Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Real səviyyəsi "gizlədilən" işsizliyin artdığını göstərən daha bir amil: Maaş kartlarının sayı azalıb
Real səviyyəsi "gizlədilən" işsizliyin artdığını göstərən daha bir amil: Maaş kartlarının sayı azalıb

Hökumət ciddi cəhdlə işsizliyin real səviyyəsini gizlətməyə çalışır. Adətən, ölkə əhalisinin əmək qabiliyyəti olan kəsiminin 5 faizindən bir az artığının işsiz olduğu bildirilir. Qətiyyən inandırıcı deyil. Ayrı-ayrı kateqoriyalar üzrə müşahidələr, araşdırmalar ölkədə daha çox işsizin olmasını göstərir. Hökumət heç bir halda gerçək vəziyyəti göstərmək istəmir.

Bizimyol.info xəbər verir ki, təkcə mart ayı ərzində əməkhaqqı kartlarının sayı 164 min ədəd və ya 5,7 faiz azalıb. Açıq-aşkar işsizlərin sayı artıb. Bunun başqa izahı ola bilməz. Maaş kartları niyə ləğv olunsun ki?! Ya qara mühasibat dövriyyəyə girib, ya da işçilərin bir hissəsi günəmuzd əmək sisteminə keçirilib. İstənilən halda söhbət iş yerlərinin bağlanmasından gedir. Nə qədər insan rəsmi iş yerini itirib.

Debet kartlarının sayının artması fəxrlə paylaşılır. Burada müsbət tendensiya axtarmağa dəyməz. Onsuz da bankların əksəri debet kartlarını pulsuz paylayır. Yetər ki, ilkin mərhələ üçün kart hesabına müəyyən depozit qoyulsun. Sonradan ilk imkandaca pulu kartdan çıxarmaq olar. Yəni debet kartların sayının artması bankların marağında olan məsələdir. Müxtəlif aksiyalar keçirilir, müştəri cəlb etməyə çalışırlar. İş orasındadır ki, paylanılan debet kartlarının nəzərəçarpan hissəsi heç aktiv də deyil. Müştərilər kartları götürüb, amma hər hansı əməliyyat həyata keçirmirlər.

Hökumət işsizlik faizini necə azaldır? Əhalinin əmək qabiliyyəti olan kəsiminin üçdə biri muzdla, yəni maaşla çalışır. Günəmuzd işləyənlərin sayı çoxdur. Lakin hökumət günəmuzd çalışanları da ümumi siyahıya salır. Halbuki həmin şəxslərin daimi qazancı yoxdur.

İkinci diqqət yetirilməli kəsim pay torpağı olanlardır. Hökumət onları da işsiz saymır. Çox absurd yanaşmadır. Üstəlik, 600 mindən çox evdar qadını da işsizlərin cərgəsində görmürlər. Bu halda işsizlik səviyyəsini aşağı göstərməyə nə var?!

Əməkhaqqı kartlarının sayının belə kəskin azalması vəziyyətin çox pisləşdiyinə işarə vurur. Problemləri ört-basdır etməklə iş düzəlmir. Ortaya konret tədbirlər planı qoymaq lazımdır. İşsizlik baş alıb gedir. İnsanlar çox çarəsiz vəziyyətdədir. Hökumət problemi həll etmək əvəzinə taksi islahatı kimi addımları atmaqla işsizlərin sayını daha da artırır. Əhaliyə qarşı heç bir halda amansız davranmaq olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »