Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslam tarixinin təməl mübahisə mövzusu: Məzhəb nədir?
İslam tarixinin təməl mübahisə mövzusu: Məzhəb nədir?

İslam dininin ortaya çıxmasından günümüzə qədər öz populyarlığını qoruyan, bəzilərinin minlərlə tərafdarı olan və mənsublarını arxasınca aparan məzhəb mübarizəsinin şahidiyik. Avropanın uzun əsrlər boyu muharibələr apardığı, axırda heç bir faydasının olmadığını gördükdən sonra bunları bir kənara qoyaraq öz “ümmətləri”ni meydana gətirdiyi bir dövrdə yaşarkən, biz 1400 ilə yaxındır ki, qalibi olmayan bir mübarizə aparırıq. Kimin xəlifə olacağı, hansı məzhəbin haqq olduğu sualına 1400 ildir ki cavab axtarırıq.

Uğruna çoxlu insanların öldüyü, dövlətlərin qurulduğu, bəzən iqtidarların siyasi xəttinin bunun üzərində müəyyənləşdiyi, siyasi iqtidarların təsirində olan alimlərin mənsubları haqqında dinsiz, imansız, kafir, mürtəd fətvası verdiyi bu məzhəb nədir, niyə var və necə başa düşülməlidir?

Bu mövzu ilə bağlı Bizimyol.info xəbər portalının suallarını Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu cavablandırıb.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

- Şahin bəy, məzhəb nədir? Necə meydana gəlib?

- Məzhəb ərəbcə bir kəlmə olub lüğətlərdə, fikir, düşüncə, fərqli davranış, gedilən yol mənasında işlədilir. Terminoloji mənası isə müəyyən bir dinin tarixində müxtəlif anlayışların təşkilatlanmış sistemlərini ifadə edir. Əsasən məzhəblər dedikdə iki variant başa düşülür. Birincisi Hənəfilik, Şafilik, Cəfərilik kimi əməli (fiqhi), ikincisi isə Xaricilik, Mötəzilə, Mürciə, Maturidilik, Əşarilik, Vəhhabilik və Şiəlik kimi siyasi və etiqadi (inanc) məzhəblər. Məzhəblərin ortaya çıxmasının bir çox səbəbi var. Hər məzhəb öz dövrünün dini, mədəni, ictimai və siyasi mühitinin təsiri nəticəsində meydana gəlib. Məzhəblərin ortaya çıxmasının əsas səbəbi insanın özüdür. Bir şeyi ifadə etmək lazımdır ki, din insana göndərilib. Dini anlayan da insandır. Hər insan dini yetişdiyi mühitə görə başa düşür və izah edir. İnsan ağıllı, həm də sosial və siyasi bir varlıqdır. Beləliklə, insan dini və məzhəbi sosial, siyasi ağlı ilə dərk edir. Buradan belə nəticə çıxır ki, insanlar müxtəlif düşüncələrə sahibdirlər, dini və məzhəbi müxtəlif şəkildə başa düşürlər. Məzhəblərin ortaya çıxmasının digər səbəblərindən biri də ictimai sistemlərdir. İnsanın meydana gətirdiyi ictimai sistemlər müxtəlifdir. Dinin gəldiyi ərəb cəmiyyəti ilə türklərin yaşadıqları cəmiyyət bir-birindən çox fərqlidir. Bəzən bu cəmiyyətlərin tarixdən gələn adətləri, ənənələri, yeni yaranan dinlə qarışır. Beləcə dinlə qarışmış bir anlayış meydana gəlmişdir. Siyasi hadisələr də məzhəblərin ortaya çıxmasında təsirli olub. Çünkü insanın var-dövlət, iqtidar olmaq, idarə, hökmranlıq etmək arzusu var. O bu arzularını həyata keçirmək üçün yeri gələndə dindən və məzhəbdən istifadə etmişdir. Həzrət-i Peyğəmbərin (S) vəfatından sonra ilk xəlifə seçkisində və sonraki proseslərdə bunu əyani şəkildə görürük. Əmi uşaqları olan Haşimilərlə Əməvilərin iqtidar mübarizəsi nəticəsində çox sayda firqə meydana gəlmişdir. Tədqiqatçıların bir çoxunun fikrinə görə, müsəlmanların arasında ilk ixtilafların mənşəyi məhz Haşimi-Əməvi mübarizəsidir. Dinlər gəlsə də qədim mədəniyyətlər öz varlıqlarını davam etdirirdilər. Çünkü dövlət qurulur, yaşayır, ölür, mədəniyyətlər isə çox vaxt ölməz, öz varlıqlarını bu və ya digər dinin, inancın içində yaşadırlar.

Müsəlmanlar ətraf bölgələrə yayıldıqca burada yaşayan müxtəlif dinlər və inanclarla qarşılaşdılar. Yeni müsəlman olanlar İslam dinini qəbul etdilər, ancaq öz yaşam tərzlərinin, inanclarının bir qismini qoruyub saxladılar. İnsanların özlərinə “əzab” vermələrini, “qurtarıcı” gözləmələrini buna misal göstərmək olar.

Dinin mənşəyi vəhydir. İslam dininin kitabı Quran-i Kərimdir. Quranın doğru anlaşılması gərəkir. Quran ayələri onu dərk edən insan tərəfindən bəzən müxtəlif şəkildə izah edilir. Hər insan onu öz dünya görüşünə görə anlamağa çalışır. Belə olduğu təqdirdə bir ayə haqqında müxtəlif fikirlər ortaya çıxır. Məzhəblərin ortaya çıxmasının bir səbəbi də Quranın müxtəlif şəkildə təfsir edilməsi və açıqlanmasından qaynaqlanır. Hədislər də dinin və məzhəbin anlaşılmasında xüsusi yer tutur.

- Məzhəblər öz dəlillərini nə üzərinə əsaslandırır?

- Hər məzhəbin özünə görə bir hədis ədəbiyyatı var. Bəli, hər məzhəb öz dəlillərini Quran və hədislər üzərinə inşa edir. Ümumilikdə hamısının bir hədəfi olur; öz məzhəbini haqq, digərlərini batil çıxartmaq. Söylədiyimiz kimi dinin qaynağı vəhydir. Məzhəb, cərəyan, təriqətlər isə insan təfəkkürünün nəticəsidir. Dinin mənşəyi vəhy olduğu üçün onda hər hansı bir problemin olması mümkünsüzdür.

Məzhəblərin ortaya çıxmasının səbəbkarı insan olduğu üçün yanılma payları hər zaman olmuşdur və olacaqdır. Məzhəblər, İslam dininin mənsublarının məhsuludur və dinin anlaşılma şəkilləridir. Məzhəblərin fərqli olması isə zənginlikdir. Dünya, yaşadığımız həyat rəngarəng olsa, daha mənalı olar. “Hamı mənim kimi düşünməlidir” anlayışı insanın fitrəti ilə ziddiyyət təşkil edir. Biz insanların dəriləri, dilləri, zövqləri, dünyagörüşləri fərqli deyilmi? İslam bir-birindən fərqli olan bizlərə birlikdə yaşamaq üçün nümunəvi bir sistem təqdim edir. Bununla əlaqədar Quran-i Kərimdə belə buyurulur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən o sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Al-i İmran 3/103).

Yer üzü hamımızındır. Yer üzərində hamımıza kifayət edəcək qədər yeraltı və yerüstü qaynaqlar var. Zənginlikləri aramızda ədalətli şəkildə bölüşsək, yetimə, yolda qalana, ehtiyacı olana kömək etsək, məzhəblərə və mənsublarına hörmətlə yanaşsaq, müxtəlif inanclara; Müsəlman olsun olmasın, inansın inanmasın, hamını, məhz, insan olduğu üçün sevsək, Tanrı bizim üçün daha gözəl fürsətlər verəcək.

İradə Cəlil

Son xəbərlər
Bütün xəbərlər »