Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aydın oldu ki, İranda təhsil alıb gələnlər faydalı işlər görmürlər"
"Aydın oldu ki, İranda təhsil alıb gələnlər faydalı işlər görmürlər"

Azərbaycan əhalisinin çox hissəsi məzhəb baxımından İrana yaxındır. İran da bundan öz siyasi maraqları üçün hər zaman istifadə edib. Bu gün belə İran əleyhinə yazılan fikirlərə, İranda baş verən iğtişaşlara Azərbaycan daxilində bir mənalı yanaşmayan, öz etirazını dilə gətirən, əslində İranda baş verən hadisələrin dinə qarşı aparılan bir təbliğat olduğunu düşünən bir kəsim var. Bu kəsim açıq şəkildə İranı müdafiə edir və hətta İranın təxribat xarakterli məlumatlarını yaymağa çalışırlar. Düzdür, Azərbaycan hüquq-mühafizə orqanları, təhlükəsizlik xidməti və s. digər qurumlar bu istiqamətdə gərgin iş aparır. Təxribatçılar saxlanılır, onların planlarının qarşısı alınır. Maraqlısı budur ki, İranın Azərbaycan daxilində kifayət qədər “din qardaşları” mövcuddur.

  • Azərbaycan bir dövlət olaraq nə kimi addımlar atmalıdır?

Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr uzun əsrlər əvvələ dayanır. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdi. 70 illik Sovet rejiminin Azərbaycandakı dini təxribatları, təzyiqləri istər-istəməz bəzi mənfi nəticələrə gətirib çıxarmışdı. Buna görə də, Azərbaycanda din sahəsində ciddi bilgi əskikliyi, məlumatsızlıq vardı. İran da bunu bildiyi üçün 1991-ci ildən başlayaraq, Azərbaycanda məzhəbi əsasları göstərərək fəaliyyətə başlamışdı.

“Həmin dövrlərdə Azərbaycandan çox sayda insan İranın müxtəlif şəhərlərində dini tədris almağa başladı. Amma daha sonra aydın oldu ki, burada təhsil alanlar heç də Azərbaycanın çıxarları nöqteyi-nəzərindən faydalı işlər görmürlər. Bu da Azərbaycan dövlətinin özünün müstəqil şəkildə dini sahədə addımlar atmasına səbəb oldu”,- deyə professor bildirib. O, qeyd edib ki, bundan sonra Azərbaycan özünün dini sahədəki kadrlarını özü yetişdirməlidir, din tədrisi ilə əlaqədar yeni müəssisələr açılmalıdır. Bu müəssisələrdə yetişən din xadimləri, Azərbaycan xalqının dini sahədəki ehtiyaclarına cavab verə biləcək gücdə və qabiliyyətli olmalıdırlar.

“Azərbaycan əgər bunu edə bilərsə, o zaman İranın ölkəmizə olan, ən azından bu sahədəki təzyiq və təsirlərini aradan qaldıra biləcək”,- deyə professor Şahin Əhmədoğlu  əlavə edib.

Daha ətraflı müsahibəni aşağıdakı videoda izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »