Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu keyfiyyətlərə malik insanlar Tanrı qatında ən yüksək dəyərə malikdir"
"Bu keyfiyyətlərə malik insanlar Tanrı qatında ən yüksək dəyərə malikdir"

“Quran, prinsiplər kitabıdır. “Ədalətli olun, yaxşılıq edin, pis şeylərədn uzaq olun”.  Quran sadəcə müsəlmanları deyil, bütün insanları hədəf alır. Çünki ədalət və yaxşılıq hamıya lazımdır. Biz düşünməyi sevməyən bir toplumuq, düşünənlərə qarşı da bir az aqresiyamız var. Quranda ağıla çox vurğu edilir: “Heç düşünmürmüsünüz” deyə. Çünki insan ağlı, yanlışı doğrudan ayıra bilir və inkişaf edə bilir”

…. Əslində uzun müddət idi ki, danışmaq istyirdim Şahin Əhmədoğlu ilə. Bilirdim ki, Kırıkkale Universitetində İslami Elmlər Fakültəsində professor müəllimdir. Bir neçə gün əvvəl Bakıda Azərbaycan İlahiyyat İnstitutu və Kırıkkale universitetinin təşkilatçılığı ilə, “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” adlı simpozium keçirildi. Və beləcə Türkiyədən gələrək, simpoziuma qatılan Şahin Əhmədoğlu ilə danışa bilmək üçün yeni bir səbəbim oldu. Öncə keçirilən simpoziumdan danışdıq. Məlum oldu ki, bu simpoziumun keçirilməsində səbəbkar elə Şahin Əhmədoğlu özü olub. Professor bildirir ki, simpoziumun Bakıda keçirilməsinin səbəbi Türkiyə ilə Azərbaycan arasında dostluq münasibətlərinə töhfə vermək və inkişaf etdirməkdir.

Kırıkkale Universitetində İslami Elmlər Fakültəsinin müəllimi, professor Şahin Əhmədoğlu Kırıkkale Universitetində İslami Elmlər Fakültəsinin müəllimi, professor Şahin Əhmədoğlu

“Bir neçə il əvvəl İlahiyyat İnstitutu ilə Kırıkkale Universitetinin təşkil etdiyi beynəlxalq bir tədbir olmuşdu. O zaman mən təklif etdim ki, daha geniş miqyaslı bir tədbir keçirək və digər ölkələrdən də qonaqlar dəvət edək. Xüsusilə müsəlman ölkələrində bir ünsiyyətsizlik var. Biz bir-birimizi çox az tanıyırıq. Məqsədimiz İslam mədəniyyətində birlikdə yaşamanın kodları nədir, biz birlikdə yaşamağı necə öyrənməliyik və s. düşüncələri paylaşamaq və müzakirə etməkdir.

Bəşəriyyət qədim bir tarixə malikdir. Baxmayaraq ki, biz artıq XXI əsrdə yaşayırıq, amma hələ də insanlar bir-birini öldürmək üçün müasir silahlar istehsal edir, bir-birini öldürmək üçün yarışırlar” - deyir professor.

Şahin Əhmədoğlu qeyd edir ki, Türkiyə ilə Azərbaycan arasında 1991-ci ildən olan sıx əlaqələr şəxsində model yaradaraq, bunu müsəlman ölkələrinə yaymaq simpoziumun, daha doğrusu Şahin Əhmədoğlunun əsas məqsədidir. Fərqliliklərin, müxtəlifliklərin və problemlərin çox olmasına baxmayaraq, bir araya gələrək bu problemləri “necə həll edə bilərik” düşüncəsidir professorun məqsədi.

Bir yol tapmaq, insanların barış və sevgi ilə, bir-birini başa düşərək yaşamasına az da olsa yardım edə bilmək, yol göstərə bilmək istəyidir, əsas düşüncəsi…

Professor deyir ki, bu modeli müsəlman ölkələrinə yayaraq bu ölkələr arasında kommunikasiya yaratmaq və inkişaf etdirmək, fərqli düşünənləri bir araya gətirərək, onların elmi şəkildə ortaya qoyduğu fikirləri gələcək nəsilə çatdırmaq simpozimun əsas hədəflərindəndir.

Qeyd edək ki, simpoziumun hədəf auditoriyası Bakıdakı bütün rəsmi və qeyri-dövlət qurum, təşkilatları, Azərbaycan İlahiyyat İnstitutu və xüsusilə Azərbaycan cəmiyyəti olub. Simpoziumda Şahin Əhmədoğlu maraqlı fikirlər söyləyib. O, deyir ki, heç bir insan dünyaya pis xarakterli və ya pis fərd olaraq gəlmir. Təbiət etibarilə günahsız olaraq dünyaya gələn insanın hansı mühitdə böyüdüyü, aldığı təhsil, ailə tərbiyəsi, onun gələcəkdə necə insan olacağını müəyyənləşdirir. Yəni insanın taleyinin müəyyənləşməsində doğulduğu coğrafiya və mühit mühüm təsir göstərir.

“Tanrı yer üzündəki “xəlifəsi” kimi insana yer üzünü inşa etməyi tapşırıb. Bu səbəbdən də dünyada tarazlığı və nizamı qorumaq üçün insan üzərinə düşən vəzifəni ədalətlə yerinə yetirməlidir. Yer üzündə ədaləti, sülhü, bərabərliyi və insanpərvər həyatı təmin etmək insanın əsas vəzifələrindən biridir.

İslam dininin əsas məqsədi, “insanı yenidən inşa etmək” haqqa, hüquqa, qanuna hörmət edən, ədalətli, gözəl rəftar edən, gözəl əxlaqa malik, inanc, fikir və həyat azadlığına hörmət edən, mərhəmətli və bağışlayan bir insan yetişdirməkdir. Dilindən, irqindən, rəngindən, dinindən, məzhəbindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, yuxarıdakı keyfiyyətlərə malik olan bütün insanlar Tanrı qatında ən yüksək dəyərə malikdirlər” - deyə professor əlavə edib.

Şahin Əhmədoğlu ilə digər mövzularda maraqlı müzakirələrimiz oldu. Yaxın zamanlarda professorun fərqli düşüncələrini sizinlə paylaşacağıq…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »