Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə siyasətçisindən obrazlı etiraflar
Türkiyə siyasətçisindən obrazlı etiraflar

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımla hardasa 12 il əvvəl görüşmüşəm. Onda dənizçilik, nəqliyyat və rabitə naziri idi. Elə o zaman da Türkiyə hökumətinin, AKP iqtidarının ağırçəkili siyasi oyunçularından biri idi. Sonra baş nazir də, parlament sədri də oldu.

İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına seçkiləri iki dəfə dalbadal uduzsa da, yenə siyasətdə aktiv mövqeyində qaldı. Hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavinidir. Prezident Rəcəb Tayyip Ərdoğanın ən yaxın siyasi silahdaşı sayılır. Prezident Ərdoğana, hakim kursa sədaqətinə görə müxalifətin və medianın tənqidlərini üzərinə çəkən bir siyasi fiqurdur. Onu bir baxımdan, Rusiyada - Boris Yeltsin hökumətində baş naziri olmuş Viktor Çernomırdinə də bənzətmək olar. Təkcə siyasətçidən çox təsərrüfatçı olduğuna görə yox. Binəli Yıldırım da Viktor Çernomırdin kimi "rəngli" danışmağı sevir.

12 il əvvəl bizimlə söhbətində də bol-bol "qanadlı frazalar" sərf etmişdi. Ancaq sonuncu "qızıl kəlmə" daha maraqlı idi: "Biz insanların göz rənginə deyil, göz yaşlarına baxırıq".

Söhbət bu günkü Ukraynadan, həm də (ən başlıcası) dünənki Azərbaycandan gedirdi. Kimsə Prezident Ərdoğanı, Binəli Yıldırımı sevər, sevməz, bu, ayrı məsələdir. Ancaq onların hökumətinin Azərbaycana diqqətini və dəstəyini heç kim inkar edə bilməz.

Bəli, Azərbaycan 30 il idi ki, göz yaşı tökürdü; torpaqları işğaldaydı. Qarabağda qarətdən və qətliamlardan mənən sarsılmışdıq. Biz türk millətinin böyük dövlətinə - Türkiyəyə həmişə güvənmişik. 1992-1993-cü ildə hakimiyyətdə olmuş prezident Əbülfəz Elçibəyə Türkiyədə dərin sevgini və yüksək sayğını özüm görmüşəm. Mən o zaman "Azadlıq" qəzetinin redaktor müaviniydim; prezident Elçibəyin Türkiyəyə səfərində xüsusi müxbir kimi heyətdəydim. Elçibəy ora Türkdilli Dövlətlərin birinci zirvə görüşünə getmişdi. Sonrasında onun Türkiyəyə dövlət səfəri də başladı. Ankarada, İstanbulda, İzmirdə, Bursada Azərbaycan dövlətinin başçısını necə böyük diqqətin və coşqunun qarşıladğının şahidi oldum. Ancaq Azərbaycan prezidentinin Türkiyəli məsləkdaşı Turqut Özalla birlikdə Orta Anadolunun ən böyük iqtisadi mərkəzlərindən biri olan Kayseriyə gedişi bir başqaydı; insanlar küçələrə axışıb öz sevgilərini bildirirdilər. İnanılmaz bir maraq və rəğbətlə qarşılanırdı Elçibəy. Onun oturduğu avtomobilin qarşısında qurbanlar kəsildi, adı dillərdə şüar olub səsləndi...

Ancaq bütün bunlara baxmayaraq, Əbülfəz Elçibəy 1993-cü ilin aprelində Türkiyədən kömək istəyəndə, o kömək gəlmədi; Süleyman Dəmirəl hökuməti işğal olunan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün Azərbaycana helikopterlər göndərmədi. Nəticədə çoxlu Kəlbəcərli əsir, girov, itkin düşdü, xeyli insan orda öldürüldü və həlak oldu.

Binəli Yıldırım o hadisəni yada salır və deyir: "Vaxtilə Əbülfəz Elçibəy dörd helikopter istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. bu mesajı bütün dünyaya göndərə bildi”.

Doğrudan da, Türkiyə o dörd helikopteri Azərbaycana verə bilmədi; türk xalqının Elçibəyə onca sevgisinə və sayğısına rəğmən. Çünki verə bilməzdi; Türkiyə indiki Türkiyə deyildi. Qərbdən çox asılı idi. Üstəlik də, Süleyman Dəmirəl Rusiya ilə çox ehtiyatlı davranırdı. Hətta Azərbaycanın Moskvadakı ilk səfirinə: "Aman, diqqətli olun, Rusiyadan qopmayın, dərhal MDB-yə qoşulun" demişdi.

Bu və bir çox başqa səbəblərdən Türkiyə o çətin anda bizə helikopter "verə bilmədi". Ancaq bu gün başımızın üzərində Türk Şahinləri dövrə vurur. Və: "Biz burdayıq, Azərbaycan yalnız deyil" mesajını verir. "Texnofest" ən bariz nümunədir.

Türkiyə də 90-cı illərin Türkiyəsi deyil. Heç Azərbaycan da o Azərbaycan deyil. Hər iki dövlət öz müstəqil inkişaf yolunu tutub, möhkəmlənib. Öz ayaqlarının üzərində dayanıb. Hər iki ölkənin prezidentləri o məşum 90-cı illəri çox geridə buraxaraq, Azərbaycanı və Türkiyəni regionun mühüm siyasi aktorlarına çeviriblər. Bu, faktdır.

Türkiyə öz bölgəsini də aşaraq dünya gücünə çevrilmək yolunda irəliləyib. Azərbaycan Qarabağda qələbələr qazanaraq qalib ölkə kimi başqa xalqlara da ümid, ruh verib. Azərbaycan və Türkiyə indi daha fərqli birgəlik dövrü yaşayır; bunu münasibətlərin "qızıl dövrü" adlandırmaq olar. Bəlkə də təkrar olacaq: dünyada başqa iki belə dövlət yoxdur ki, bir-birinə bu qədər səmimi və təbii müttəfiq ola bilsin. Ankara və Bakı türk dünyasının qoşa qanadıdır. Əmin olun ki, bu, pafos deyil. Azərbaycanın tarixi qələbələri, Türkiyənin dünyada artan çəkisi Türküstan (Mərkəzi Asiya) bölgəsində də müstəql siyasi iradə və bir hərəkətlənmə yaradıb. Bunu da danmaq olmaz. Əlbəttə, hələ gediləsi çox uzun bir yol var. Çox çətinliklər də var. Ancaq Azərbaycan və Türkiyə birgə və böyük oynadılar; öz sərhədlərinə qapanıb qalmaq istəmirlər. Dünyanın geopolitik və geostrateji xəritələrinə yeni yorumlar gətirdilər; Çinlə Avropanı, Uzaq Şərqlə Uzaq Qərbi birləşdirən qovşaq, körpü oldular. Qafqazda öz mövqelərini gücləndiriblər, bunu irəli daşımaqda israrlıdırlar. "Zəngəzur dəhlizi" bunun çox mühüm elementlərondən biridir; bu dəhliz nəinki Azərbaycanla Türkiyəni daha da yaxınlaşdırmış olacaq, əslində iki ölkə bundan da daha üstün bir mərhələyə keçəcək. İki ölkə fiziki olaraq daha da birləşəcək. Bunu siyasi anlamda deyil, iqtisadi, təhlükəsizlik və sair anlamlarda nəzərdə tuturuq.

Dünən Azərbaycana 4 helikopter verə bilməyən Türkiyə bu Azərbaycanın bütövlükdə təhlükəsizliyinə dəstək verir. Dünən Şuşanın işğalını uzaqdan izləmiş Türkiyə bu gün Şuşada Azərbaycanla müttəfiqlik bəyannaməsi imzalayır. Dünən Azərbaycanın məğlubiyyətini, sadəcə, üzüntü içində seyr edən Türkiyə bu gün Bakıda qələbə paradını qardaşı ilə birlikdə salamlayır...

Dünən 4 helikopter verə bilmədi, bu gün nəyi varsa, verdi; 44 günlük müharibədə, ondan əvvəl, ondan sonra bütün gücü ilə yanımızda durdu. Bax, biz sevdiyimiz, arzuladığımız, yolunu gözlədiyimiz Türkiyə budur. Əsl Türkiyə budur.

Binəli Yıldırımın təsbitinə qayıtsaq, baxın, hardan hara gəlmişik!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »