canlanır. Kosa-keçəl oyunu, mətbəx mədəniyyəti şəkərbura, paxlava, Günəş-ay və ulduzu, simvolizə edən həmin bişinti məmulatları, icra olunan fallar, rituallar və s. digər məsələlər. Bütün bunlar hamısı onu göstərir ki, bu hər il təkrarlanır.  Min qazanılan təcrübə yenidən canlanır” - deyə Atəş Əhmədli qeyd edib.

“Mənim narazı qaldığım məsələlər Kosa və Keçəlin rumyanalı, pomadalı təqdim olunmasıdır. Düşünürəm ki, klassik formada təqdim etmək daha yaxşı olardı. İkinci bir tərəfdən gənclərin daha çox ənənəyə bağlı olmasını istəyərdim. Bayram vaxtı insanlar paylaşırlar, öz yaxınlarına, imkansızlara kömək edirlər, əl tuturlar. Bu harmoniyanı biz tuta bilirik. Xalq bərabər şəkildə bayramı keçirə bilir. İnsanlar bunun fəlsəfəsini daha dərindən anlasalar daha yaxşı olardı. Novruz barışdırıcı sülh bayramıdır. Novruz Azərbaycanın sülhsevər ölkə olduğunu nümayiş etdirən bayramdır”-deyən folklorşünas qeyd edib ki, Novruz özündə çox sayda gözəl adətləri, ideyaları birləşdirir. Onun sözlərinə görə, xalqımız o qədər böyük düşüncəyə malikdir ki, təbiətdə baş verən bərabərliyi, kosmosda baş verən gecə-gündüz bərabərliyini insan cəmiyyətinə tətbiq edir. Bu, böyük bir fəlsəfədir.

“Mən istərdim gənclər bu fəlsəfəni anlasınlar, Novruz bayramını şəkəbura-paxlama bayramı kimi deyil, böyük bir mədəniyyət hadisəsi kimi qeyd etsinlər. Novruzda təbiət təzələnir, insanın ruhu təzələnir, insan daha çox yaratmaq istəyir. Yaradıcı insanlar ən gözəl əsərlərini bu dövrdə yaradıblar”-deyə Atəş Əhmədli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »